Məhkəmə qərarları › İş №2-1(112)-11729/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11729/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11729/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-1990-cı illərdə Sovet Ordusu sıralaında müddətli hərbi xidmət keçmişdir. O, xx.xx.1992-ci il tarixdə Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən təkrarən Milli Ordu sıralarına çağırılmış və həmin tarixdən 1993-cü ilin mart ayına qədər N saylı hərbi hissədə (Laçın rayonunda) xidmət keçmişdir. Hərbi xidmət müddətində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və bu barədə hərbi biletində qeydiyyat aparılmışdır. Döyüşlərdə iştirak etdiyinə görə Yasamal RHK-ı tərəfindən Veteran olmağına dair arayış verilmiş və əvvəlki illərdə komunal güzəştlərdən istifadə etmişdir. İddiaçının nümayəndəsi hazırkı tələblə xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq bu günə kimi müraciətə heç bir cavab verilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının döyüş əməliyyatları zamanı travma almasını sübut edəcək heç bir tibbi sənəd (travmaların haqqında arayış F-1, travmaların qeydiyyatı kitabından çıxarış) aşkar edilməmişdir. Qeyd edilir ki, iddiaçının xidmət etdiyi bildirdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə dair iddiaçı tərəfindən öz tələblərini sübut etmək üçün hər hansı bir sənəd (müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqə, əmrlərdən çıxarışlar, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakı, ordudan qanuni əsaslarla ehtiyata buraxılması və s.) təqdim etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, ona müharibə veteranı adı verilməyib. Lakin, əvvəllər hərbi komissarlıq tərəfindən ona müharibə veteranları birliyinin üzvlük vəsiqəsi verilib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş xx.xx.1993-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissədə qulluq edir. Surəti iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən verilmiş vəsiqəyə əsasən iddiaçı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, hərbi hissənin şəxsi heyətinin “Əlifba qeydiyyatı” kitabları, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından iddiaçı barəsində araşdırma aparılması mümkün olmamışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci ildən sentyabr 1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxiv sənədlərində 1971-ci il təvəllüdlü əsgər İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına çağırılması barədə məlumat vardır. Səfərbərliklə əlaqədar çağrılanların əlifba qeydiyyatı kitabında onun hərbi bileti əsasında xx.xx.1993-cü il tarixdə ordudan buraxılması barədə qeydiyyat aparılmışdır. Hal-hazırda idarədə onun hərbi biletinin surəti, göndərilməsi barədə adlı siyahı və əlifba kitabında olan məlumatdan başqa heç bir sənəd mövcud deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçının nümayəndəsi iddiaçıya müharibə veteranı adının verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona hər hansı rəsmi cavab verilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (2.0.2.). Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar (40.2). İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adının verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh hərəkətsizlik göstərərək müraciətini cavablandırmamışdır. İddiaçı öz tələbinin sübutu kimi müvafiq arayışa və Veteranlar Birliyinin vəsiqəsinə əsaslanmışdır. Qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində xx.xx.1992-ci ildə Yasamal rayon Hərbi Komissarlığı tərəfindən çağırıldığını və 1993-cü ilin mart ayına qədər N saylı hərbi hissədə xidmət keçdiyini bildirsə də, müvafiq məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci ildən sentyabr 1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edərkən iddiaçının həmin hərbi hissədə xidmət keçməsi iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən qeyd etmək lazımdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsi arxiv sənədlərində iddiaçının xx.xx.1992-ci il tarixdə keçmiş Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına çağırılması barədə məlumat olduğu, habelə səfərbərliklə əlaqədar çağrılanların əlifba qeydiyyatı kitabında onun xx.xx.1993-cü il tarixdə ordudan buraxılması barədə qeydiyyat aparıldığını bildirsə də, həmin məlumatların iddiaçının hərbi bileti əsasında qeyd edildiyi göstərilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi məlumatlar belə onun hərbi bileti əsasında aparılmışdır. Hərbi biletdə qeyd edilənlərin mötəbərliyi isə məhkəmədə şübhə doğurur. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlar ilə iddiaçının verdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə qanuni əsaslarla xidmət keçməsi və ehtiyata buraxılması sübuta yetirilmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “müharibə veteranı adının verilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar