Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11720/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin plan və ölçüsündə (kadastr planı) qeyd olunan torpaq sahəsinin çox hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da, ata adı qeyd olunmamışdır. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən protokolda və kadastr planında sahənin nömrəsi qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Abşeron rayon Deputatlar Sovetinin xx.xx.1988-ci il tarixli 781.8 saylı qərarına və “Azərlayihə” Bağçılıq -Yoldaşlıq Təsərrüfatının xx.xx.1997-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin iddiaçının adına hüquqi qeydiyyata almaqla müvafiq texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, keçmiş Abşeron rayon Deputatlar Sovetinin xx.xx.1988-ci il tarixli 781.8 saylı qərarına, eyni zamanda “Azərlayihə” Bağçılıq -Yoldaşlıq Təsərrüfatının xx.xx.1997-ci il tarixli protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.12 ha torpaq sahəsi bağ evin tikintisi üçün iddiaçıya ayrılmışdır. Ayrılmış torpaq sahəsinin planı və ölçüsü AR Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmişdir. Bununla əlaqədar, yuxarıda qeyd olunan bağ sahəsinin üzərində hüquqların iddiaçının adına qeydiyyata alınması tələbi ilə xx.xx.2024-cü il tarixdə ********** saylı məktubla cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-N-0231-8/202424 saylı cavab məktubunda təqdim olunan ərizəyə əlavə olunmuş sənədlərin surətini, eyni zamanda xx.xx.2024-cü il tarixli **********32 saylı məktubda cavab verdiyini qeyd edərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi nöqsanlar tamamilə qanunsuz və əsassızdır, belə ki, qanuni istifadəsində olan 0,12 ha torpaq sahəsi 1988-ci il tarixdən onun sahibliyində olub və bunu “Azərlayihə” Bağçılıq - Yoldaşlıq Təsərrüfatının üzvlük kitabçası da sübut edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin plan və ölçüsündə (kadastr planı) qeyd olunan torpaq sahəsinin çox hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da, ata adı qeyd olunmamışdır. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən protokolda və kadastr planında sahənin nömrəsi qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Təqdim edilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə faktiki göstərilən torpaq sahəsinin koordinatları arasında fərq var. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Abşeron rayon XDS İK-nın xx.xx.1988-ci il tarixli 71/8 saylı qərarından görünür ki, “Azyollayihə” kollektiv bağşılıq yoldaşlığı hüquqi şəxs kimi təsdiq edilmiş, nizamnaməsi təsdiq edilmişdir. - “Azəyollayihə” bağçılıq-yoldaşlıq təsərrüfatı idarə heyətinin iclasının xx.xx.1997-ci il tarixli protokolundan çıxarışa əsasən Türkan üzümçülük sovxozunun ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. - xx.xx.2000-ci il tarixli 86/43 nömrəli üzvlük kitabçasından görünür ki, Abşeron Rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 71/8 nömrəli qərarı ilə Abşeron rayonu, Türkan qəsəbəsi 1200 kv.m sahəsi olan bağ sahəsi iddiaçıya ayrılmışdır. - “Azəyollayihə” Lİ nəznində bağçılıq-yoldaşlıq təsərüfatının üzvlərinin siyahısından görünür ki, 50 nəfərdən ibarətə üzvlərin siyahısı tərtib olunmuş, siyahıda şəxslərin adları ilə yanaşı həmçinin üzvlüyə daxil olduqları il, ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmuşdur. Siyahıdan görünür ki, İddiaçı adı 49 və 50-ci sırada göstərilmiş, ona 1997-ci ildə 86 və 43 nömrəli bağ sahələrinin ayrılması göstərilmişdir. - A № 061122 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron Rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 71/8 nömrəli qərarı ilə Abşeron rayonu, Türkan qəsəbəsi 1200 kv.m sahəsi olan bağ sahəsinin planı və kadast göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4n 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin plan və ölçüsündə (kadastr planı) qeyd olunan torpaq sahəsinin çox hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da, ata adı qeyd olunmamışdır. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən protokolda və kadastr planında sahənin nömrəsi qeyd olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 3-21-3-30/2-49969/2024 nömrəli sorğuya cavab məktubuna əsasən idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ümumi sahədə şərti olaraq göstərilən 1200.0 kv.m sahə hasar daxilindədir. Torpaq sahəsi üzərində köməkçi tikili, tövlə və anbar tikililəri mövcuddur. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da, ata adı qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair təqdim edilən protokolda və kadastr planında sahənin nömrəsi qeyd olunmamışdır. Həmçinin göstərilən koordinatlarla faktiki göstərilən sahənin koordinatları arasında fərq var. Belə ki, vətəndaş yerli baxış zamanı sahəni ümumi sahənin şimal hissəsində göstərmişdir. İddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısını və onun əsasında verilmiş üzvlük kitabçasını, o, cümlədən protokoldan çıxarışı bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu sənədləri cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:
1. “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) barədə İdarənin arxivində məlumatın olmaması;
2. Torpaq sahəsinin plan və ölçüsündə (kadastr planı) qeyd olunan torpaq sahəsinin çox hissəsinin Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşməsi;
3. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı ata adının qeyd olunmaması;.
4. Təqdim edilən protokolda və kadastr planında sahənin nömrəsinin qeyd olunmaması;
5. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi;
6. Torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə faktiki göstərilən torpaq sahəsinin koordinatları arasında fərqin olmasıdır. Məhkəmə, cavabdehin irəli sürdüyü bu dəlillər ilə razılaşmır və qeyd edir ki, “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) barədə müvafiq arxiv məlumatlarının mövcud olmaması, iddiaçıya həmin torpaq sahəsinin ayrılmadığı mənasına gəlmir. Birincisi, kadastr planının İdarənin arxivində saxlanılmaması, iddiaçının iradə və fəaliyyətindən asılı olmayan obyektiv haldır. İkincisi, həmin sənəd cavabdeh inzibati orqanın arxivində mövcud olmasa belə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqi sənədlər mövcuddur və onların hüquqi qüvvəsi saxlanılmışdır. Bu hallar, cavabdehin irəli sürdüyü iddiaların hüquqi səbəbsizlik prinsipi əsasında əsassız olduğunu göstərir. Cavabdeh, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının ata adının göstərilməməsi ilə bağlı dəlil irəli sürsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ayrılması ilə bağlı protokoldan çıxarış mövcuddur. Həmin protokol çıxarışında iddiaçının ata adı konkret olaraq əks olunmuşdur ki, bu da iddiaçının qanuni gözlənti prinsipinə əsaslanaraq hüquqlarının tanınmasını tələb etmək hüququnun olduğunu sübut edir. Cavabdehin digər imtina əsasları isə sırf texniki xarakter daşıyır. Çünki araşdırmalar nəticəsində iddia edilən torpaq sahəsinin ölçüləri və texniki vəziyyəti ilə bağlı hər hansı mübahisənin mövcud olmadığı aşkarlanmışdır. Bu hallar, cavabdehin digər imtina əsaslarının da hüquqi baxımdan əsassız olduğunu və iddiaçının mülkiyyət hüququnun pozulması üçün kifayət qədər sübut olmadığına dəlalət edir. Beləliklə, təqdim edilən sübutlar faktiki və hüquqi cəhətdən iddiaçının mülkiyyət hüququnu təsdiq edir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin irəli sürüyü bu əsaslar hazırki iddianın təminini istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Abşeron rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına və “Azərlayihə” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının xx.xx.1997-ci il tarixli protokoluna əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata almaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova