Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11704/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın iddiaçıya aid hissədə etibarsız hesab edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Yaşayış və başqa məqsədləri üçün binalarının tikilməsi məqsədi ilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi”haqqında xx.xx.2020-ci il tarixli sərəncamın iddiaçıya məxsus özəl torpaq sahəsinə aid hissəsinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş sonuncu dəqiqləşməyə əsasən iddia tələbi “Yaşayış və başqa məqsədləri üçün binaların tikilməsi məqsədi ilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında xx.xx.2021-ci il tarixli sərəncamın iddiaçıya məxsus özəl torpaq sahəsinə aid hissəsinin etibarsız hesab edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti yaşayış binalarının tikilməsi məqsədi ilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında xx.xx.2021-ci il tarixli sərəncamla iddiaçıya məxsus olan, sərəncamın əhatə etdiyi ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən özəl torpaq sahəsini də heç bir əsas olmadan "xxxx" MMC-yə uzunmüddətli icarəsinə vermişdir. Torpaq üzərində mülkiyyət hüququnu pozma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə səbəb olur. Ümumilikdə özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər etibarsız sayılır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hesab edir ki, hazırkı iddia sadalanan normaların tələblərinə uyğundur və mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən № **********42-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə № ********** qeydiyyata nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı ŞİH Başçısının “Müasir məktəb binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 194 №li sərəncamının surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 07 nömrəli müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/117 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03642 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alınmışdı:
1. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.07 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Vialon" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni müasir məktəb binasının tikintisi üçün "xxxx" MMCnin icarə əsasında istifadəsinə verilsin. ... Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. -65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə inzibati aktın etibarsız sayılması üçün konkret əsaslar göstərilmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan yaşayış sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüquqlarının həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. Mübahisəyə dair iş materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində onub mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1,07 ha torpaq sahəsi həmin ərazidə müasir məktəb binasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Qeyd olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin məhz ayrılan 1,07 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, üçüncü şəxsin nümayəndəsinin verdiyi izahat ilə müəyyən olunmuşdur ki, hazırki mərhələdə bununla bağlı hər hansı əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, mübahisə predmeti olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, həmin torpaq sahəsində yerləşən iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi və yerində müasir məktəb binasının tikilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir. Bu səbəbdən həmin inzibati akt hazırki vəziyyətdə mübahisələndirilən hissədə, yəni iddiaçıya münasibətdə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki,“İddianın mahiyyətinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçıların mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sərəncama bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Nərimanov rayon İcra Hakimiyyəti, mübahisə predmeti olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, həmin torpaq sahəsində yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir. Bu səbəbdən həmin inzibati akt hazırki vəziyyətdə mübahisələndirilən hissədə, yəni iddiaçılara münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1414/2023 saylı, xx.xx.2023cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Mübahisəyə baxan məhkəmələr tərəfindən iddia rədd edilərkən, nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Müasir məktəb binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 194 №li sərəncamı İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Məlikov