Məhkəmə qərarları › İş №2-1(112)-11728/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11728/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11728/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-52/2-Q-209-159/2023 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qaldırdığı məsələ Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri haqqında 20-ci maddəsinin müddəalarına uyğun şəkildə tənzimləndiyi üçün aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğundur. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən, ümumi sahəsi 53.40 kv.metr olan 34 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən, ümumi sahəsi 53.40 kv.m olan 34 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Həmin mənzillə bağlı DƏDRX publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 04/12504 inventar nömrəli Texniki pasport tərtib edilmiş və mənzilin ümumi sahəsinin 53.40 kv.m olması qeyd edilmişdir. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus mənzilin təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətə cavab olaraq bildirmişdir ki, qaldırılan məsələ Mənzil Məcəlləsinin 20-ci maddəsinin müddəalarına uyğun şəkildə tənzimləndiyi üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən 34 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı hazırda həmin mənzilin, yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi cavabdeh qismində göstərilmiş inzibati orqanın, yəni Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyil. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydasını tənzimləyən 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Həmin Fərmanın 1.10-cu bəndinə əsasən həmin Məcəllənin 21.1-ci, 24.1-ci, 28.3cü, 28.4-5-ci və 143-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Göründüyü kimi, qanunvericiliyə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi haqqında qərar:

1. yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları;

2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qəbul edilir. İddiaçının qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etdiyi yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonunda yerləşdiyindən aydın olur ki, keçirilməni həyata keçirən orqan, yəni məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan orqan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, göstərilənlərə əsasən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olmadığından, onun iddiaçının tələbinə cavab verməli orqan olmadığı müəyyən edildiyindən məhkəmə yekunda belə nəticəyə gəlir ki, hazırkı iddia iddianın mümkünlük şərtlərinə cavab vermir. O da qeyd edilməlidir ki, iddiaçının məhkəməyə qədər hazırkı tələb üzrə səlahiyyətli inzibati orqana, yəni Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etməsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, İPM-in 13-cü maddəsinə əsasən yol verilən formal xətaların aradan qaldırılmasında iddiaçıya hüquqi yardım gösərilməsinə zərurət qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar