Məhkəmə qərarları › İş №2-1(112)-11730/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11730/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11730/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “doğum aktı qeydinə düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi xx.xx.1957-ci il tarixi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə keçmiş Ermənistan SSR-nin Əzizbəyov rayonun Her-Her kəndində anadan olmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir və şəhadətnamə Ermənistan SSR-nin Əzizbəyov rayonun Her-Her kəndind sovetində qeydiyyata alınmışdır. Həmin doğum haqqında şəhadətnamədə atasının adı X7, anasının adı X1 olduğu qeyd edilmişdir. Lakin ona xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri Nizami RPİ-tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində səhvən doğum tarixi xx.xx.1959-cu il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsinin tərcümə olunmuş və notariat qaydada təsdiq olunmuş surətini cavabdeh təşkilata təqdim edərək doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsi verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona verilmiş rəsmi cavabda qeyd edilmişdir ki, ”sizin doğum tarixiniz şəxsiyyət vəsiqəsində xx.xx.1959-cu il olduğu halda doğum haqqında şəhadətnamədə 02.1 1.1957-ci il kimi qeyd edilmişdir. Əlavə edilmişdir ki, doğum haqqında şəhadətnaməniz və şəxsiyyət vəsiqənizdə olan məlumatlar ziddiyyətli olduğundan doğum haqqında akt qeydinin bərpası mümkün olmamaşdır. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən verilmiş cavab əsassızdır və onun qanuni hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, onun doğum haqqında şəhadətnaməsinin əsli mövcuddur və həmin sənədə şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Buna görə də onun doğum haqqında akt qeydinin bərpasına heç bir zərurət yoxdur. Sadəcə olaraq doğum tarixi düzgün göstərilməklə ona yeni şəxsiyyət vəsiqəsi verilməlidir. Cavabdeh tərəfindən verilmiş imtina əsassız hesab edilməlidir və ona doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-ЗЖ nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətində qeyd olunmuşdur ki, soyadı: Abdullayev, adı: Məcid, atası: Nadir oğlu, doğulduğu tarix:xx.xx.1957-ci il, doğulduğu yer: Ermənistan SSR Əzizbəyov rayonu Her-Her kəndi, doğumun qeydiyyat tarixi: bu haqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında: xx.xx.1957-ci il 58 saylı qeydiyyat aparılmışdır, valideynlər; atası: X7, milliyyəti: azərbaycanlı, anası: X2, milliyyəti: azərbaycanlı, Şəhadətnaməni qeydə alan orqan: Əzizbəyov rayonu Her-Her kənd soveti, verilmə tarixi: 20 Noyabr 1957-ci il. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/4- 13-6411/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı doğumu haqqında akt qeydinin surətinin istənilməsi barədə müraciətinizə baxılmışdır. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumu haqqında hər hansı məlumat aşkar olunmadı. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 Saylı Bakı “Asan Xidmət” X4 iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 3-16-5/8-10- 1390/23 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinizin bərpası ilə bağlı müraciətinizə baxılmışdır. Sənədlərin yoxlanılması zamanı aşkar edilmişdir ki, şəxsiyyət vəsiqənizdə sizin doğum tarixiniz xx.xx.1959-cu il olduğu halda”, doğum haqqında şəhadətnamənizdə “xx.xx.1957-ci il” qeyd edilmişdir. Bildiririk ki, doğum haqqında şəhadətnaməniz ilə şəxsiyyət vəsiqənizdə məlumatlarınız ziddiyyətli olduğundan doğum haqqında akt qeydinizin bərpası tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı doğum haqqında akt qeydinin bərpası ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən iddiaçının doğum haqqında şəhadətnaməsi ilə şəxsiyyət vəsiqəsində ziddiyyətli məlumat olduğundan müraciətin təminindən imtina edildiyi bildirilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə hazırkı iddiasında doğum tarixinin xx.xx.1957-ci il tarixi qeyd olunaraq akt qeydinin bərpa edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: - 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. - 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. - 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 2-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissəyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 13). İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Sadalanan normalardan görünür ki, qanunverici vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Akt qeydinin bərpasına gəldikdə isə istər Ailə Məcəlləsi, istərsə də Əsas Müddəalar bərpanın iki qaydasını müəyyən edir: 1.qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi; 2.itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İşin hazırkı halından görünür ki, iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamış, onun təqdim etdiyi sənədlərdə isə ziddiyət var. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının doğum tarixlixx.xx.1959-cu il, doğum şəhadətnaməsinə xx.xx.1957-ci il olaraq qeyd edilmiş və iddiaçı doğum tarixinin xx.xx.1957-ci il tarixi kimi qeyd olunaraq akt qeydinin bərpasını tələb edir. Deməli, akt qeydinin bərpası üçün məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarınıda göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Məhkəmə iddia tələbinin ikinci hissəsi-yeni şəxsiyyət vəsiqəsinin verilməsi tələbi üzrə cavabdeh səlahiyyətli orqanın Qeydiyyat Şöbəsi olmamaqla yanaşı iddiaçının hüquqi marağının doğum haqqında akt qeydinin bərpa olunması, yalnız bundan sonra yeni şəxsiyyət vəsiqəsi ilə aidiyyatı Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə müraciət etməklə əldə etmək imkanının olduğunu nəzərə alaraq iddianı həmin hissədə də mümkün hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar