Məhkəmə qərarları › İş №2-1(112)-11717/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11717/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11717/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi, iddiaçıya təyin olunmuş əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının bərpa edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 5 iyun 2023-cu il tarixdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinə istinad edərək iddiaçının iştirakı ilə akt tərtib edilmişdir. Həmin Qanunun 57, 59, 61, 65, 67-ci maddələrinə əsasən həmin akt ləğv edilməlidir. Cavabdehin iddiaçıya ünvanlanmış 5 may 2023-cü il tarixli məktubunda ona güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının 55 yaşdan 5 avqust 2009-cu il tarixdən 5 illik əmək haqqı nəzərə alınmaqla hesablanaraq düzgün təyin edilmədiyi, 57 yaşdan – 5 avqust 2011-ci il tarixdən pensiyanın fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalıma uyğun həmin dövrdə qevvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olduğunu göstərilmişlər. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12, 13-cü maddələrində göstərilən yaş hədləri (Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321 İQD nömrəli Qanunu ilə dəyişiklik edilmişdir) qadınların 55 yaşdan 57 yaşa, kişilərdə isə 60 yaşdan 62 yaşa qaldırdığını göstərilmişdir. Cavabdeh qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının 1 sentyabr 1971-ci il tarixdən 29 dekabr 1975-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsi aldığı dövr nəzərə alınmaqla 1 avqust 1997-ci il tarixədək 25 ildən çox ümumi iş stajı, 17 ildən çox güzəştli şərtlərlə iş stajı var. O, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququnu 1 avqust 1997-ci il tarixədək qazandığından, əmək pensiyası 55 yaşı tamam olduqda, yəni 5 avqust 2009-cu il tarixdə qüvvədə olan qanunvericilik normalarına müvafıq olaraq düzgün təyin edilmişdir. 1995-ci ilin noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətlərini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 5 avqust 2009-cu il tarixdə iddiaçıya pensiya təyin edilərkən onun konstitusion hüquqları pozulmamışdır. Cavabdeh məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə istinad edilsə də, norma düzgün tətbiq olunmamışdır. Göründüyü kimi, 25 il sığorta stajı və 12 il 6 ay güzəştli iş stajı olduğundan, iddiaçıya əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni 1 avqust 1997-ci il tarixədək qüvvədə olan qanunun tələblərinə müvafıq 55 yaşı tamam olduqda 5 avqust 2009-cu il tarixdə pensiya hüququ yaranmışdır. Bundan əlavə, 5 avqust 2009-cu il tarixdən sonra 2023-cü ilin may ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsi dəfələrlə audit araşdırılması aparmışdır. Cavabdehin 5 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyamın hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Əmək pensiyasının düzgün təyin edilməməsi deyil, 5 iyun 2023-cü il tariixdə tərtib edilmiş «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələblərinə əsasən onun vaxtıilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası təyinatına yenidən baxılması haqqında icraata başlandığı göstərilməli idi. Bununla da tərtib edilmiş aktın inzibati akt olduğu təsdiqlənmişdır. Pensiyanın məbləği inzibati akt qəbul edilməmişdən əvvəl 2023-cü iln may ayında azaldılmışdır. Təyinat qanunsuz olsaydı vaxtında azalardılar. Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması, saxlanılması Qaydaları”na 8 nömrəli əlavə DSMF-nin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən Komissiyasının qərarı formasında əmək pensiyasının növü, tələb olunan sosial sığora stajı faktiki sosial sığorta stajı Qaunun 9-cu maddəsi üzrə sosial sığorta stajı və sair eyni zamanda illik pensiyanın məbləği, indeksləşdirmə əmsalı ilə tələbi var. Aktı tərtib edərkən istinad edildiyi «İnzibati icraat haqqında» Qanunun 21.2-ci maddəsində göstərilmişdir ki, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati akt qəbul edilməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizlərini dinləməyə borcludur. Həmin Qanunun 22-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. 5 iyun 2023-cü il tarixdə tərtib edilmiş inzibati aktı imza edən şəxslərin hamısı (iddiaçıdan başqa) cavabdeh inzibati orqanın vəzifəli şəxsləri olmuşlar. Qeyd olunanlara və «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə əsasən həmin akta əsaslanıb onun (iddiaçının) əmək pensiyasının məbləğinin azaldılması qanunsuzdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlları iddiaçının əmək pensiyasının məbləğinin azaldılması barədə qərar qəbul edərkən qanunvericiliyin yuxarıda göstərilən müddəalarını kobudcasına pozduğundan, pensiya məbləğinin azaldılaraq iddiaçıya maddi ziyan vurduğundan, «İnzibati icraat haqqında» Qanunun 89 – 90-cı maddələrinin tələblərinə müvafiq məsuliyyətə cəlb olmalıdırlar. Göstərilənlərə, «Əmək pensiyaları haqqında», «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanunlarının, İPM-in müddəalarına əsaslanaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 iyun 2023cü il tarixli (nömrəsiz) inzibati aktının qanunsuz hesab edilərək 2023-cü il mayından azaldılmış pensiya məbləğinin bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar və məsuliyyətə cəlb olunma barədə müvafiq xüsusi qərardad çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 57 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. Yəni, 1 avqust 1997-ci il tarixədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 5 avqust 2011-ci il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu 5 avqust 2009-cu il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 1 yanvar 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, ona əmək pensiyası DSMF tərəfindən aşağıdakı qaydada hesablanmışdır: iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 34 il 19 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iddiaçının iş stajına uyğun olaraq, «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 40,20 manat (34,05 il x 170 manat : 144 ay) hesablanaraq, 5 avqust 2011-ci il tarixə indeksləşdirilib 65,85 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il tarixdən 5 avqust 2011-ci il tarixədək olan dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9.626,40 manat sığorta kapitalına uyğun 66,85 (9.626,40 : 144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı 5 avqust 2011-ci il tarixə 217,70 (65,85 + 66,85 + 85,00) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 118.410,63 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Onun əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 434,42 manat, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 498,28 manat təşkil edir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona 5 may 2023-cü il tarixli 3-17-1/2-A-100816/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. 8 iyun 2023-cü il tarixdə iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərar qəbul edilmişdir. Etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə, hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, həmin Qanunun 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt «İnzibati icraat haqqında» Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyinəzərdən yanaşdıqda görünür ki, sözügedən Qanunun 67.5-ci maddəsində etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. «İnzibati icraat haqqında» Qanunun 67.6 və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Göstərilənləri nəzərə alaraq, iddiaçı X2 iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya 55 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə (4.337 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 1954-cü il təvəllüdlüdür, 2009-cu ilin avqust ayında ona əmək pensiyası təyin edilmişdir, əmək pensiyasını 2023-cü ilin may ayındadək əvvəlki məbləğdə almışdır, lakin 2023-cü ilin may ayından cavabdeh onun pensiya məbləğini azaltmışdır. Ona pensiya məbləğinin dəyişdirilməsi (zaldılması) ilə bağlı əvvəlcədən məlumat verilməmişdir. Cavabdehin məktubu ona 2023-cü ilin may ayının sonunda təqdim olunmuşdur. Məktubu aldıqdan sonra həmin İdarəyə (Mərkəzi Filiala) müraciət etdikdə ona bildirilmişdir ki, pensiya 2011-ci ildən 498 manat məbləğində olmalı idi, hazırda pensiyası azaldılmışdır. 2011-ci ildən sonra pensiya məbləğindəki artımlar da heç nəzərə alınmamışdır. İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini qeyd etdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, iddiaçıya 5 may 2023-cü il tarixli müvafiq məktub ünvanlanmış və həmin məktubla o, 12 may 2023-cü il tarixə Mərkəzi Filiala dəvət olunmuşdur. Məktubun ona çatıb-çatmaması cavabdehin məsuliyyətinə aid deyil, qərar 15 may 2023-cü il tarixli olsa da, inzibati akt 5 iyun 2023-cü il tarixdə qəbul olunmuşdur. O, iddiaya qarşı təqdim olunmuş yazılı etirazı müdafiə etdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən İddiaçı 55 yaşdan, yəni 5 avqust 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın məbləği 2023-cü ilin may ayınadək 4.337,75 manat təşkil etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamışdır. Yenidən hesablanma zamanı cavabdeh inzibati orqan belə qənaətə gəlmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunarkən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmiş, ona qanunsuz olaraq 55 yaşdan əmək pensiyası təyin edilmişdir, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranmışdır, bu isə 5 avqust 2011-ci il tarixə təsadüf etdiyindən, pensiya məbləği əmək haqqının orta aylıq məbləğinə görə deyil, sığorta kapitalına əsasən hesablanmalıdır. Cavabdeh 15 may 2023-cü il tarixli 3-17-1/3-3- 10503/2023 nömrəli qərarla iddiaçıya 57 yaşdan, yəni 5 avqust 2011-ci il tarixdən “sığorta kapitalı” əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamış və pensiya məbləği bu hesablamada 498,28 manat müəyyən edilmişdir. Qərarda 2020 – 2023-cü illər (son üç il) üzrə 118.410,63 manat həcmində artıq ödənilmiş məbləğ də hesablanmışdır. İddiaçı hazırda cavabdehin sözügedən 15 may 2023-cü tarixli qərarını mübahisələndirir, onun ləğv olunmasını və ona 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn ödənişinin davam etdirilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK- sığortaolunannın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T - göslənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 1 avqust 1997-ci il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı toplaması hazırkı işin mübahisələndirilməyən hallarına aiddir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir: 1) Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabdehin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, mübahisə predmeti olan 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli (əmək pensiyasının yenidən hesablanması barədə) qərarı qəbul edərkən inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələbləri nəzərə alınmamış, iddiaçının mübahisə predmeti olan 15 may 2023-cü il tarixli qərarın qəbul edilməsinə qabaqcadan münasibəti öyrənilməmiş, qərarın qəbulu üzrə araşdırma onun iştirakı olmadan aparılmış, sonda əmək pensiyasının məbləğinin azaldılmamaqla hesablanması barədə 15 may 2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçının inzibati orqanda dinlənilməsi “pensiyanın yenidən hesablanması barədə” 15 may 2023-cü il tarixli qərarın qəbulundan sonrakı vaxta təsadüf edir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş 15 may 2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə heç bir xüsusat qərarda əks olunmamışdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. 2) İddiaçı əmək pensiyası hüququnun yaranması vaxtına gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, iddiaçı 5 avqust 1954-cü il tarixdə doğulduğundan və 1 avqust 1997-ci il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı topladığından, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə (“b” bəndinə) əsasən onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarı qanunsuz sayılaraq ləğv edilməli və cavabdeh tərəfindən iddiaçıya əvvəlki qaydada 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarı ləğv edilməli və İddiaçı 55 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə (4.337,75 manat) ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarı ləğv edilsin və İddiaçı 55 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə (4.337,75 manat) ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar