Məhkəmə qərarları › İş №2-1(112)-11706/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11706/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11706/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02 iyun 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ilə kimi Azərbaycan Respublikasının Bakı şəhərində yuxarıda göstərdiyi ünvanda ata evində yaşamış və qeydyyatda olmuş, evin yaxınlığında yerləşən 21 nömrəli məktəbdə təhsil almış, 1978-ci ilin noyabr ayında Sovet Ordusunda xidmətə həmin ünvandan getmiş və 1930-ci ilin dekabrında həmin ünvana da qayıtmışdır. Hərbi qeydiyyatda da yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayonununda olmuşdur. 1984-cü ilədək Bakıda yaşamış və işləmişdir. 1984-cü ildə işləmək üçün ailəsiylə birlikdə o vaxt vahid ölkə, dövlət olan SSRİ-nin Tümen vilayətinin Nijni Vartovsk şəhərinə gedib orada yaşamış və işləmişdir. Ora gedənə kimi Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşına məxsus ("qırmızı”) pasportu olmuş və iddiaçı da, hamı kimi, o vaxtki SSRİ və Azərbaycan SSR Konstitusiyasına görə SSRİ, həm də Azərbaycan SSR vətəndaşı olmuşdur. Hər iki valideyni, mərhum atası X6 və anası X2 Azərbaycan Respublikasının vətəndaşı olublar. 2007-ci ildə Azərbaycana qayıtmış və hal-hazırda da RF-yə gedənədək yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal (keçmiş Oktyabr) rayonu, X11 (keçmiş 10-cu Xrebtovıy) küçəsi ev 9 ünvanındakı ata evində yaşayır, amma qeydiyyatsız, çünki hazırda onun Azərbaycan Respublikası vətəndaşlığı yoxdur və bu səbəbdən iddiaçı nə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, nə pasportunu ala bilir, nə də göstərdiklərini ala bilmədiyinə görə doğulduğu, yaşadığı, Rusiya Federasiyasına gedənədək qeydiyyatda olduğu evə qeydiyyata düşə bilmir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Ona görə də xx.xx.2025-ci il tarixdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Bakı 3 saylı ASAN xidmət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra DMX-ya) müraciət etmişdir. DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Pza Talıbovun “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı” ilə şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması əsası ilə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 №li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinin tələbləri rəhbər tutularaq xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, yəni onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Həmin qərarı xx.xx.2025-ci il tarixdə müraciət etdiyi Bakı 3 saylı ASAN xidmət Mərkəzindən almışdır. Qərarla tanış olduqdan sonra hesab edir ki, bu qərar tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan tələm-tələsik, başdan sovdu və bir çox qanun pozuntuları olmaqla çıxarılmış qanunsuz, səhv və ədalətsiz bir qərardır. Hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı” əsassız və qanunsuz olduğundan ləğv edilməli və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin yerinə yetirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilməlidir. Haqqında qeyd edilən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin, 53-cü maddəsinin 1-ci bəndinin, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015ci il tarixli, 84 №li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasımın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı Azərbaycan Respublikasında doğulmuş, valideynlərinin hər ikisi Azərbaycan Respublikası vətəndaşıdır, Azərbaycan SSR vətəndaşı olmuş və onu Azərbaycan vətəndaşlığından heç kim məhrum etməyibdir.

3. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və həmin ölkəyə məxsus pasportla 2007-ci ildə ölkə ərazisinə giriş etmişdir (bu barədə şəxsin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsəhəmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarına əsasən, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.

5. İ-İE 993115 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X9 milliyyəti azərbaycanlı, anası X3 milliyyəti azərbaycanlıdır.

6. Rusiya Federasiyasının Xİİİ-JQ 735029 nömrəli pasportuna əsasən, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən, bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

13. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək onun qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini, yəni özünün xeyrinə əlverişli inzibati aktın qəbul olunmasını xahiş etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. Belə ki, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.

14. Odur ki, hazırkı iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir. İddia mümkündür.

Məhkəmənin mövqeyi

15. İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6 və anası X3 qızının milliyyəti Azərbaycanlıdır. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyi üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

16. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

17. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsinin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.

18. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur).

19. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin birinci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, X14 Məhkəməsinin presedent hüququna əsasən, vətəndaşlıq məsələləri qeyri-mülki hüquq və vəzifələrə aid edildiyindən 6-cı maddənin təminatları hazırki mübahisədə keçərli deyil.

20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

22. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

23. Beləliklə, məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.1960-cı tarixdə Bakı şəhərində anadan olmasına, ata və anasının milliyyəti Azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşları olmalarına baxmayaraq, o, Rusiya Federasiyasının vətəndaşıdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.4.10-cu bəndinə münasibətdə məhkəmə bildirir ki, (Həmin bəndə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir), həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir.

25. Odur ki, vətəndaşlıq mənsubiyyəti müəyyən edilən şəxs öz seçimi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etdikdə həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədi təqdim etməlidir, yəni norma yetkinlik yaşına çatmış şəxsə öz mənsubiyyətini öz iradəsinə əsasən müəyyənləşdirilməsinə hüquq verir. Bu isə mahiyyət etibarilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin (digər dövlətin vətəndaşlığının könüllü əldə edilməsi) icrasını təmin etməyə yönəlib.

26. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar