Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1173/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X18 və X14) “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5352 saylı bağ sahəsi üzərində digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi və 5352 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X20 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən iddiaçının mərhum atası X5 Ləhiş bağlar sahəsində 158 nömrəli Bağ-Tikinti Kooperativinin nəzdində 0,12 ha sahəsi olan 5352 saylı bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Bakı şəhəri X20 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş bağlar massivindəki 5352 saylı bağ sahəsinə dair iddiaçının mərhum atasına 158 nömrəli Bağ-Tikinti Kooperativi tərəfindən 8 saylı order verilmişdir. İddiaçının atası vəfat edənədək həmin bağ sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün müraciət etməmiş, lakin torpaq sahəsi atası tərəfindən hər tərəfdən mişar daşla hasara alınmışdır. xx.xx.2017-ci il tarixdə atasının vəfatından bir müddət sonra anası X6 xəstələnmiş, anasının xəstəliyi ilə əlaqədar xeyli müddət bağ sahəsinə gediş-gəliş olmamış, bağ sahəsi baxımsız qalmışdır. Sonradan anasının xəstəliyi daha da şiddətlənmiş, artıq xəstəliyin ölümə səbəb olmasından ehtiyat edərək anası onu həmin bağ sahəsinə apararaq yerini göstərmiş, həmin vaxt onlara məlum olmuşdur ki, naməlum şəxslər tərəfindən bağ sahəsinin iki tərəfdən daş hasarı sökülərək qonşu torpaq sahəsinə birləşdirilərək istifadə olunur, hətta həmin şəxslər tərəfindən həmin bağ sahəsində tikinti işlərinə başlanılmışdır. Onların təkid və tələbinə baxmayaraq həmin şəxslər bağ sahəsinin ərazisinin tərk etməmişlər. Halbuki həmin bağ sahəsi uzun müddət mübahisəsiz və fasiləsiz olaraq mərhum atasının istifadə və sahibliyində olmuşdur. Atasının vəfatından sonra anası uzun müddət ağır çarpayı xəstəsi olduğundan bağ sahəsini adına rəsmiləşdirmək üçün müraciət etmək imkanı olmamış, ona görə də atasının adına olan hüquqmüəyyənedici sənədlərə əsasən onun vəfatından sonra vərəsəlik işinin açılması üçün müvafiq notariat orqanına müraciət etmiş, notariat orqanı tərəfindən müəyyən edilmiş atasının vərəsəsi kimi 5352 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0,12 ha bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilərək ona bu barədə xx.xx.2021 -ci il tarixli, **********28 nömrəli məktubla cavab verilmişdir. İmtinanın əsası kimi məktubda qeyd olunmuşdur ki, idarənin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərdiyiniz bağ sahəsi 5332 saylı bağ sahəsinə uyğun gəlir və 5332, 5352 saylı bağ sahələrinin hər ikisi digər fiziki şəxslərin dövlət reystrində qeydiyyata alınmışdır. Ona görə də iddiaçı tərəfindən həmin bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarışların ləğvi üçün Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, lakin əvvəlcədən qeyd olunan tələblərin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunmadığından iddia ərizəsi geri götürülmüş, bundan sonra 5332, 5352 saylı bağ sahələrinə dair digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarışların ləğv edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə 19 aprel 2022-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən iddiaçının xahişi rədd edilərək ona bu barədə xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubla cavab verilərək məsələnin həlli ilə bağlı məhkəməyə müraciət olunması izah olunmuşdur. Hal-hazırda hesab edirik ki, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən iddiaçının xahişi və tələbi əsassız olaraq rədd olunaraq təmin edilməmişdir. İddiaçının qanun üzrə vərəsə kimi həmin bağ sahəsini əvəzsiz olaraq özəlləşdirmək hüququ vardır, ona görə də bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə rəsmi müraciət etmişdir. Belə ki, Ləhiş bağ massivində yerləşən 5352 saylı bağ sahəsi Bakı şəhəri X20 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarı əsasında 158 nömrəli Bağ-Tikinti Kooperativi tərəfindən 8 saylı orderlə mərhumun atasına verildiyi və həmin hüquqmüəyyənedici sənədlərin arxiv arayışı mövcud olduğu halda, 5352 saylı bağ sahəsinin cavabdeh tərəfindən digər fiziki şəxsin adına qeydiyyata alınması tamamilə qanunsuzdur, ona görə də həmin bağ sahəsinə dair dövlət reyestində aparılmış qeydiyyat və bunun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məlum olmuşdur ki, cavabdeh tərəfindən Ləhiş bağlar massivindəki həmin 5352 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə X7 adına, sonradan isə bağışlama müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə X8 adına dövlət reyestrində mülkiyyət hüqququ ilə qeydiyyata alınmışdır, yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, 5332 nömrəli bağa dair dövlət reyestrində aparılmış qeydiyyat əsassız və qanunsuz olduğundan ləğv edilməlidir, həmin bağ sahəsinə dair iddiaçının atasının adına olan qanuni hüquqmüəyyənedici sənədlər əsasında onun vərəsəsi kimi iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilməlidir. Bildirilmişdir ki, qeyd olunan bağ sahəsinə hüquqların dövlət qeydiyyatına dair mövcud olan qeydiyyatın ləğv edilməməsi iddiaçının hüquqularını kobud surətdə pozur, belə ki, dövlət reyestrində aparılmış həmin qeydiyyat vərəsə kimi onun bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına imkan vermir, konstitsion hüquqlarını tam məhdudlaşdırır, ona görə də həmin bağ sahəsinə hüququları dövlət qeydiyyatına alınmış şəxslər 3-cü şəxs kimi məhkəmə prosesinə cəlb edilməklə aparılmış qeydiyyatlar və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarışlar əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddiaçının bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bunun əsasında ona müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X18 və X14 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 8587/2022 nömrəli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5352 saylı bağ sahəsi üzərində digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi və 5352 saylı bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atası X5 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinin Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5352 saylı bağ sahəsi üzərində digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi hissəsində bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Müvafiq iddia tələbinin digər hissəsinə münasibətdə isə bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən kənardan göstərilən bağ sahəsi “5332” saylı bağ sahəsi kimi digər fiziki şəxs (X18) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə “5352” saylı bağ sahəsi də digər fiziki şəxsin (X14) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən 8 nömrəli orderdə hüquq sahibi vəfat etdiyi üçün vərəsələrin dairəsinin müəyyənləşdirilməsinə dair notariat ofisindən məktub təqdim edilməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 14 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1351 nömrəli məktubunda bildirilmişdir ki, X2 xx.xx.2017-ci il tarixdə vəfat etməsi və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7ci bəndinə əsasən, X6, İddiaçı, X15, X3 miraz qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının İnkişafı və X21 bağlar sahəsindəki 158 nömrəli kooperativin 8 nömrəli orderinə əsasən X5 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixdə 1/23 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 158 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5352 nömrəli bağ ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixdə 1/23 nömrəli qərarına əsasən Ləhiş 158 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, siyahıda 7. X4 adı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatı inkişaf və istismarı Birliyi ilə X16 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33340 nömrəli müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 251 nömrəli qərarına əsasən Sabunçu rayonu, Ləhiş əraziisndə 0.12 ha torpaq sahəsi olan 5352 nömrəli bağ sahəsi X9 istifadəsinə verilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2004-cü il tarixli 215 saylı protokolu ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair 5352 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. X26 kitabında xx.xx.2009-cu il tarixdə 13414 nömrə ilə uçota alınıb. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 122 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 5352 saylı bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağından sahəsi - 47,56 kv.m, köməkçi sahəsi - 33,11 kv.m., meydança - 10,08 kv.m., həyətdə sanitar qovşağı - 5,22 kv.m., torpaq sahəsi - 1200,0 kv.m. olan bağ evi vətəndaş X7 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 3 nömrəli çıxarışdan görünür ki, ünvan 1 və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 91 nömrəli reyestr kitabının 9365 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X17 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alan X8 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 5352 xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 91 nömrəli reyestr kitabının 9365 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X21 bağlar sahəsindəki 128 nömrəli kooperativin 23 nömrəli orderinə əsasən X13 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cı il tarixdə 14/519 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 128 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5332 nömrəli bağ ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına Bakı şəhər İK-nin xx.xx.1989-cu il tarixli 14/519 saylı qərarı, BTİ və İB-nin 23 saylı orderi ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair 5332 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. X26 kitabında xx.xx.2013-cü il tarixdə 35538 nömrə ilə uçota alınıb. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 625 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5332 saylı 1200,0 kv.m. bağ sahəsində tikilmiş bir mərtəbəli, iki yaşayış otağı sahəsi - 36,00 kv.m, köməkçi sahəsi - 49,7 kv.m.-dən ibarət olan bağ evi X10 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5332 saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə X10 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 101 nömrəli reyestr kitabının 10274 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5332 saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə X11 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 101 nömrəli reyestr kitabının 10274 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Ləhiş bağ massivi 5352 saylı bağ massivinə baxış zamanı müəyyən edilib ki, vətəndaş tərəfindən iddia edilərək kənarlardan göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Bağda bir mərtəbəli bağ evi və köməkçi tikili mövcuddur. X- 412320, Y-4492564. Elektron baza məlumalarına əsasən vətəndaşın iddia edilərək kənarlardan göstərdiyi bağ sahəsi qeydiyyatdan keçmiş 5332 saylı bağın ərazisidir. Həmçinin arxiv qeydinə eyni nömrəli 5352 saylı bağ sahəsi müqavilə əsasında digər şəxsin adına qeydiyyatdan keçirilmişdir. X- 412335, Y-4492683. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 7-5825/17 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 251 nömrəli sərəncamına əsasən RİH-nin xx.xx.1997-ci il tarixli 233 №-li sərəncamı ilə Ləhişdəki 5352 №-li bağ sahəsinin (BTK-158) X9 adına sənədləşdirilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlrına əsasən şərti olaraq göstərdiyiniz bağ sahəsi “5332" saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə “5332” və “5352" saylı bağ sahələrinin hər ikisi də digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Bundan əlavə təqdim etdiyiniz 8 nömrəli orderdə hüquq sahibi vəfat etdiyi üçün vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan məktub təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"na 2 nömrəli Əlavə olan "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın Təlimatın 7.2-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. İş materiallarından görünür ki, iddiaçı 8 nömrəli order əsasında Ləhiş bağlar sahəsində 158 nömrəli BTK tərkibində 0.12 ha ölçüdə 5352 nömrəli bağ sahəsinin atası X5 verildiyini əsas gətirərək həmin bağ sahəsinə üçüncü şəxslərin adına aparılmış qeydlərin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. İş materialarına əsasən, Ləhiş ərazisində iddiaçının iddia etdiyi eyni nömrə altında- 5352 nömrəli bağ sahəsinin üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçının iddia etdiyi Ləhiş ərazisində eyni BTK-158 nömrəli BTK tərkibində, eyni nömrə altında-5352 nömrəli bağ sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 251 nömrəli sərəncamına əsasən X12 ayrıldığı, sonuncu ilə həmin bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatı inkişaf və istismarı Birliyi ilə xx.xx.2004-cü il tarixli, 33340 nömrəli icraə müqaviləsi bağlandığı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən bağ torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixdə plan-ölçü tərtib edildiyi, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 122 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə bağ evinin qeydiyyata alınmasınının qərara alındığı, xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyata alındığı müəyyən olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Hazırkı iş üzrə iddiaçı Ləhiş bağ massivi 158 nömrəli BTK tərkibində eyni nömrə altında 5352 nömrəli bağ sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydlərin ləğvini tələb etsə də həmin qeydlər ilkin hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Başqa sözlə, 5352 nömrəli bağ sahəsi X12 Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 251 nömrəli sərəncamına əsasən ayrılmış və ilkin olaraq sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Beləliklə, 5352 nömrəli bağ sahəsinə dair dövlət reyestrindəki ilkin qeydlər ilkin torpaqayıma sənədləri- icra hakimiyyəti orqanının sərəncamı əsasında aparılmışdır. Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağı sözügedən daşınmaz əmlakla bağlı torpaqayırmaya dair ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçı üçüncü şəxsin adına qeydlərin ləğvini mübahisələndirsə də həmin qeydlərin kökündə torpaqayıran qurumun inzibati aktı dayanır ki, həmin akt mübahisələndirilmədən qeydlərin əsassızlığı iddia edilə bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat zamanı cavabdeh orqanın mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə aktında iddiaçı tərəfin qeydiyyata alınmasını tələb etdiyi 5352 nömrəli bağ torpaq sahəsinin iddiaçının faktiki sahiblik və istifadəsində olmadığı, əksinə tərəfindən mərhum Həşimov Həşimə ayrılmış 5352 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin hasar daxilində, üzərində bağ evi və tikili olmaqla 5332 saylı bağın ərazisi olduğu və həmin bağ sahəsinə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Belə ki, naturada iddiaçı tərəfindən göstərilən bağ torpaq sahəsinin 5332 nömrəli bağ olmaqla, ilkin olaraq X13 Ləhiş Bağlar idarəsi 128 nömrəli BTK tərkibində Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cı il tarixdə 14/519 nömrəli qərarı və həmin qərar əsasında verilmiş 23 nömrəli orderə əsasən verildiyi, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 625 nömrəli sərəncamı əsasında bağ evinin qeydiyyata alındığı, torpaq sahəsinə dair DTXK tərəfindən plan-ölçünün tərtib edildiyi, xx.xx.2013-cü il tarixdə X10 adına, daha sonra xx.xx.2021-ci il tarixdə vərəsəlik qaydasında X11 adına qeydiyyatın aparıldığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mərhum H.Həşimova 1990-cı ildə torpaq ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da X20 icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşdən görünür ki, iddiaçı 5352 saylı bağ sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etsə də, H.Həşimova ayrılmış torpaq sahəsini mərzləşdirməmiş, hasarlama işləri aparmamış, bununla da sahibliyində, istifadəsində faktiki torpaq sahəsinin olmadığı müəyyən olunmuşdur. Beləliklə, işdən müəyyən olunur ki, H.Həşimova bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı tərəf hazırkı tarixədək həmin bağdan istifadə etməmiş, təxminən göstərdiyi torpaq sahəsi isə iddia etdiyi bağın ərazisinə uyğun gəlməməklə digər nömrəli bağ olmaqla başqa şəxsin adına qeydiyyatda və istifadədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahənin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnız belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın vəzifəsi torpağın naturada yerini taparaq şəxsə təhvil vermək deyil, torpaqayırma barədə hüquqmüəyyənedici sənədlər əsasında torpaqayıran qurum tərəfindən naturada təhvil verilmiş, qanuni istifadədə olan torpaq sahəsinə hüquqların qeydiyyatını aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nə qədər ki, ona ayrıldığını iddia etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılmasını aparmamışdır və naturada 5352 nömrəli bağ sahəsi kimi göstərdiyi torpaq sahəsi başqa bir bağın-5332 nömrəli bağın ərazisinə uyğun gəlməklə yenə də həmin bağ sahəsi üçüncü şəxsin adına ilkin torpaqayırma sənədləri əsasında qeydiyyata alınmışdır, belə bir halda da cavabdehin hərəkətləri ilə iddiaçının hüquq və azadlıqlarının pozulması müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaka dair qeydləri torpaqayırma sənədləri əsasında qeydə aldığından, cavabdehin birbaşa iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1173/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1173/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver