Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11715/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı qəyyumu Qanuni nümayəndə, cavabdehin nümayəndələri X1 və XXX Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “ödənilmiş məcbur dövlət sosial sığorta ödənişlərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 08 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1987-ci il təvəllüdlüdür. Fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında şəhadətnaməyə əsasən iddiaçı Vergilər Nazirliyi Zəngilan rayonu vergilər şöbəsində xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyat qeydiyyata alınmışdır. (Vöen:**********) Dövlət Sosial Müdafiə Fondu Zəngilan rayon Şöbəsinin verilmiş vəsiqəyə əsasən iddiaçı 06 fevral 2018-ci il tarixdən ümumi səbəbdən müddətsiz 1-ci qrup əlildir. Dövlət Sosial Müdafiə Fondu Zəngilan rayon Şöbəsinin 43/78, xx.xx.2018-ci il tarixli arayışa əsasən iddiaçı Dövlət Sosial Müdafiə Fondu Zəngilan rayon Şöbəsindən fiziki şəxs kimi (VÖEN **********) 2012-ci ilin yanvar ayından 2017-ci ilin iyun ayınadək olan dövr üçün ümumilikdə 1129,10 manat sosial sığorta haqqı ödəmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Zəngilan rayon İcra Hakimiyyətinin 9 iyul 2025-ci il tarixli sərəncamına əsasən fəaliyyət qabiliyyəti olmayan iddiaçı anası Qanuni nümayəndə qəyyumluğuna verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ödənilmiş məcbur dövlət sosial sığorta ödənişlərinin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin 4 fevral 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “...“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmçinin, Qanunun 4-cü maddəsinə əsasən sığortaolunanın yalnız pensiya yaşına çatması, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm və sanatoriyakurort müalicəsi zərurəti kimi sığorta hadisələri baş verən zaman sığortaçıdan sığorta ödənişi almaq hüququ yaranır. Bu sığorta hadisələrindən biri və ya bir neçəsi baş verməmişdirsə, sığortaçıya ödənilən məcburi dövlət sosial sığorta haqlarının sığortaolunana (ailə üzvlərinə və digər şəxslərə) münasibətdə digər məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilmiş 1129,10 manat məbləğində məcburi dövlət sosial sığorta ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə Zəngilan rayonunda anadan olmuş və anadangəlmə əlildir. Belə ki, o vaxtdan da daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. İddiaçı xəstəliyi nəticəsində öz hərəkətlərini mənasını başa düşmür. İ qrup müddətsiz əlildir, əlilliyə görə təqaüd alır və təqaüdən sığorta haqqı ödənilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi 12 fevral 2018-ci il 43/78 nömrəli arayışa əsasən iddiaçıdan həqiqətən Nazirlik yanında DSMF-nin Zəngilan rayon şöbəsindən fiziki şəxs kimi VÖEN **********-ilə olan ümumilikdə 1129.10 manat sosial sığorta haqqı tutulmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilik normalarına əsasən, sığorta hadisələrindən biri və ya bir neçəsi baş verməmişdirsə, sığortaçıya ödənilən məcburi dövlət sosial sığorta haqlarının sığortaolunana (ailə üzvlərinə və digər şəxslərə) münasibətdə digər məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 6382/2024 nömrəli qərarı ilə “pensiya kapitalının birdəfəlik ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 3438/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2-1(112)- 6382/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-627/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli 2-1(103)- 3438/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Qanunvericiliyin şərhinə uyğun olaraq iddia tələbinin hüquqi əsası yoxdur və sosial sığorta şəhadətnaməsində yığılan kapital iddiaçıya ödənilə bilməz. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq iddiaçının barəsində sığorta hadisəsi baş vermədiyindən və tələb edilən məcburi sosial sığorta ödənişlərinin digər əsaslarla qaytarılması mümkün olmadığından iddiaçının hazırki inzibati iş üzrə iddia tələbi təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının qəyyumu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı sigortaedən kimi ödənilmiş məcburi dövlət sosial siğorta haqqı ödənişlərinin geri qaytarılması barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının barəsində sığorta hadisəsi baş vermədiyindən və tələb edilən məcburi sosial sığorta ödənişlərinin digər əsaslarla qaytarılması mümkün olmadığını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı 1129.10 manat məbləğində məcbur dövlət sosial sığorta ödənişlərinin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 9-cu maddəsinə əsasən sığortaçının hüquqları aşağıdakılardır: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; - sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; - sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; - könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; - qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1- dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. 19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.17-ci maddəsinə əsasən sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə” Qaydasının: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə uyğun olaraq sosial sığorta ehtiyatından istifadə qaydasını tənzimləyir. 2.1. Sosial sığorta ehtiyatı sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissə çıxıldıqdan sonra qalan məbləğdə formalaşdırılır. 2.2-ci bəndinə əsasən idarəetmə xərclərinin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir. 3.1-ci bəndinə əsasən sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir: 3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə; 3.1.3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, məcburi sosial sığorta haqları sosial sığorta haqlarının bir növü olaraq, qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Nəzərə alınmalıdır ki, məcburi sosial sığorta haqları sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu zaman həmin vəsait dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş məcburi sosial sığorta haqları şəxsin pensiya kapitalının, həmçinin sosial sığorta ehtiyatının formalaşmasında mühüm rol oynayan göstəricidir. Pensiya hüquqlarını tənzimləyən Qanunvericiliyə əsasən sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ sosial sığorta ehtiyatını formalaşdırır ki, bu ehtiyat fondundan vəsaitlər yalnız aşağıdaki istiqamətlər üçün istifadə edilə bilər:
1. Əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına;
2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə;
3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. Hazırki iş üzrə iddia tələbindən də aydın olur ki, iddiaçı sosial sığorta şəhadətnaməsində yığılan kapital - 1129.10 manat məbləğin ona birdəfəlik ödənilməsini tələb edir. Halbuki, iddiaçı pensiya kapitalından və ya sosial sığorta ehtiyatına daxil edilmiş pul vəsaitinin ona ödənilməsini tələb etmək hüququna malik deyil. Belə ki, qeyd olunan vəsaitin tələb edilməsi və ya geri qaytarılması qüvvədə olan normativ-hüquqi aktların tələblərində nəzərdə tutulmamışdır. Beləliklə, fərdi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta ödənişlərdən formalaşmış vəsaitin qaytarılması qanunvericilikdə nəzərdə tutulmadığından, cavabdeh haqlı olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin gəldiyi nəticə oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1205/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə uyğundur. Həmin qərarda məhkəmə kollegiyası aşağıdakıları qeyd etmişdir:
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mərhum ərinin vərəsəsi olaraq onun fərdi hesabının sığorta hissəsində yığılmış 48.818 manat məbləğin birdəfəlik ödənilməsinə yönəlmişdir.
29. Məhkəmə qeyd edir ki, məcburi sosial sığorta haqları sosial sığorta haqlarının bir növü olaraq, Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Məcburi sosial sığorta haqları sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu zaman həmin vəsait dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Ödənilmiş məcburi sosial sığorta haqları şəxsin pensiya kapitalının, həmçinin sosial sığorta ehtiyatının formalaşmasında mühüm rol oynayan göstəricidir.
30. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ sosial sığorta ehtiyatını formalaşdırır ki, bu ehtiyat fondundan vəsaitlər yalnız 1. Əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə; 3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə istifadə edilə bilər. Göründüyü kimi bu istifadə konkret hallarla məhdudlaşdırılmışdır və geniş təfsir olunması nəzərdə tutulmur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov