Məhkəmə qərarları › İş №2-1(112)-1172/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1172/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1172/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzilinin onun mülkiyyətinə verilmiş 1 otaq y/s 17.3 kv.metr, k/s 18.0 kv.metr, eyvan 1.1 kv.metr hissəsinə ayrı ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli 2(008)- 84/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X5 qarşı “payların naturada ayrılması tələbinə dair” iddia ərizəsi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi olduğu 17.26 kv.metr 1 otaq, 18 kv.metr yardımçı sahə və eyvan naturada ayrılaraq İddiaçı Kamil qızının və 15.67 kv.metr 1 otaq və eyvan naturada ayrılaraq X4 mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.09.2019-cu il tarixli çıxarış və texniki pasport verilmişdir. Həmin çıxarışda iddiaçının mülkiyyətində olan sahə qətnaməyə uyğun göstərilməsinə baxmayaraq, çıxarışda əvvəlki qaydada digər payçının da adı qeyd olunmaqla onun mülkiyyətiində olan mənzil sahəsinə ayrı ünvan verilməmişdir. Qətnamənin tam icra olunması üçün iddiaçı mülkiyyətində olan mənzil sahəsinə ayrı ünvan verilməsi üçün dəfələrlə cavabdeh təşkilata və digər yuxarı orqanlara müraciətlər etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Mənzilin texniki pasportunda qeyd olunan 1 saylı və 6 saylı otaqları arasında ara qapısı yoxdur, iddiaçının mülkiyyətinə verilmiş sahələr texniki pasport üzrə digər sahələrdən tam təcrid olunmuşdur. İddiaçının mülkiyyətinə verilmiş 17.3 kv.metr sahəsi olan texniki pasport üzrə 6 saylı otağın binanın blokundan ayrıca giriş-çıxış qapısı vardır. Həmin qapı texniki pasportda öz əksini tapmamışdır. Bundan başqa iddiaçının mülkiyyətinə verilmiş çıxarışda qeyd olunan mənzil sahəsində ayrıca mətbəx və sanitar qovşaq quraşdırılmış, iddiaçının mülkiyyətində olan mənzil sahəsi ayrıca işıq, qaz və su sayğacları ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçının mənzili təcrid mənzil olduğu, ayrıca mətbəx, dəhliz, sanitar qovşağa və eyvana malik olduğu halda, mənzil sahəsinə ayrıca ünvan verilməsi barədə iddiaçının müraciətləri əsasında cavabdeh tərəfindən mənzilə baxış keçirilməklə məhkəmə qətnaməsi ilə təsdiqini tapmış faktiki vəziyyətə uyğun ünvan və texniki pasport verilməli olduğu halda cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Qanunvericiliyin tələblərinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzili ayrı-ayrı hissələrə bölündüyü və həmin hissələr üzərində hüquqlar dövlət qeydiyyatına alındığı üçün iddiaçının mülkiyyətində olan mənzil sahəsinə ayrı ünvan verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli 2(008)-84/2019 saylı qətnaməsinin icrası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 10 saylı evin 12 saylı mənzilinin iddiaçının mülkiyyətinə verilmiş 1 otaqlı, yaşayış sahəsi 17,3 kv.m, köməkçi sahəsi 18,0 kv.m və eyvan 1,1 kv.m olan hissəsinə iddiaçının adına 16 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Amid Əliyev tərəfindən verilmiş ekspertizanın nəticəsi barədə rəydə göstərildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 10 ünvanında yerləşən 12 saylı mənzilin faktiki vəziyyətinə, yəni mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 06.04.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(008)-84/2019 saylı qətnaməsinə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 10 ünvanında yerləşən, ayrıca giriş-çıxış qapısı olan mənzilinizə ayrı ünvanın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız 21.02.2020-ci il tarixli ərizələrə (daxilolma qeydiyyatları: İN-D/O-B-91/2020, 04.03.2020 və İN-D/O-B-91/2020/2, 06.03.2020) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli 2(008)-84/2019 saylı qətnaməsinin icrası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 10 saylı evin 12 saylı mənzilinin Sizin mülkiyyətinizə verilmiş 1 otaqlı, yaşayış sahəsi 17,3 kv.m, köməkçi sahəsi 18,0 kv.m və eyvan 1,1 kv.m olan hissəsinə Sizin adınıza 16 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Amid Əliyev tərəfindən verilmiş ekspertizanın nəticəsi barədə rəydə göstərildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 10 ünvanında yerləşən 12 saylı mənzilin faktiki vəziyyətinə, yəni mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 23.09.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında ümumi sahəsi 54.33 kv.m olan mənzilin y/s 17.3 kv.m, k/s 18.0 kv.m, eyvan 1.1 kv.m olan 1 otağa İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.09.2019cu il tarixdə (qeydiyyat nömrəsi **********), y/s 15.63 kv.m, eyvan 2.3 kv.m olan 1 otağa X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 02.06.2014-cü il tarixdə (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında ümumi sahəsi 50.93 kv.m olan mənzilin y/s 17.26 kv.m olan 1 otağa İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.06.2012-ci il tarixdə, y/s 15.67 kv.m olan 1 otağa X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.06.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli 2(008)-84/2019 saylı qiyabi qətnaməsindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “payların naturada ayrılması» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi olduğu 17.26 kv.m 1 otaq, 18 kv.m yardımçı sahə və eyvan naturada ayrılaraq İddiaçı və 15.67 kv.m 1 otaq və eyvan naturada ayrılaraq X4 mülkiyyətinə verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7286 nömrəli 20.08.2018-ci il tarixli ekspert rəyinin təsdiq edilmiş surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən, 10 saylı evin, 12 saylı mənzilin faktiki vəziyyətinə, yəni mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.7 bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən, 10 saylı evin, 12 saylı mənzili paylı mülkiyyətdir, mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, iddiaçının istifadəsində olan hissə 1 otaq və 1 eyvandan ibarətdir və həmin hissəyə blokdan ayrıca giriş qapısı qoyulmuşdur, eyvan hissəsində sonradan sanitar qovşaq quraşdırılmışdır. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi Elvin Baxşəliyev tərəfindən tərtib edilmiş 09.04.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən, 10 saylı evin, 12 saylı mənzili paylı mülkiyyətdir, mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, digər hissəyə baxış keçirilməsi mümkün olmamışdır, iddiaçıya məxsus olan hissə bir otaq və eyvandan ibarətdir, eyvan hissəsində sanitar qovşaq yerləşir, ayrı giriş qapısı var, 1 yaşayış otağı 17.40 kv.m, eyvan 1.2 kv.m-dir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın: 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda; 3.7-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə); 3.11-ci bəndinə əsasən çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4 ünvanında ümumi sahəsi 50.93 kv.m olan mənzilin y/s 17.26 kv.m olan 1 otağa İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.06.2012-ci il tarixdə, y/s 15.67 kv.m olan 1 otağa X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.06.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli 2(008)-84/2019 saylı qiyabi qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı “payların naturada ayrılması» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi olduğu 17.26 kv.m 1 otaq, 18 kv.m yardımçı sahə və eyvan naturada ayrılaraq İddiaçı və 15.67 kv.m 1 otaq və eyvan naturada ayrılaraq X4 mülkiyyətinə verilmişdir. Hazırda Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan da görünür ki, ünvan 4 ünvanında ümumi sahəsi 54.33 kv.m olan mənzilin y/s 17.3 kv.m, k/s 18.0 kv.m, eyvan 1.1 kv.m olan 1 otağa İddiaçı və y/s 15.63 kv.m, eyvan 2.3 kv.m olan 1 otağa X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin mənzilinin onun mülkiyyətinə verilmiş 1 otaq y/s 17.3 kv.metr, k/s 18.0 kv.metr, eyvan 1.1 kv.metr hissəsinə ayrı ünvan verilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7286 nömrəli 20.08.2018-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən, 10 saylı evin, 12 saylı mənzilin faktiki vəziyyətinə, yəni mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.7 bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçının istifadəsində olan hissəyə ayrıca giriş qapısı qoyulsa da, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatdan da görünür ki, qeyd olunan ünvanda yerləşən mənzil naturada ayrılmamışdır, sadəcə olaraq dövlət reyestrində mülkiyyətçilərin payı qeydiyyata alınmışdır, daşınmaz əmlak paylara uyğun ayrı-ayrı hissəyə bölünməmişdir. Mənzilin tərkibində olan kommunal xidmətli sahələri yeganədir, hər bir hissənin öz kommunal xidmətli sahələri yoxdur. İddiaçının istifadəsində olan hissə 1 otaq və 1 eyvandan ibarətdir və eyvan hissəsində sonradan sanitar qovşaq quraşdırılmışdır. Belə olan halda iddiaçıya aid olan hissəyə ayrı ünvanın verilməsi qeyd olunan Qaydaların tələblərinə əsasən mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar