Məhkəmə qərarları › İş №2-1(112)-11724/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11724/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11724/2025 21.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 972 saylı qərarı ilə X2 ayrılan 500 kv m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 972 saylı qərarı ilə X2 500 kv m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı poçt vasitəsilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə gəlmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və **********1 nömrəli, xx.xx.2025-ci il tarixində məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 972 nömrəli qərarı xx.xx.2009-cu il tarixlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır, həmçinin sahə yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr göstərilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmiş, bu səbəbdən torpaq sahəsinin dəqiq ölçülərini təyin etmək mümkün olmamışdır. Həmçinin şərti göstərilən sahənin yaxınlığında 6 kV-luq elektrik xətti keçir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı qismində İddiaçı göstərilmiş olsa da, sözügedən ərizənin bilavasitə iddiaçı tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində İddiaçı adı qarşısında olan imza ilə cavabdeh inzibati orqana ünvanlanmış ərizədə mövcud olan imzanın eyni şəxsə — X1 məxsus olduğu aşkar edilmişdir. Hər iki sənəddə olan imzaların xətşünaslıq ekspertizası aparılmadan belə eyni şəxs tərəfindən atıldığı açıq-aydın müşahidə olunur. Bununla yanaşı, iddia ərizəsinin faktiki olaraq X3 tərəfindən imzalanmasına baxmayaraq, həmin şəxsin iddiaçını təmsil etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslara malik olması sübuta yetirilməmişdir. Belə ki, onun etibarnaməyə malik olması müəyyən edilsə də, iddiaçı ilə yaxın qohumluq münasibətlərinin mövcudluğu müəyyən olunmamışdır. Halbuki, AR İPM-nin 31-ci maddəsinə görə inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Göründüyü kimi iddiaçını məhkəmə iclasında etibarnamə ilə ya vəkil, ya da yaxın qohumluq statusunda olan şəxs təmsil etmək hüququna malikdir ki, onun adından hər hansı hərəkətin edilməsi ilə bağlı müvafiq səlahiyyətə malik olmuş olsun. Bununla bağlı Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinin tələblərinə görə məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd). İPM-in 13-cü maddəsi baxımından yuxarıda qeyd edilən halın formal xəta kimi aradan qaldırılması imkanları mövcud olduğundan xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə ilə bağlı xx.xx.2025-ci il tarixli məktubla iddia ərizəsində yol verilən formal xətalar şəxsin diqqətinə çatdırmaqla ona hüquqi təkliflər verilmiş, hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərilsə də, geri qaytarılmışdır. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində göstərdiyi telefon nömrəsi sms bildiriş göndərilmiş, lakin iddiaçı həmin halların aradan qaldırılması üçün cəhd etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı adından məhkəməyə poçt rabitəsi vasitəsilə teleqram daxil olmuşdur. Sözügedən teleqramın məzmunu işə məhkəmə iclasında onun iştirakı olmadan baxılması ilə bağlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin teleqram iddiaçının bilavasitə iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, poçt göndərişi poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi “M” kisələri və bağlamalardan ibarətdir. Göründüyü kimi, teleqram poçt göndərişinin növlərindən biri olmaqla, onun poçt rabitəsi operatoru tərəfindən qəbul edilməsi göndərişin məhz hansı şəxs tərəfindən təqdim edildiyini və göndərənin iradəsinin şəxsən ifadə olunub-olunmadığını müəyyən etməyə imkan vermir. Sonda Məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı ilə telefon vasitəsilə əlaqə yaradılmış, onun sözügedən iddia ərizəsindən məlumatlı olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddia ərizəsi onun tərəfindən imzalanmamışdır. Beləliklə, məhkəmənin mövqeyinə görə iddia ərizəsi iddiaçı və ya onun müvafiq səlahiyyət verdiyi şəxs (vəkil olmadığı halda yaxın qohum olması şərti ilə) tərəfindən imzalanmadığından, ərizədə yazılanlar “iddiaçı” kimi qeyd edilən şəxsin (İddiaçı) iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar