Məhkəmə qərarları › İş №2-1(112)-11720/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11720/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11720/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının icrasının təmin edilməsi və s.” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin pensiyanın yenidən hesablanması ilə bağlı qərarının tam şəkildə icrasını təmin etmək üçün, pensiyasına əlavənin və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin məhkəmədə müəyyən olunmasını və müəyyən olunmuş məbləğdə ödənilməsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "inzibati orqanın hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləqinin ödənilməsi"-nə dair iddia üzrə işə Bakı İnzibati Məhkəməsində baxılmışdır və 2- 1(112)-778/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsində cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verərək, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətini geri tələb etdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)- 411/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bildirilmişdir ki, yenidən hesablanmış pensiyaya əlavənin və əvvəlki dövr üzrə ödənilməmiş pensiyanın məbləqinin hesablanması ilə bağlı narazılığı olsa, bu işə Bakı İnzibati Məhkəməsində yeni iddiası əsasında baxılmalıdır. Məhkəmə qərarına əsasən yenidən hesablanmış pensiyasına əlavənin az olduğundan, pensiyasının yenidən və ödənilməmiş pensiyasının hesablanmalarının surətini almaq üçün xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı müraciət etmiş. Yazılı cavab verilmədi, şifahi isə imtina verildi. Pensiyasının təkrarən yenidən, qanunvericiliyə uyğun olaraq, düzqün hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixdə yazılı müraciət etmiş. xx.xx.2024-cü il tarixdə pensiyasının təkrarən yenidən hesablanması barədə telefonuma SMS gəlmiş. Pensiyasının məbləği bir az da qaldırılmış. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gedib, təkrarən hesablanmış pensiyasının hesablama surətini istəmiş. Deyilib ki: "Olmaz!". Beləliklə, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı Apelyasiya Məhkəməsində iddia tələbimin tam təmin olunmasına dair üzərinə öhdəlikgötürsə də, reallığda isə ondan boyun qaçırır və Bakı İnzibati Məhkəməsinin 2-l(112)-778/2023 saylı xx.xx.2023-cü il tarixli qərarını natamam icra edir. Öz pensiyası barədə dəqiq məlumat almaq, pensiya işində olan sənədlərlə tanış olmaq və onların sürətini çıxarmaq - pensiyaçının müstəsna və heç bir şərt qoyulmadan hüququdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında pensiyanın necə hesablanmasının gizlətməsi - əsaslı şübhələr yaradır. Niyə gizlədirlər? Nəyi gizlədirlər? Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında pensiya alanlara qarşı mövcud olan münasibət imkan vermir ki, pensiya alan şəxs məhkəməyə müraciət etmədən, öz pensiya işi, ilə tanış olsun, oradan lazım olan sənədlərin surətini alsın, təyin olunmuş və yenidən hesablanmış pensiya məbləqinin qanunvericiliyə uyğun olaraq hesablanmasına əmin olsun. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı daha əvvəl eyni tələblə bağlı inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 79988/2024 nömrəli məktubu ilə onun pensiyasının hesablanma qaydası izah edilmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildirirlər ki. A.X2 rayon şöbəsi tərəfindən 9 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və y ğım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixindək qüvvədə olmuş redaksiyasına uyğun olaraq. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanlara əsasən, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4298,88 manat sığorta kapitalı Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 (65 il - 63 il = 24 ay + (144 ay - 72 ay)) aya bölünməklə 44,78 manat (4298,88/96) əmək pensiyasının (301,35 manat) üzərinə əlavə edilərək pensiya məbləği xx.xx.2020-ci il tarixdən 301,35 manatdan 346,13 manata (44,78+301,35) (indeksləşdirilməklə xx.xx.2022-ci il tarixə 398,70 manat) artırılıb. Həmçinin, 20 04 2022-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiylə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 861,12 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddənin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 78 (65 il - 64 il 6 ay = 6 ay + 144 ay - 72 ay) aya bölünməklə 11,04 manat (861,12/78) əmək pensiyasının (398,70 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 398,70 manatdan 409,74 manata (11,04+398,70) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixə 489,08 manat) artırılıb. Eyni zamanda, 15 aprel 2023-cü il tarixdə yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiylə əlaqədar əmək pensiyaçısı kimi işlədiyi dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 429,84 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay) aya bölünməklə 5,97 manat (429,84:72 ay) əmək pensiyasının (469,97 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 489,08 manatdan 495,05 manata (5,97+489,08) artırılmışdır. Əlavə olaraq bildirmişlər ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən pensiya məbləği 550,49 manat təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9937/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməməsi qərara alınmışdır. Qərardad onunla əsaslanlandırılmışdır ki, «... məhkəmə iddiaçının eyni tələblə eyni tərəfə qarşı daha əvvəl məhkəməyə müraciət etdiyi, həmin iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarının olduğu, ən əsası isə iddiaçının cari tələbinin ilkin tələbdən fərqli olduğu (əmək pensiyasının hesablanması zamanı yeni xüsuslar müəyyən olunmamışdır) müəyyən olunmadığından, həm indiki tələbin, həm də əvvəlki tələbin eyni hüquqi və faktiki məzmun daşıdığı qənaətinə gəlinir…”. İddiaçı qərardaddan apellyasiya şikayəti vermiş. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1763/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9937/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməsi və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “…birinci instansiyası məhkəməsi iddiaçının hüquqi marağının nədən ibarət olmasını müəyyən etmədən və aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım etmədən, yardım etmək vəzifəsinə əməl etmədən iddianı mümkünsüz saymışdır…”. İnzibati Prosessual Məcəlləsinin 87.9-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Baxılan işdə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağının nədən ibarət olmasını aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin göstərişləri ilə bağlı məhkəmə iclasında iddiaçıdan hazırkı iddianı qaldırmaqda hüquqi marağı dinlənilmiş, iddiaçının izahatında, həmçinin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-411/2024 saylı qərardadı ilə iş üzrə icraat xitam verilərkən cavabdeh tərəfindən onun arzuladığı kimi pensiyanın yenidən hesablanmamasına yönəlmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı natamam icra olunmuşdur. Məhkəmə qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının iddiası təmin edilmiş, DSMF Binəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-411/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "inzibati orqanın hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” ilə bağlı tələb cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı əmək pensiyasının yenidən hesablanması barədə məhkəməyə müraciət etmiş, onun bu tələbinə qiymət verilmiş, cavabdeh iddiaçının tələbini icra etdiyini bildirmiş, bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Hazırkı tələbindən görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-411/2024 saylı qərardadından razı olmadığını və icraata xitam verilməsinin əsassız olduğunu bildirir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ayrıca iddia verməklə deyil, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-411/2024 saylı qərardadına izah verilməsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməsi və ya həmin qərardadın məcburi icra edilməsi ilə bağlı Bakı inzibati Məhkəməsinə müraciət etməlidir. İPM-in 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1 iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2 aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.4, 15.5 və 15.6-cı bəndlərinə görə İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Göstərilənləri nəzərə alan məhkəmə iddiaçının eyni tələblə eyni tərəfə qarşı daha əvvəl məhkəməyə müraciət etdiyi, həmin iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarının olduğu, ən əsası isə iddiaçının cari tələbinin ilkin tələbdən fərqli olduğu (əmək pensiyasının hesablanması zamanı yeni xüsuslar müəyyən olunmamışdır) müəyyən olunmadığından, həm indiki tələbin, həm də əvvəlki tələbin eyni hüquqi və faktiki məzmun daşıdığı qənaətinə gəlinir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar