Məhkəmə qərarları › İş №2-1(112)-11703/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11703/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11703/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “işğaldan əvvəl yaşadığı mənzilə köçürülmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (bacısı) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “işğaldan əvvəl yaşadığı mənzilə köçürülmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə 9 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vİ-ЖГ 451329 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X6 5 iyul 1959-cu il tarixdə Laçın rayon, Ziyrik kəndində doğulmuşdur. İ-КБ 547318 №-li Adın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən 5 iyul 1959cu il təvəllüdlü, azərbaycanlı, Azərbaycan SSR, Laçın rayonu, Ziyrik kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı X1 dəyişdirərək İddiaçı etmişdir. Rusiya Federasiyanın 76 ******* №-li Pasportuna əsasən Laçın X8 Federasiyasının vətəndaşıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ ******* №-li Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsinə əsasən X7 xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İddiaçı işğaldan əvvəl yaşadığı mənzilə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra – cavabdeh) müraciət edilmişdir. Cavabdeh 5.07.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...Ölkə rəhbərliyinin tapşırığına əsasən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikilicək və yaxud da bərpa ediləcək evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. Laçın şəhərinə məcburi köçkün statusuna malik olan və daimi qeydiyyatı şəhər ərazisində olan ailələr köçürülür. Bildiririk ki, siz Azərbaycan Respublikasının vətəndaşlığını və məcburi köçkün statusunu əldə etdikdən sonra sizin müraciətinizə mövcud qaydalara əsasən baxılacaqdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işğaldan əvvəl yaşadığı mənzilə köçürülməyinin təmin edilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, laçın şəhərində böyüyüb boya-başa çatmış, orta təhsil almış, ailə qurmuşdur. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin may ayında Laçını işğal etdikdən sonra ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüşdür. Bir müddət keçdikdən sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Hazırda bu ölkənin vətəndaşıdır. O ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli ümumi yaşayış binasında 3 otaqlı mənzildə yaşamışdır. Yaşadığı mənzil ailəsinə Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən növbəlilik əsasında verilmişdir. Mənzilin order üzrə sahibi həyat yoldaşı X3 idi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinin təmin olunmasından cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia verərək iddia müddətinə riayət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı 5 iyul 1959-cu il tarixdə Laçın rayon, Ziyrik kəndində doğulmuş, Laçın şəhəri 1992-ci ildə işğal olunduqdn sonra iddiaçı Rusiya Federasiyasına getmiş və hazırda həmin ölkənin vətəndaşıdır. İddiaçı Azərbaycan Respublkasının vətəndaşı deyil və məcuri köçkün statusu yoxdur. İddiaçı işğaldan əvvəl yaşadığı mənzilə köçürülməsinin təmin edilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh isə, iddiaçının Azərbaycan Respublkasının vətəndaşı olmamasına və məcburi köçkün statusunu olmamasına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ı: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. X4 əsasən: 6.2.3. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması İşğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir. İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcək tədbirlərə daxildir. Eyni zamanda, əhalinin geri qayıdışı ilə bağlı müvafiq məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili və məlumatların əlçatanlılığının təmin olunması da prioritet işlərdəndir. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, sadalanan hüquqi aktların tələblərinə əsasən iddiaçının tələbinin təmin olunması üçün: 1) İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 2) iddiaçının işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqəsi olmalıdır; 3) iddiaçının məcburi statusu köçkün olmalıdır. Baxılan işdə isə, nə iddiaçının Laçın şəhərində mənzilinin olması, nədəki məcburi köçkün statusunun olması müəyyən edilmir. MPM-nin 81-ci maddəsinin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilə sahib olması bu barədə hüquqmüəyyənedici sənədlərlə (order, sərəncam, çıxarış, qeydiyyat vəsiqəsi və s.) təsdiq edilə bilər. İddia ərizəsinə əlavə edilmiş fiziki şəxslərin yazılı aktı iddiaçının mənzilin olmasının sübut edilməsi üçün kifayət deyildir. İddiaçının məcburi köçkün olmaması isə işin mübahisələndirilməyən halıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar