Məhkəmə qərarları › İş №2-1(112)-11734/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11734/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11734/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirkı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Bakı şəhəri Nizami rayon Polis İdarəsinə, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Biriliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinə, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Biriliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin təqsirli hərəkəti nəticəsində İddiaçı MMC-nə vurulmuş ziyana görə 45.200 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutularaqiddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki ünvan 1 ünvanında yerləşən "Golden-Ring" şadlıq evi İddiaçınə məxsusdur. 12 may 2022-ci il tarixdə cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və cavabdeh AR DİN Nizami Rayon Polis İdarəsinin 50-yə yaxın işçisi əvvəlcədən heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan “Golden-Ring” şadlıq evinin qarşısında olan dəmir konstruksiya ilə hazırlanmış hasarı (məhəccər) səbəb və əsas olmadan qanunsuz olaraq sökmüş, əkdikləri həmişəyaşıl ağacları çıxarıb tullamışlar. MMC-yə məxsus və cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş dəmir konstruksiya ilə hazırlanmış hasarın (məhəccərin) hündürlüyü təxminən 1.3 metr olmuşdur. İddiaçı tərəfindən qanunsuz söküntüyə etiraz edilsə də, həmin vəzifəli şəxslər buna heç bir əhəmiyyət verməmiş, öz işlərinə davam etmiş və bununla da MMCyə 45.200 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmənin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, eyni zamanda iddiaçının ünvanına iddia ərizəsindəki tələblə bağlı cavabdeh inzibati orqana müraciətini, mövcud olduğu təqdirdə alınmış cavabı məhkəməyə təqdim etməsi üçün hüquqi yardım məktubu göndərilmişdir. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş), gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmiş, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Hazırkı iş üzrə iddia ərizəsindən müəyyən edlir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi “Golden-Ring” şadlıq evinin qarşısında olan dəmir konstruksiya ilə hazırlanmış hasarın (məhəccər) sökülməsi, əkilmiş həmişəyaşıl ağacların çıxarılması nəticəsində vurulmuş ziyanın cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Lakin iş materialları ilə iddiaçı tərəfindən sözügedən tələblə bağlı cavabdeh inzibati orqanlara müraciət edilməsi və sonuncu tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi müəyyən edilmir. Başqa sözlə, iddiaçı tərəfindən müvafiq müraciət əsasında cavabdeh inzibati orqanlara müraciət edilərək, onlar tərəfindən ərizəsinin təmin edilməsindən imtina edilməsi və bununla da iddiaçının hər hansı hüquqlarının pozulduğu iş materialları ilə müəyyən edilmir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Belə ki, bəhsolunan Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəmədə qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdeh orqanlara müraciət edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyinə görə, başqa sözlə, iş üzrə cavabdehlər tərəfindən İddiaçı MMC-nin hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Bununla bağlı məhkəmə bir daha izah edir ki, iddiaçı qanunla qorunan hüquqlarını pozduğunu istinad etdiyi inzibati orqana müraciət etməli, müraciəti təmin olunmadığı, yaxud sonuncu tərəfindən hərəkətsizliyə yol verildiyi təqdirdə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia verməklə pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş ərizəyə münasibət bildirməyə zərurət görmür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar