Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11708/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 25/4 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki quruluşuna uyğun olaraq ümumi sahəsi 134,32 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 25/4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsasında iddiaçının adına çıxarış verilmişdir. Apellyasiya məhkəməsinin qərarından fərdi yaşayış evinin ölçüləri faktiki quruluşuna uyğun qeyd olunmamışdır. Belə ki, məhkəmə qərarında və çıxarışda evin 59.4 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumi sahəsinin 93,8 kv.m olduğu göstərilmişdir. Faktiki olaraq isə məhkəmə qərarı qəbul olunan vaxt fərdi yaşayış evinin ümumi sahəsi 134,32 kv.m ibarət olunmuşdur. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin bütün tikililərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı imtina məktubunu əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh hesab edir ki, fərdi yaşayış evinin faktiki vəziyyətinə və həmin əlavə tikililərinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə qərarında qeyd olunan ölçülər fərqlidir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[24] 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evinin ümumi sahəsinin 134.32 kv.m olmasının nəzərə alınmaqla onun mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. İddianın əsası qismində ona istinad edir ki, həmin fərdi yaşayış evinə dair məhkəmə qərarları olmuş və həmin qərarlar əsasında çıxarış da verilmişdir. Lakin məhkəmə qərarlarında fərdi yaşayış evinin ümumi sahəsi 134,32 kv.m əvəzinə 93,8 kv.m kimi göstərilmişdir. Qeyd olunur ki, iddiaçının cavabdehə qarşı iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsnin qərarı ilə fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, iddia təmin edilmişdir. Məhkəmə qərarından da göründüyü kimi məhkəmə hesab etmişdir ki, 55 saylı MKİS-nin texniki H.Hüseynov tərəfindən tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş evin sxemindən müəyyən ediir ki, fərdi yaşayış evi 59,8 kv.m yaşayış, 34,8 kv.m isə köməkçi sahədən ibarət olmuşdur. Məhkəmə də qeyd olunan halı nəzərə alaraq həmin ölçüdə olan fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almışdır. Lakin iddiaçı iddia ərizəsində qeyd edir ki, fərdi yaşayış evinə dair məhkəmə qərarı qəbul edilən zaman da fərdi yaşayış evinin ölçüsü 134,32 kv.m olmuşdur. İddiaçı eyni zamanda bununla əlaqədar 03.08.2021-ci il tarixli 55 saylı MKİS-nin rəisi tərəfindən təsdiq edilmiş planı da məhkəməyə təqdim etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsi barədə məhkəmə qərarının icrası ilə əlaqədar cavabdehin mütəxəssislərinin iştirakı ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı 25.09.2019-cu il tarixdə tərtib edilmişdir ki, həmin aktdan da göründüyü kimi fərdi yaşayış sahəsinin çıxarış verildiyi zaman real ölçüləri müəyyən edilmişdir. Aktdan da müəyyən edilir ki, fərdi yaşayış sahəsinin ümumi ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 94,6 kv.m, yaşayış sahəsi 59,8 kv.m, köməkçi sahəsi 34,8 kv.m olmuşdur. Faktiki olaraq isə ümumi sahə 93,8 kv.m, yaşayış sahə 57,2 kv.m, köməkçi sahə 36,6 kv.m olmuşdur. Həmin aktdda edilmiş qeyddən də görünür ki, fərdi yaşayış evi yoldan 3,9 m, dəmiryol xəttindən isə 10,3 kv.m məsafədə yerləşmiş, yaşayış sahəsinə dair eskiz təqdim edilmədiyindən sahələr məhkəmə qətnaməsində göstərilən sahələrə uyğunlaşdırılmış, faktiki vəziyyətə əsasən baş plan tərtib edilmişdir. Göründüyü kimi məhkəmə qərarı əsasında iddiaçıya fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən fərdi yaşayış sahəsinə dair real ölçülər nəzərə alınmış, məhkəmə qərarında qeyd edilən ölçülərə uyğunlaşdırılmaqla fərdi yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmışdır. Qeyd olunan hal isə, iddiaçının fərdi yaşayış evinin məhkəmə qərarı qəbul edilərkən real ölçülərinin daha artıq olması dəlilini təkzib etməklə hazırkı iddianın təmin edilməsini istisna edir. İş materiallarına əlavə edilmiş 10.12.2021-ci il tarixli müayinə aktından isə müəyyən edilir ki, əlavə olaraq 2 y/otağı, köməkçi sahə və dükan inşa edilib. Eyni zamanda 73,4 kv.m torpaq sahəsi artırılmışdır. Göründüyü kimi iş materiallarında olan mövcud sənədlərlə də müəyyən edilir ki, iddiaçı fərdi yaşayış evinə dair çıxarış aldıqdan sonra əlavə tikililər etmiş və həmin tikililər üçün əvvəlki məhkəmə qərarına istinad edərək çıxarışın verilməsini iddia etmişdir ki, məhkəmə hesab edir ki, reyestrdən çıxarışda qeyd olunan ölçüdən əlavə olan əlavə tikililərlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas üçün yuxarıda adıçəkilən maddədə nəzərdə tutulan sənədlərin təqdim edilməsi zəruridir. Lakin iddiaçı əlavə tikililərə, eləcə də onun yerləşdiyi torpaq sahəsinə dair, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən heç birini təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin imtinasının digər dəlilinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Belə ki, iddia imtinanın ilkin faktiki şərtinə münasibətdə rədd edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, ikinci imtina əsası əvvəlki məhkəmə icraatının predmeti olmuş və iddianın təmin edilməsinə mane olan hal kimi qiymətləndirilməmişdir. Qərardan da görünür ki, fərdi yaşayış evinin yaxınlığından vaxtı ilə dəmir yolu xətti keçsə də hazırda həmin rels sökülmüş və həmin sahə yaşayış massivinə çevrilmişdir. Qeyd olunan imtina şərtinin əsassızlığı sübut olunsa da, məhkəmə fərdi yaşayış evinə dair əlavə tikililər və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı imtinasını əsaslı hesab edər və qeyd edir ki, iddia qeyd olunan əsas nəzərə alınmaqla rədd edilməlidir. Beləliklə hazırkıiddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11708/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11708/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver