Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11712/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, 42A saylı mənzilinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, mənzil 42A 2001-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq sənədləri əsasında iddiaçının istifadəsinə verilmişdir. Həmin tarixdən ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən onun hüquqları qeydiyyata alınaraq sözügedən mənzil istifadəsinə qanunla verilmişdir. Həmin çıxarışla mənzilə dair istifadə hüququ yaranmışdır. Lakin bu onun hüquqlarının pozulması deməkdir. Belə ki, o, qeyd olunan mənzilə dair tam mülkiyyət hüququ əldə edə bilmir. Həmin mənzilin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, idarə tərəfindən müxtəlif bəhanələr gətirilərək mənzil bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur.
3. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 199 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin 42A saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının istifadə hüquqlarının qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ,79 saylı evin, 42A saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 199 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 saylı evin, 42A saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarınızın qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 saylı evin, 42A saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 199 №-li Sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncamda qeyd olunur: “SOCAR rəhbərliyi 13 oktyabr 2020-ci ıl tarixli SOCAR **********31060661X00032 №-lı məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, SOCAR-ın Baş ofisinin Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanda yerləşdiyini nəzərə alaraq SOCAR üzrə mənzil uçotunda dayanan işçilərin mənzil uçotu siyahısının təsdiq edilməsi və veriləcək mənzillərə hüquqmüəyyənedici sənədlərin verilməsinin ərazi aidiyyəti uzrə Nərimanov RİH-də həyata keçirilməsini xahiş etmişdir. Eləcə də SOCAR rəhbərliyi 15 oktyabr 2020-ci il tarixli **********31060661X00033 №-li məktubla Nərimanov RİH-ə müraciət edərək, SOCAR rəhbərliyinin və Azərbaycan Neft və Qaz Sənayəsı işçilərinin Həmkarlar İttifaqı (ANQSİHİ) Respublika Komitəsinin 14 oktyabr 2020-cı ıl tarixində keçirilmiş 06 №-li birgə Protokoluna əsasən mənzillə təmin olunmuş şəxslərə huquqmuəyyənedıcı sənədlərin verilməsini, mənzil uçotundan çıxarılanlar barədə müvafiq qərar qəbul edildikdən sonra mənzil uçotu sənədlərin SOCAR-a qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14 oktyabr 2020-ci ıl tarixli 06 №-li Protokol qərarına əsasən "SOCAR PETROLEUM” QSC xx.xx.2020-ci il tarixli məktubla SOCAR-ın Prezidentinə müraciət edərək həmin müəssisədə yanacaqdoldurma məntəqəsinin operatoru peşəsində işləyən İddiaçı yaşayış üçün mənzili olmadığına görə onun mənzillə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmiş, SOCAR Prezidentinin 30 06 2020-ci il tarixli dərkənarı ilə müraciət təmin edilmiş, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına olan ehtiyacı nəzərə alınaraq onun 4 nəfərdən ibarət olan ailəsinə 5 otaqlı mənzilin verilməsi təklif edilmiş və o. edilmiş təklifə razılığını bildirmişdir. Həmin Protokola əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev kuçəsı 79 unvandakı 5 mərtəbəli yaşayış evinin 6cı girişin 1-ci mərtəbədə yerləşən 5 otaqlı, yaşayış sahəsi 75,92 kv m. ümumi sahəsi 104,39 kv.m. olan 42 A №-li mənzili İddiaçı 4 nəfərdən ibarət ailə üzvlərinə daimi yaşayış üçün ayrılmış və ayrılan mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün müvafiq huquqmuəyyənedıci sənədin (Sərəncamın) verilməsi məqsədi ilə mənzil-uçotu sənədləri Nərimanov RİH-ə göndərilmişdir. Qerara alınır: 1. ARDNŞ-nin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 nömrəli Protokol qərarı nəzərə alınsən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 79 unvanda 1-ci mərtəbədə yerləşən 5 otaqlı yaşayış sahəsi 75,92 kv m., ümumi sahəsi 104,39 kv.m. olan 42 A №-li mənzili daimi yaşayış üçün İddiaçı 4 nəfərdən ibarət ailə tərkibinə (İddiaçı – özü, X2arvadı, X4-oğlu, X3 – oğlu) ayrılsın və həmin mənzil R.T.Bektımirovun adına sənədləşdirilsin. 2. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dödət qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə edilsin. 3. Sərəncamın surətlərinin RİH başçısı Aparatının Hüquq şöbəsinə, SOCAR-a, Nizami rayon MKTB-yə Nizami RPİ-yə və İddiaçı göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətərı ilə iş şöbəsinə tapşırılsın.
6. 09 nömrəli 10 mart 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Kirayə verən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 79 unvanda 1-ci mərtəbədə yerləşən 5 otaqlı yaşayış sahəsi 75,92 kv.m., ümumi sahəsi 104,39 kv.m. olan 42 A №-li mənzili haqqı ödənilməklə, AR Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müvəqəti yaşamaq üçün müddətsiz Kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdürş
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı istifadəsindədir.
8. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
16. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
25. İşin faktiki hallarından, o cümlədən, cavabdehin etirazından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 199 №-li sərəncamınım xx.xx.2020-ci il tarixə aid olmasını göstərmişdir.
26. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
28. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, qeyd olunan sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
29. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 199 №-li sərəncamı xx.xx.2020-ci il tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsiri dairəsinə düşmür və sərəncamda həmin mənzilin iddiaçının istifadəsinə verildiyi müəyyən olunur.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunu və əsalıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva