Məhkəmə qərarları › İş №2-1(112)-1173/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1173/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1173/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “təkmilləşdirmə kurslarında iştirak etməyə razılıq verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi təkmilləşdirmə kurslarında iştirak etməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2004-cü il tarixli 70 saylı Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2004-cü il tarixli 135 s saylı sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının Vİ maddəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 sentyabr 2006-cı il tarixli 05 /16-2547 məktubunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərmiş iki illik tibb bacısı kurslarını yalnız 1999-cu ilədək bitirmiş müdavimlərin Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən tibb bacılarının təkmilləşdirilmə kurslarını keçdikdən sonra Respublikanın bütün ərazisində dövlət tibb müəssisələrində işə qəbul olunma müsabiqələrində dövlət tibb məktəblərini bitirən müdavimlərlə bərabər hüquqda iştirak etmələrinə etiraz edilmədiyi və bununla əlaqədar bütün tibb müəssisələrinə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı yuxarıda göstərilən sərəncamlar, Tədbirlər Planı və Azərbaycan Respublikası Səhiyyə Nazirinin məktubuna istinad edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən tibb bacılarının (qardaşları) təkmilləşdirilmə kurslarında iştirak etmək üçün göndəriş verilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil Şöbəsi iddiaçının bu kursu və sertifikasiyadan keçməyinin qeyri-mümkün olduğunu bildirmiş, bu mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında “Azərbaycan Respublikası Qanununun 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan tibb bacıları (qardaşları) əhalinin, xüsusən, gənclərin ilk tibb yardım göstərilməsi üzrə təlimin təşkilində və həyata keçirilməsində iştirak edə, silahlı münaqişələr və fövqəladə hallar zamanı könüllü fəaliyyət göstərə bilərlər. İddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdindən fəaliyyət göstərən ikiillik tibb bacısı (qardaşı) kursunu 1997-ci ildə, yəni, 1999cu ilədək bitirmiş və ona görə Azərbaycan Respublikası Səhiyyə Nazrliyi tərəfindən təşkil edilən təkmilləşdirmə kurslarında iştirak etmək hüququ var. Yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb bacılarının (qardaşları) təkmilləşdirilmə kurslarında iştirak etməsi üçün göndəriş verilməsindən imtina etməsi tamamilə qanunsuz hərəkətdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.7-ci maddəsinə istinad edilərək iddiaçının orta tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməsinin qeyri-mümkün olduğu bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1470 qeydiyyat nömrəli diplomun dublikatından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə tibb məktəbinə daxil olmuş, xx.xx.1997-ci il tarixdə məktəbi bitirmişdir. Diplomda qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il 1/33 Protokolu, Qızıl Aypara Cəmiyyəti İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli Qərarına əsasən 11 mart 1977-ci il tarixdə 2 illik tibb məktəbinin tibb kurslarını bitirərək tibb qardaşı ixtisasını almış, cəbhədə, hərbi hospitallarda, səhiyyə müəssisələrində işləmək hüquqlarına malikdir. -Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslanovun müraciətinə cavab olaraq verilmiş xx.xx.2006-cı il tarixli, xx/xx-2547 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli, 70 saylı sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 iyul tarixli, 135 s saylı sərəncamı ilə təsdiq olunmuş tədbirlər planının Vİ maddəsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərən iki illik tibb bacısı kursunu yalnız 1999-cu ilə kimi bitirmiş müdavimlərin Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan tibb bacılarının təkmilləşdirmə kurslarını keçdikdən sonra, Respublikanın bütün ərazisində dövlət tibb müəssisələrində işə qəbul olunma müsabiqələrində dövlət tibb məktəblərini bitirən müdavimlərlə bərabər hüquqda iştirak etmələrinə etiraz etmir. Bu məsələ ilə bağlı bütün tibb müəssisələrinə müvafiq məlumat veriləcəkdir.” -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ünvanlanan 01 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası “Mülki Müdafiə haqqında” Qanununun 10-cu, “Mülki müdafiənin təmin edilməsi haqqında” Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixi 193 saylı Qərarının 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydalarına müvafiq olaraq, həmçinin Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi “2023-cü tədris ilində Qaradağ rayonunun rayonunun ərazisində yerləşən istehsal və sosial təyinatlı obyektlərin mülki müdafiə rəhbəri və komandir-rəis heyətinin Mülki müdafiə kurslarında hazırlığı üzrə komplektləşdirmə planı”na əsasən 14-18 avqust 2023-cü il tarixlərində “Obyekt rəhbərləri” kateqoriyası üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədri İddiaçı kursda iştirakı planlaşdırılmışdır. Nəzərdə tutulmuş şəxsin kursa göndərilməsi ilə bağlı müvafiq sərəncam verilməsi Mərkəzin Qaradağ rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsindən göndəriş götürülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. -İ-2624 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 4 mart 2015-ci il tarixli 1085 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci PHŞ tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sorğusuna cavab olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik “Tibb bacıları” kurslarını bitirmiş və kollecdə 2020-2024-cü tədris illərində təkmilləşdirmə kurslarında iştirak edən müdavimlərin Siyahısı göndərilmişdir. Həmin Siyahıdan görünür ki, 2020-ci tədris ilində 2 (iki) nəfər, 2021-ci tədris ilində 13 (on üç) nəfər, 2022-ci tədris ilində 12 (on iki) nəfər, 2023-cü tədris ilində 11 (on bir) nəfər, 2024-cü tədris ilində 12 (on iki) nəfər kurslarda iştirak etmişdir. -Siyahıda adları qeyd edilmiş şəxslərin təkmilləşdirmə kursu keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-28/2-9366/2024 saylı cavab məktubunda bildirilmişdir ki, "1990-2000-ci illərdə orta tibb ixtisaslarında kadr çatışmazlığı yarandığından X2 Cəmiyyətinin nəzdində fəaliyyət göstərmiş 2 illik tibb bacısı kurslarını bitirmiş şəxslər təkmilləşdirmə kurslarına cəlb olunduqdan sonra onların fəaliyyətlərinə müvəqqəti tədbir qismində icazə verilmişdir. 2014-cü ildə regionlarda əlavə tibb kollecləri yaradıldıqdan sonra kadr çatışmazlığı aradan qalxdığından və dövlət tibb kollecini bitirmiş şəxslərin işlə təmin olunmasında problem olmaması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin diplomları nəzərə alınmamışdır. Bundan əlavə, Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-853/24 nömrəli məktubunda verilən məlumata əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərmiş 2 illik tibb bacısı kurslarını bitirmiş şəxslərə Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankları verilməmişdir. Eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən xx.xx.2011-ci il tarixli 03/681 nömrəli və xx.xx.2023-cü il tarixli 03/207 nömrəli məktublarla Səhiyyə Nazirliyinə təqdim olunmuş müdavimlərin siyahısında kəskin fərq olmuş, ilk siyahıda 2 illik tibb bacısı kurslarını 1999-cu il tarixinə kimi bitirmiş şəxslərin adları qeyd olunmuş, lakin 2004-2010-cu il tarixinə kimi bitirmiş şəxslərin adları qeyd olunmamışdır. Sonradan təqdim edilmiş siyahıda isə 2004-2010-cu il, 2012-ci il və 2018-ci il tarixlərində həmin kursları bitirmiş şəxslərin adları əlavə olunmuş, hətta bir çox şəxslərin diplomlarının tarixi və nömrəsi qeyd edilməmişdir. Bildirilir ki, həmin siyahıda eyni ixtisas üzrə təhsil almış 1 nəfər şəxsin təhsil müddəti də fərqlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq ölkədə olan kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə müvəqqəti tədbirlər qismində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərmiş 2 illik tibb bacısı kurslarını bitirmiş şəxslər tibb fəaliyyətinə buraxılmışdırlar. Nəzərinizə çatdırırıq ki, 1997-ci ildən etibarən təhsil müəssisələrinə tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanının nəticəsi əsasında həyata keçirilir. Həmçinin həmin kurs diplomları dövlət nümunəli blanklar hesab olunmadığından hazırda onların təkmilləşdirmə kurslarına və sertifikasiyaya buraxılması yolverilməzdir və bu da dövlət tibb kollecini bitirən məzunların hüquqlarının pozulmasına səbəb olur.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdur. Belə ki, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən Cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə humanitar, tibbi, sosial və digər yardım göstərmək, əhalinin sağlamlığının qorunması ilə bağlı proqramları həyata keçirmək, beynəlxalq humanitar hüququ və X3 və X1 prinsiplərini təbliğ etmək məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən Cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dəniz silahlı qüvvələrinin tərkibindən olan yaralıların, xəstələrin və gəmi qəzasına uğramış şəxslərin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları (bundan sonra – Cenevrə Konvensiyaları), Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr, X3 və X1 Nizamnaməsi, X3 və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsi, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də Cəmiyyətin Nizamnaməsi təşkil edir. Həmin Qanunun 3.0-cı maddəsinə əsasən, Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 3.0.1. silahlı münaqişələrin qurbanlarına yardım göstərilməsi ilə bağlı Cenevrə Konvensiyalarından irəli gələn fəaliyyəti həyata keçirmək; 3.0.2. humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək; 3.0.3. Cəmiyyətin tərkib hissəsi olan qeyri-dövlət təcili yardım xidmətini təşkil etmək, silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər üçün düşərgələrin fəaliyyətini təmin etmək, fövqəladə hallarda əhaliyə ödənişsiz zəruri tibbi və sosial yardım göstərmək; 3.0.4. silahlı münaqişələr və fövqəladə hallar zamanı yaralanmış, xəstələnmiş və ya həlak olmuş şəxslərin axtarışını həyata keçirmək, həlak olanların dəfn edildiyi yerləri müəyyən etmək, bu sahədə dövlət və yerli özünüidarə orqanlarına kömək göstərmək; 3.0.5. Cəmiyyətin tərkib hissəsi olan qeyri-dövlət axtarış xidmətini təşkil etmək, əsir və itkin düşmüş şəxslərin axtarışını aparmaq, silahlı münaqişələr və fövqəladə hallar nəticəsində birbirindən ayrı düşmüş ailə üzvləri arasında əlaqə qurulmasına və (və ya) onların birləşməsinə kömək etmək; 3.0.6. təxliyə olunmuş əhalinin qəbul edilməsi, yerləşdirilməsi, daşınması və onlara tibbi və sosial yardım göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına kömək göstərmək; 3.0.7. əhalinin, xüsusən gənclərin ilk tibbi yardım göstərilməsi üzrə təliminin təşkilində və həyata keçirilməsində iştirak etmək, silahlı münaqişələr və fövqəladə hallar zamanı könüllü fəaliyyət üçün tibb bacıları, tibb qardaşları və tibb təlimatçıları hazırlamaq; 3.0.8. xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri və beynəlxalq təşkilatlar tərəfindən Cəmiyyətə göndərilən beynəlxalq humanitar yardımların Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə çatdırılmasını təşkil etmək; 3.0.9. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanmasını həyata keçirmək və bu yardımların Azərbaycan Respublikasının ərazisində yardıma ehtiyacı olanlara paylanmasını təşkil etmək; 3.0.10. Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə hüquqi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, peşə vərdişlərinin aşılanması və ya peşə bacarığının artırılması və digər proqramları həyata keçirmək; 3.0.11. əhalinin sağlamlığının qorunması, o cümlədən xəstəlik və epidemiyaların qarşısının alınması ilə bağlı proqramları həyata keçirmək, bu sahədə dövlət orqanları, müəssisə və təşkilatlarla əməkdaşlıq etmək; 3.0.12. qan və onun komponentlərinin donorluğunun inkişafına dair milli və yerli (regional) proqramların həyata keçirilməsində və bu proqramlara əhalinin cəlb olunmasında tibb müəssisələrinə kömək etmək; 3.0.13. Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək; 3.0.14. silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər haqqında məlumatları almaq, onların uçotunu aparmaq və müvafiq dövlət orqanlarına və ya təşkilatlara təqdim etmək; 3.0.15. əhali, xüsusən uşaqlar və gənclər arasında beynəlxalq humanitar hüququ və X3 və X1 əsas prinsiplərini təbliğ etmək. “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2004-cü il tarixli, 70 nömrəli Sərəncamından: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar xeyriyyəçilik fəaliyyətinin ölkəmizdə sosial problemlərin həllində əhəmiyyətini nəzərə alaraq, 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına, onlara 1997-ci il tarixli Əlavə protokollara, X3 və X1 nizamnaməsinə uyğun olaraq və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısını artırmaq məqsədilə qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərinə baxaraq müvafiq tədbirlər planını hazırlayıb təsdiq etsin.

2. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli təşkilatlarının sosial, tibbisağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə kömək etsinlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyul 2004-cü il tarixli, 135 s saylı sərəncamından: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 yanvar tarixli 70 nömrəli Sərəncamının icrasının təmin etmək məqsədilə

1. “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” 6-cı bəndinə əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu bitirmiş müdavimlərin tibb müəssisələrində işlə təmin olunması məsələsinə baxılması Səhiyyə Nazirliyinə həvalə edilmiş və icra müddəti müntəzəm göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında” Əsasnamədən:

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Göründüyü kimi, “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2004-cü il tarixli, 70 nömrəli Sərəncamdakı tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 iyul 2004-cü il tarixli, 135 s saylı sərəncamı ilə “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir ki, həmin Planın 6-cı bəndində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu bitirmiş müdavimlərin tibb müəssisələrində işlə təmin olunması məsələsinə baxılması Səhiyyə Nazirliyinə həvalə edilmiş və həmin bəndin icra müddəti müəyyən dövr üçün deyil, müntəzəm olaraq nəzərdə tutulmuşdur. Sözügedən sərəncamda və Tədbirlər Planında cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli, 3-28/2-9366/2024 saylı cavab məktubunda gətirdiyi dəlillərlə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Sözügedən sərəncam və Tədbirlər planı qüvvədədir, həmin sərəncamların qüvvədən düşməsinə dair cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərən ikiillik tibb məktəbinin tibb kurslarını xx.xx.1997-ci ildə bitirərək tibb qardaşı ixtisasını almış şəxs olduğundan (bu işin mabahisəsiz halıdır) və beləliklə də, iddiaçının müvafiq təkmilləşdirmə kurslarına buraxılması üçün hüquqi baza mövcud olduğundan cavabdehin imtinası əsaslı olmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipinə də əməl edilməmişdir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci PHŞ tərəfindən təqdim edilmiş Siyahıdan göründüyü kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində fəaliyyət göstərmiş 2 illik tibb bacısı kurslarını bitirmiş şəxslər 2020- 2024-cü tədris illərində müvafiq təkmilləşdirmə kurslarında iştirak etmişlər. Göründüyü kimi, cavabdehin sözügedən Tədbirlər Planının icrasından irəli gələn inzibati praktikası artıq mövcuddur. Cavabdeh özü də bununla bağlı məhkəmənin sorğusuna verdiyi cavabda iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərə təkmilləşdirmə kurslarında iştiraka icazə verilməsini təkzib etməmişdir. Belə olan halda, cavabdeh eyni faktiki və hüquqi hallara istinad edən iddiaçıya fərqli münasibət göstərməklə onun qanunla qorunan etimad hüququnu pozmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi təkmilləşdirmə kurslarına buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi təkmilləşdirmə kurslarına buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvlə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar