Məhkəmə qərarları › İş №2-1(112)-1173/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1173/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1173/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, onun vəkili Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Vəkil ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin yerinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı torpaq sahəsinin yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə aralarında bağlanmış 623 saylı 25.08.2006-cı il tarixli müqavilə üzrə ona ayrılmış 1.000 kv. metr torpaq sahəsinin dəqiq yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə bağlanmış 623 saylı 25 avqust 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1.000 kv. metr torpaq sahəsi onun tərəfindən icarəyə götürülmüşdür. Həmin müqavilə 2055-ci ilədək qüvvədədir. Qeyd olunan torpaq sahəsi icarəyə götürüldükdən sonra həmin bağ sahəsində abadlıq işləri aparılmış, ərazidə yaşıllıqlar salınmışdır. Torpaq sahəsinə dair müvafiq ödənişlər də tərəfindən həyata keçirilmişdir. Lakin, bir müddət öncə həmin bağa gəldikdə aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər ona ayrılmış torpaq sahəsinin bir hissəsini özbaşına zəbt edərək orada hasar inşa etmişlər. Bununla bağlı tərəfindən həmin şəxsə etiraz edilsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Məsələ ilə bağlı tərəfindən Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət olunaraq, bağlanmış 623 saylı 25 avqust 2006-cı il tarixli müqaviləyə əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1000 kv.m torpaq sahəsinin digər şəxslərin istifadəsinə verilibverilməməsini, verildiyi təqdirdə kimə, hansı əsasla və hansı tarixdə verilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Bələdiyyə tərəfindən ona ünvanlanmış 28 fevral 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun torpaq icarə müqaviləsi hazırda qüvvədədir və müqavilə əsasında ona ayrılmış torpaq sahəsinin digər şəxslərə verilməsi ilə bağlı bələdiyyə heç bir məlumat yoxdur. Sonra məsələ ilə bağlı tərəfindən Bakı şəhəri Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət olunaraq, torpaq sahəsinin özbaşına zəbt etmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Araşdırmanın aparılması Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin təhqiqatçısı Fuad Alıyevə həvalə edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsində tikinti işlərini Aslanov Famil adlı şəxs aparır. Həmin şəxs bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışı təqdim etmişdir. Bundan sonra Binəqədi RRİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin vəkil sorğusuna cavab olaraq, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 13 mart 2020ci il tarixli cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1104Ç nömrəli bağ sahəsi keçmiş X1 və İstismarı Birliyi ilə X6 arasında 14.02.2005-ci il tarixli 34150 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 09 yanvar 2019-cu il tarixdə Famil Aslanovun adına rəsmiləşdirilmişdir. Daha sonra tərəfindən yenidən Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət olunaraq Binəqədi Bələdiyyəsi ilə aralarında bağlanmış 623 saylı 25 avqust 2006-cı il tarixli müqaviləyə üzrə ona ayrılmış 1000 kv.m torpaq sahəsinin dəqiq yerinin müəyyən edilməsi məqsədi ilə Binəqədi Bələdiyyəsinin mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Buna cavab Binəqədi Bələdiyyəsi ona ünvanlanmış 28 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, guya ona ayrılmış torpaq sahəsi nəzarətsiz qaldığından torpaq sahəsi Aslanov Famil adlı şəxs tərəfindən zəbt edilmişdir və məsələnin həlli Bələdiyyənin səlahiyyətləri xaricindədir. Halbuki, yuxarıda qeyd etdiyi Aslanov Famil adlı vətəndaşa məxsus torpaq sahəsi özbaşına zəbt edilməmişdir, onun adına müvafiq çıxarış mövcüddur. Ümumiyyətlə həmin ərazinin Binəqədi Bələdiyyəsinə aid olub-olmaması da məlum deyil. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun hüquqularını pozur. Belə ki, torpaq sahəsinə tərəfindən mütəmadi qulluq edilib və torpağın icarə haqqı da Bələdiyyəyə tam ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Binəqədi Bələdiyyəsinin nümayəndəsi X5 iddiaya etiraz edərək, iddiaçının istifadəsinə verilməsinə dair icarə müqaviləsi bağlanmış torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid edilən torpaq sahəsi olduğunu, torpaq sahəsinin dəqiq yerinin müəyyən edilməsinin bələdiyyənin səlahiyətlərinə aid olmadığını bildirərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materialarını nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Asan 1 tərəfindən 29.01.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında” 25.08.2006-cı il tarixli 623 saylı müqavilə (notarial qaydada təsdiq olunmuş surəti) ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində bağ kimi 1.000 kv. metr sahə 25.08.2006-cı ildən 25.08.2055-ci ilədək İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verlmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1104 Ç saylı bağ sahəsi X3 adına xüsusi mülkiyyət kimi 09.01.2019-cu il tarixdə qeydə alınmış və qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına situasiya planı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 adına Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1104 Ç saylı bağ sahəsinə dair 08.01.2019-cu il tarixdə A №338564 №li “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0,099 ha təşkil edir. Plan və ölçününü tərtb edilməsinə əsas Bakı ŞİH bağlar təsərüfatının inkiafı və istismarı birliyi ilə bağlanmış 34150 №li 14.02.2005-ci il tarixli torpaq icarə müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanlanmış **********75 №li 13.03.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1104Ç nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X6 arasında 14.02.2005-ci il tarixli, 34150 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 0,099 hektar torpaq sahəsi olan 1104 Ç nömrəli bağ sahəsi 09.01.2019-cu il tarixdə X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır və **********05 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş 11.08.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Binəqədi rayonu Novxanı bağ massivində 1.000 kv. metr torpaq sahəsinin icarəyə verilməsinə dair Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında 23 avqust 2006-cı il tarixdə bağlanan 623 saylı icarə müqaviləsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələrinin kitab-jurnal toplusunda və "Bələdiyyə vergiləri və uçot sistemi " bazasında vardır. Sözügedən torpaq sahəsində naməlum şəxs tərəfindən zəbt olunmasının araşdırılması Binəqədi rayon Binəqədi Bələdiyyəsinin imkanları xaricindədir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş BRB/M-25 №li 28.04.2020-ci il tarixli məktubda müraciətçiyə bildirilmişdir ki, ona ayrılmış Novxanı bağ massivində 1000 kv. metr torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən situasiya planına uyğun olaraq təqdim edilmişdir. Lakin onun tərəfindən sözügedən torpaq sahəsi nəzarətsiz qaldığından və məlum olduğu kimi Aslanov Famil adlı şəxs tərəfindən zəbt olunmuşdur. Məsələnin həlli Binəqədi Bələdiyyəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 10/3718 saylı ekspert rəyində bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadatr və Ünvan Reyestri xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəsis rəyində aşağıdakılar qeyd olunur: mülki iş materialının 6-cı səhiifəsində olan sxemin miqyassız, koordinatsız və hər hansı istinad nöqtələri ilə məsafələri ilə məsafələri göstərilmədiyi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 25.08.2006-cı il tarixli 623 saylı müqavilə əsasında ayrılması nəzərdə tutulan torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək tərəflərindən mükün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq cavabdehlə İddiaçı arasında bağlanmış 25.08.2006-cı il tarixli 623 saylı müqavilə ilə iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində bağ kimi 1000 kv.m torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən üçüncü şəxs X3 adına xüsusi mülkiyyət kimi 09.01.2019-cu il tarixdə qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1104 Ç saylı bağ torpaq sahəsinin üst-üstə düşüb-ddüşməməsini müəyyən etmək tərəflərindən mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmidir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiatının aparılması mümkün olmamışdır. Hazırda iddiaçı cavabdeh bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsinin dəqiq yerinin müəyyən edilməsinin cavabdehə həvalə olunmasını tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi, qanunvericilikdə iddaçının hazırki tələbi üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı X2 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; 95 (doxsan beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin yerinin müəyyən edilməsi barədə iddiası mümkün sayılmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************); 95 (doxsan beş manat) məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar