Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1171/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, oğlu X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və həmin Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********02 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş”inin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, **********57 nömrəli və xx.xx.2022-ci il tarixli **********32 nömrəli cavab məktublarının qanunsuz sayılması, təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında 1988-ci ildən indiyədək fasiləsiz və mübahisəsiz istifadəsində və sahibliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ massivində “İnşaatçı” bağçılıq yoldaşlığına ayrılmış ərazidə yerləşən 41 nömrəli 500 kv.metr bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 01/00 saylı, 05 yanvar 2000-ci il tarixli protokolundan çıxarışa əsasən istifadəsinə ayrılmış “İnşaatçı” BTK-nın Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ massivində yerləşən 41 saylı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cavabdehlər siyahısından çıxarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək kitabçası ilə təsdiq edilir ki, o, hazırda üzvü olduğu “İnşaatçı” Bağçılıq yoldaşlığın yaradıldığı Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin strukturuna daxil olan idarələrdə uzun müddət və müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “İnşaatçı” Bağçılıq yoldaşlığının yaradılması üçün Bakı Şəhəri XDS İK-nin xx.xx.1985-ci il tarixli 19/401 nömrəli və xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarları ilə Bakı şəhəri Qaradağ rayonunun Şıxlar massivində torpaq sahəsi ayrılmışdır. Qaradağ Rayon XDS İK-nin sədr müavini V.Məlikov və “İnşaatçı” Bağçılıq yoldaşlığın idarə heyətinin sədri C.Bayramova tərəfindən imzalanıb hər ikisinin möhürləri ilə təsdiq edilmiş 1991-ci il tarixli orderdə torpaq ayrılması müəyyən edilir. 41 nömrəli torpaq sahəsində yerləşən 56,1 kv.m.-dən ibarət bir mərtəbəli, bir otaqdan ibarət daş ev, mətbəx, sanitar qovşağı, veranda bütünlüklə şəxsi vəsaiti hesabına əldə edilərək, tikilmişdir və onun mülkiyyəti sayılır. “İnşaatçı” Bağçılıq yoldaşlığın sədri F.Umudov tərəfindən imzalanıb möhürlə təsdiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı“ Bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının xx.xx.2000-ci il tarixli 01/00 nömrəli protokolundan çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən “İnşaatçı” Bağçılıq yoldaşlığına üzvlüyünün bərpa edilməsi qərara alınmışdır. Onunla qonşuluqda 35, 40 və 42 nömrəli torpaq sahələri qeydə alınmışdır. Həmin sxemdən görünür ki, “İnşaatçı” Bağçılıq yoldaşlığına Qaradağ rayonunun Şıxlar massivində ayrılmış torpaq sahəsi Xəzər dənizi sahilinə paralel vəziyyətdə yerləşir. Siyahıda iddiaçının adı və soyadı 41-ci sıra nömrəsinin qarşısında yazılmış, onun qarşısında “sahənin vəziyyəti” qrafasının qarşısında isə “tikili var” sözləri yazılmışdır. Bununla da daimi istifadəsində olan 41 nömrəli bağ sahəsində yuxarıda qeyd edilən orderdə göstərilən tikilinin mövcudluğu təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “İnşaatçı” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsi “İnşaatçı” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəblərdən ərizələrin icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********02 saylı, xx.xx.2022-ci il tarixli, **********57 saylı, xx.xx.2022-ci il tarixli və **********32 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair ləğv edilmiş X12 Komitəsi tərəfindən verilmiş plan və ölçü ilə faktiki koordinatlar arasında fərq mövcuddur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, həmin ərazi 1980-cı illərdən bağ sahəsi kimi istifadə edilmişdir. Qonşularına məxsus bağ sahələrinə dair çıxarışlar verilmişdir. Ona məxsus bağ sahəsi çıxarış verilən sahələrin ortasında yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, qonşuluqda yerləşən bağ sahələrinə çıxarışların verilməsinə baxmayaraq, iddiaçının müraciətindən imtina edilməsi cavabdeh tərəfindən bərabərlik prinsipinin pozulmasıdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “İnşaatçı” bağçılıq yoldaşlığı yaradılması üçün Bakı şəhər X9 İcraiyyə Komitəsinin 19/401 №-li, 15 noyabr 1985-ci il tarixli və 10/369 №-li, 22 sentyabr 1989-cu il tarixli qərarları ilə Qaradağ rayonunun Şıxlar massivində ayrılmış ərazidə olan bağ sahələrinin və bağçılıq yoldaşlığı üzvlərinin siyahısının 41-ci bəndində iddiaçının adı qeyd edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış **********02 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilən məzmunda iddiaçının tələbindən imtina edilmişdir. Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 01/00 saylı, 05 yanvar 2000-ci il tarixli protokolundan çıxarışdan görünür ki, bağçılığın idarə heyəti üzvlərinin yekdil razılığına əsasən iddiaçının xahişi nəzərə alınaraq onun 05 yanvar 2000-ci il tarixindən bağçılığa üzv qəbul edilməsi qərara alınmışdır. İddiaçının adına verilmiş orderdən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 19/401 saylı qərarına əsasən Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən 41 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçıya “İnşaatçı” bağçılıq yoldaşlığının 05 yanvar 2000-ci il tarixli üzvlük kitabçası verilmişdir. Həmin kitabçada qeyd edilmişdir ki, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən bağçılıq cəmiyyəti bağından sahəsi 500 m2 olan 41 nömrəli bağ sahəsi xx.xx.2000-ci il tarixdə qeydə alınmış qərara əsasən iddiaçıya daimi istifadə etmək üçün verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 19/401 saylı qərarı və “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.2000-ci il tarixli, 01/00 saylı protokolu ilə iddiaçıya ayrılmış 500 m2 sahəsi olan Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 41 saylı bağ sahəsinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında xx.xx.2011-ci il tarixdə, 27607 nömrə ilə uçota alınmışdır. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən 471.22 m2 olsa da, faktiki olaraq hasar daxili 500,0 m2 təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən koordinatlarla (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı arasında az fərq var. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qobustan Əməliyyat” şirkətinin əraziləridir. Dəqiqləşməsi məqsədilə sorğu verilməsi məqsədəuyğundur. Torpaq sahəsinin üzərində yerləşən tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6746 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən 471,22 m2 olsa da, faktiki olaraq hasar daxili 500 m2 təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən koordinatlarla (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı arasında az fərq vardır. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qobustan Əməliyyat” şirkətinin əraziləridir. Torpaq sahəsinin üzərində yerləşən tikilinin qeydiyyatı barədə Mərkəzə təqdim olunmuş elektron bazada (kadastportali.az) hər hansı məlumat müəyyən edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin “İnşaatçı” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının ayrıc aktından kənarda yerləşdiyi müəyyən edilmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azneft” İstehsalat Birliyi SOCAR-ın strukturuna daxil olan təşkilat olduğu üçün SOCAR-ın istifadəsində olan torpaq sahələrinə dair hər hansı rəy və sənəd vermək səlahiyyətləri xaricindədir. Məhkəmə sorğusu əsasında iddiaçının istifadəsində olan torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər cavabdehdən tələb edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə qeyd olunan sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərə əsasən aşağıdakılar müəyyən edilmişdir. Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 07/99 saylı, 29 dekabr 1999-cu il tarixli protokolundan çıxarışdan görünür ki, X2 bağçılığa üzv qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qaradağ rayon XDS İK-nin xx.xx.1985-ci il tarixli, 19/401 saylı qərarı və “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli, 07/99 saylı protokolu ilə X6 ayrılmış 500 m2 sahəsi olan Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 29 saylı bağ sahəsinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında xx.xx.2011-ci il tarixdə 26333 nömrə ilə uçota alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “İnşaatçı” b/y-nın 29 saylı bağ sahəsi X2 mülkiyyətindədir. Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 09 saylı, 29 dekabr 1999-cu il tarixli protokolundan çıxarışdan görünür ki, X1 bağçılığa üzv qəbul edilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “İnşaatçı” b/y-nın 35 saylı bağ sahəsi X1 mülkiyyətindədir. X10 adına verilmiş orderdən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 19/401 saylı qərarına əsasən Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən 52 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 07 saylı, 16 may 1991-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X10 bağçılığa üzv qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 19/401 saylı, xx.xx.1989-cu il tarixli, 10/369 saylı qərarları və “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.1991-ci il tarixli, 7 saylı protokolu ilə X14 ayrılmış 500 m2 sahəsi olan Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 52 saylı bağ sahəsinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında xx.xx.2013-cü il tarixdə 33309 nömrə ilə uçota alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “İnşaatçı” b/y-nın 52 saylı bağ sahəsi X10 mülkiyyətindədir. Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 05/97 saylı, xx.xx.1997-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X3 bağçılığa üzv qəbul edilməsi qərara alınmışdır. X11 ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək Şıxlar massivində olan 48 saylı bağın həyatı yoldaşı X4 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X13 arasında bağlanmış “Bağın istifadəyə verilməsi haqqında” 35428 nömrəli xx.xx.2005-ci il tarixli müqavilənin təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında yerləşən sahəsi 500 m2 olan, 48/48 nömrəli bağ sahəsi X4 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 31/717 saylı qərarı və “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.1997-ci il tarixli, 05/97saylı protokolu ilə X8 ayrılmış 500 m2 sahəsi olan Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 48/48 saylı bağ sahəsinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında xx.xx.2099-cu il tarixdə 18255 nömrə ilə uçota alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, ev 48/48 X4 mülkiyyətindədir. Cavabdeh tərəfindən təqdim edilmiş “bağların sxematik xəritəsi”ndən görünür ki, 41 nömrəli bağ sahəsi 29, 35, 48/48 və 52 nömrəli bağ sahələri ilə qonşuluqda yerləşir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı tərəfindən ona ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 500 m2 41 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 500 m2 torpaq sahəsi olan 41 saylı bağ sahəsi Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı” bağçılıq yoldaşlığı idarə heyətinin birgə iclasının 01/00 saylı, 05 yanvar 2000-ci il tarixli qərarına əsasən İddiaçı istifadəsinə verilmiş, onun adına bağçılıq yoldaşlığının üzvlük kitabçası tərtib edilmişdir. İddiaçı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd etmişdir ki, “İnşaatçı” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsi “İnşaatçı” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən koordinatlarla (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı arasında az fərq olduğu, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qobustan Əməliyyat” şirkətinin ərazisi olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin “İnşaatçı” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının ayrıc aktından kənarda yerləşdiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, onun istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən 29, 35, 48/48 və 52 saylı bağ sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmiş, çıxarışların verilməsi zamanı “İnşaatçı” bağçılıq yoldaşlığının bağ sahələri ayrılması barədə qərarları hüquqmüəyyənedici sənədlər kimi qəbul edilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərə məxsus bağ sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun mülkiyyətində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.2000-ci il tarixli, 01/00 saylı qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən 500 m2 torpaq sahəsindən ibarət 41 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6746 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. İPM-də göstərilmişdir ki, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (108.1). Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (110.1). Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.2000-ci il tarixli, 01/00 saylı qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən 500 m2 torpaq sahəsindən ibarət 41 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1171/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1171/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver