Məhkəmə qərarları › İş №2-1(112)-11711/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11711/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11711/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsi bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 10 saylı evin bir otaqlı 3 saylı mənzilin kirayə müqaviləsini İddiaçı ilə bağlamaq öhdəliyinin vəzifə olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhər Suraxanı rayon Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllə 10 saylı evin 1 otaqlı 3 saylı mənzilinin keçmiş kirayəçisi X6 xidmət göstərməyi barədə razılığa gəlmişlər. İddiaçı adı çəkilən mənzilin kommunal xərclərin ödəmiş, Olxovik Annaya məişətin nizamlanması, müalicəsi və sair qulluq etmişdir. Bunun müqabilində Suraxanı rayon (keçmiş Ordjonkidze) Məhkəməsinin 2-79 saylı 19 dekabr 1988-ci il tarixli qətnaməsinə əsasən Suraxanı rayon 63 saylı MKİS-in iddiaçının həmin mənzildən çıxarılmağı barədə iddia tələbi təmin edilməmişdir. Sonra maddi imkansızlığı baxımından X7 adlı şəxsi ailəsilə birlikdə adı çəkilən mənzilə kirayəşin kimi buraxmışdır. Onun zəifliyindən istifadə edən X11 RİH-in əməkdaşları ilə birlikdə “guya uzun müddət bu ünvanda yaşamasını” əsas götürərək 22 saylı xx.xx.2014-cü il tarixli Suraxanı rayon İHBnın sərəncamını əldə etmişdirlər. Bu vaxtdan iddiaçının məhkəmə orqanlarına müraciətim başlamış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)4556/2015 saylı 05 avqust 2015- ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin iş materialları mahiyyəti üzrə məhkəmə baxış predmeti olmuş, yenidən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-537/2016 saylı 29 yanvar 2016-cı il tarixli qətnaməsilə təkrar olaraq Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi saxta sənədlər əsasında qəbul olunduğu təsdiqlənmişdir. Onun iddia tələbi üzrə 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-155/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Suraxanı RİH-in 22 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ləğv edilmişdir. Vəfa Qədirovanın yazdığı şikayətlər əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 2(102)-6491/17 saylı 01 noyabr 2017-ci il tarixli Qərarı ilə Suraxanı rayon İHB-nin 22 saylı xx.xx.2014-cü il tarixli sərəncamı və sərəncamın verilməsinə əsas olmuş Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli 2(010)-4667/2013 saylı Qətnaməsi son olaraq ləğv edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-8688/2017 saylı 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçının Bakı şəhəri Suraxanı rayon Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllə 10 saylı evin 1 otaqlı 3 saylı mənzilinə köçürülməsi təmin edilmiş, adı çəkilən qətnamədən yazılmış apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli normativ aktları ilə rədd edilmişdir. Həmçinin eyni predmet üzrə Suraxanı RİH tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllə 10 saylı evin bir otaqlı 3 saylı mənzilindən Vəfa Qədirova ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsilə Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş materialları yeni baxışa qaytarılmış, sonda Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli normativ aktları ilə Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Suraxanı RİH əməkdaşları və Vəfa Qədirova bilərəkdən çox saylı əsassız predmetlərlə məhkəmələrə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı kimi mötəbər məhkəmə aktlarının mövcud olmasına baxmayaraq cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 10 saylı evin bir otaqlı 3 saylı mənzilinin kirayə müqaviləsini iddiaçı ilə bağlamaq və bu barədə sərəncam verməklə bağlı müraciətinə xx.xx.2024-cü il tarixli məktub ilə imtina vermişdir.. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-20/2-B-68- 091/2024 nömrəli imtina məktubda qeyd edilmişdir ki, sözügedən mənzilin ona məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici (order və ya sərəncam) sənəd olmadığından, məsələlərin həllinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında mümkünlüyü nəzərə alınaraq bu barədə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06 avqust 2024-cü il tarixli 5-20/2- 1691/2024-cü il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunması, həmçinin bu əsasnamənin 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti yerli icra hakimiyyətləri həyata keçirir. Sözügedən yaşayış sahəsinin dövlət mənzil fondunda olduğunu və həmin mənzilin İddiaçı məxsus olmasına dair hər hansı bir hüquq müəyyənedici sənədin mövcud olmadığını nəzərə alaraq RİH-ə qarşı iddianı əsassız hesab etməklə tələbin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü tarixli, 2-1(112)-11711/2024 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia ərizəsi vermişdir. (İPM: 2.2.2, 3.1 və 8.1). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçıya ünvanladığı 17 avqust 2022-ci il tarixli d8-17780B-322 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən hazıradək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-34940/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 10 saylı evin 1 otaqlı 3 nömrəli mənzilin qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 19 sentyabr 2024-cü il tarixli 3-52-13-11/2-81/2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 10 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. 63 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş qeydiyyat kartasının iş materiallarında olan surətinə əsasən müəyyən edilir ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında yaşayır (bənd 9), xx.xx.1988-ci ildə həmin ünvana Azərbaycan SSR, Orconokidze (indiki Suraxanı) rayonu, Kirov (indiki Rəsulzadə) qəsəbəsindən gəlmişdir (bənd 7). Həmçinin Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-52/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddiası təmin edilmiş, üçüncü şəxslər xx.xx.1978-ci il təvəllüdlü X2, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.1973-cü il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10 üvanında yerləşən 3 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-2254/2022 nömrəli qərarı ilə təmin edilməmiş, qərar qanuni qüvvəsini almışdır. İddiaçının tərəf olduğu işlər üzrə məhkəmə qətnamə və qərarlarına əsasən müəyyən edilmişdir ki, Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 2- 79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın İddiaçı qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh İddiaçı mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda olduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb...Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir.” Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X2 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Məhkəmə iddianı təmin edərkən: 1. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsi ilə X2 iddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınmaqla onunla kirayə müqaviləsinin bağlanmasının qət edilməsinə; 2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə 3 nömrəli mənzilə kirayə müqaviləsinin X2 adına dəyişdirilməklə onun həmin mənzilin kirayəçisi hesab edilməsinə istinad etmişdir. Cavabdeh İddiaçı bu qətnamədən apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qəraradadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarada Ali Məhkəmə Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988ci il tarixli, 2-719/1988 saylı qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olması faktını və onun həmin mənzildən çıxarılmasının mümkünsüzlüyünün artıq müəyyən edildiyinə, İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində istinad olunan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 22 nömrəli sərəncamının sonradan ləğv olunduğuna istinad etmiş, Vəfa Qədirovanın mübahsəli mənzilə istifadə hüququnun olmadığını, İddiaçı isə mübahisəli mənzilə istifadə hüququnun olmasını təsbit etmişdir. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 İddiaçı mübahisəli mənzilə yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə həmin məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Beləliklə, sadalananlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun olması tam təsbit olunmuşdur və bu, artıq işin mübahisəsiz halını təşkil edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmamışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/9 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsinin bağlanılmasını xahiş etmiş, cavabdeh yaşayış sahəsinin dövlət mənzil fondunda olduğunu və həmin mənzilin İddiaçı məxsus olmasına dair hər hansı bir hüquq müəyyənedici sənədin mövcud olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Lakin cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, artıq iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun yaranmasına və hazırkı iddia üzrə subyektiv hüququnun mövcud olmasına qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə qeyd edir ki, İddiaçı mənzilin əvvəki istifadəçisi ilə qohumluq və ailə münasibətinin olmamasına baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanında yaşayan, 1987-ci ildən həmin mənzildə əvvəkli sahibin razılığı ilə ora köçürülmüş, onunla birgə təsərrüfat aparmış və onların münasibətinin ailə xarakteri daşımasına məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, xx.xx.1988-ci il tarixdə həmin ünvana köçməsinin qeydiyyatı aparılmış və 17 yanvar 1989-cu il tarixdən həmin mənzildə qeydiyyatda olan şəxs kimi o, orada uzun müddət təsərrüfat apardığından, Bakı şəhəri Suraxani RİH-dən onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malikdir. Bu hüquq tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri ilə qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında da müəyyən edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməli, müvafiq müqavilənin bağlanması ilə bağlı sərəncamın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar