Məhkəmə qərarları › İş №2-1(112)-1174/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1174/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1174/2020 18.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti) “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 814 saylı, 07 noyabr 2014-cü il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi üzərində icarə hüququnun və tikdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, 07 noyabr 2014-cü il tarixli sərəncamı əsasında ona ayrılmış Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1990-cı ilin əvvəllərindən Buzovna-Maştağa yolunun sol tərəfində istifadəsiz qalmış və antisanitar vəziyyətdə olan torpaq sahəsini abadlaşdıraraq oranı yaşayış və fəaliyyət üçün normal vəziyyətə gətirmişdir. Həmin ərazidə kütləvi formada fərdi yaşayış evləri tikilmiş və şəxsi təsərrüfat məqsədləri üçün torpaq sahələri ayrılmışdır. Həmin sahə uzun müddətdir ki, onun istifadəsində olsa da, onun üzərində mülkiyyət hüququnu qeydə aldırmamışdır. Buna baxmayaraq, həmin ərazidə torpaq sahəsi verilmiş əhalinin böyük əksəriyyətinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. O da həmin sahə üzərində mülkiyyət hüququnu qeydə aldırmaq istəyərkən, ona bildirildi ki, bu torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyətinin balansındadır və buna görə bu sahə ilə bağlı həmin təşkilatla iddiaçı arasında müvafiq müqavilə bağlanmalıdır. O, bunu nəzərə alaraq, Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmiş və Xəzər rayon İcra Hakimiyyəti Başçısının 814 saylı, 07 noyabr 2014-cü il tarixli sərəncamı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1700 kv.m torpaq sahəsi ayrılmış və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Eyni tarixdə onunla həmin sahə ilə bağlı icarə müqaviləsi bağlanılmışdır. Bundan sonra, o, həmin sahədə fərdi yaşayış evi inşa etdirmək üçün onun eskiz layihəsini hazırlatdırmış və təsdiq üçün yerli icra hakimiyyətinin memarlıq idarəsinə təqdim etmişdir. Xəzər rayon İcra Hakimiyyətinin Memarlıqvə Şəhərsalma idarəsi həmin eskiz-lahiyəni təsdiq etmişdir.Müvafiq prosedura əməl etməklə o, fərdi yaşayış evi inşa etdirmişvə üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdehin 11 noyabr 2018-ci il tarixli **********39 saylı məktubuna əsasən ona mülkiyyət hüququnun qeydə alınmasından imtina verilmiş, imtina aşağıdakı iki arqumentlə əsaslandırılmışdır: ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqlardır və torpaq sahəsi sahibkarlıq məqsədləri üçün ayrılmasına baxmayaraq, orada fərdi yaşayış sahəsi inşa edilmişdir. Cavabdehin qeydiyyatdan imtinası əsassızdır. Əvvəla, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə böyük əksəriyyət torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınıb və müvafiq çıxarışlar verilmişdir. Cavabdehə də məlumdur ki, həmin ərazidə neft hasilatı bir neçə illər əvvəl dayandırılıb və həmin ərazi artıq neft hasilatı üçün əlveirşsiz olduğundan, ümumiyyətlə quruda neft çıxarılması perspektivdən çıxdığı üçün dövlət həmin ərazilərin həmin təşkilatdan alınaraq müvafiq rayonların perspektiv inkişaf üçün torpaqlarına daxil edib. Həmin ərazidə cavabdeh təşkilat böyük sayda mülkiyyətçilərin müvafiq hüquqlarını qeydiyyata alıb. Belə olan halda cavabdehin bu əsasla qeydiyyatdan imtinası ayrı-seçkilik kimi qiymətləndirilməlidir. Çünki onun torpağı yerləşmə yerinə görə də heç də müvafiq hüququ qeydə alınmış şəxslərin torpaqlarından fərqlənmir. İkincisi, sahibkarlıq məqsədləri üçün ayrılmış torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi torpaqdan istifadənin təyinatına zidd deyil. Həmin sahədə istənilən daşınmaz əmlakın inşasına qanunla icazə verilir. İcra hakimiyyəti özü onun evinin eskiz layihəsini təsdiq etməklə, fərdi yaşayış evinin tikilməsini torpaqdan istifadənin təyinatına zidd olmadığını təsdiq etmişdir və buna etiraz etməmişdir. Halbuki buna etiraz edə biləcək yeganə şəxs torpaq sahəsini ayıran təşkilat ola bilər. O, qanunvericiliyin tələb etdiyi müvafiq sənədləri qeydiyyat orqanına təqdim etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, elektron kadastr məlumatına əsasən mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlıq məqsədilə icarəyə verilmişdir. Lakin layihəyə əsasən iddiaçı tərəfindən fərdi ev inşa olunmuşdur. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla icra hakimiyyətinin balansındadır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 208 saylı xx.xx.1999-cu il tarixli və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 673 saylı xx.xx.1999-cu il tarixli torpaq sahəsinin geri alınması haqqında sərəncamlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan həmin torpaq sahəsi geri alınmışdır və hazırda icra hakimiyyətinin balansındadır. Həmin torpaq sahəsi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. İcarəyəverən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında imzalanmış xx.xx.2014-cü il tarixli icarə müqaviəsinə əsasən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı əsasında həmin torpaq sahəsi xx.xx.2113-cü il tarixədək iddiaçıya icarəyə verilmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir və həmin evin eskiz layihəsi icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Hazırda həmin torpaq sahəsi və evlə bağlı hər hansı problem yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının «Buzovna qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə» 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1700.0 m2 torpaq sahəsinin və onun ətrafının abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan icarəyəverən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında imzalanmış xx.xx.2014-cü il tarixli icarə müqaviəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, icarəyəverən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı əsasında Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində istifadəsiz qalmış 1700.0 m2 boş sahəni icarəçiyə icarəyə vermişdir. Müqavilə xx.xx.2014-cü il tarixdən xx.xx.2113-cü il tarixinə qədər müddətə bağlanılmışdır. İş materiallarında olan torpaq sahəsinin yerləşmə cizgisinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xəzər Rayon İcra Hakimiyyətinin 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər RİHB-nin Rayon Təsərrüfatı şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Axundov küçəsində yerləşən, vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin Eskiz Layihəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC tərəfindən 2018-ci ildə İddiaçı məxsus fərdi yaşayış evinin Eskiz Layihəsi tərtib edilmiş, eskiz layihə Xəzər rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə razılaşdırılmış və sonuncunun imza və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış DX-18/1231 nömrəli məktubun surətindən görünür ki, mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin 6 kv-luq YS 486-KTM183 hava elektrik verilişi xəttinin istismarında heç bir çətinlik yaratmadığını nəzərə alaraq torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində iddiaçının hüququnun daşınmaz əmlakın döbvlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********39 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı ərizənin icrasının mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 208 saylı xx.xx.1999cu il tarixli torpaq sahəsinin geri alınması haqqında sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 14.09.98-ci il tarixli YC- 011/1865 saylı və Əzizbəyov Rayon İcra Hakimiyyətinin 05.08.98-ci il tarixli 511 saylı məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan aşağıdakı torpaq sahələri geri alınmışdır: H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından – 156 ha; H.Z.Tağıyev adına NQÇİ-nin Qala yatağından – 5,8 ha. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 673 saylı xx.xx.1999cu il tarixli torpaq sahəsinin geri alınması haqqında sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 15.02.99-cu il tarixli YC-011/252 saylı məktubu nəzərə alınaraq, Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan aşağıdakı torpaq sahələri geri alınmışdır: H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağından – 56,0 ha; H.Z.Tağıyev adına NQÇİ-nin Qala yatağından – 38,0 ha; H.Z.Tağıyev adına NQÇİ-nin Zirə yatağından – 164,0 ha. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür, İddiaçı iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Ekspertiza xərci 161,90 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 65-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 5-ci hissəsinə əsasən torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6-cı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 8-ci hissəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi faktiki şərtləri əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən 1700.0 m2 torpaq sahəsinin icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. İcarəyəverən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında imzalanmış xx.xx.2014-cü il tarixli icarə müqaviəsinə əsasən icarəyəverən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı əsasında Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində istifadəsiz qalmış 1700.0 m2 boş sahəni icarəçiyə (iddiaçıya) icarəyə vermişdir, müqavilə xx.xx.2014-cü il tarixdən xx.xx.2113-cü il tarixinə qədər müddətə bağlanılmışdır. İddiaçıya verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər RİHB-nin Rayon Təsərrüfatı şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evinin Eskiz Layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Tərtib edilmiş eskiz layihə əsasında mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən fərdi yaşayış evinin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı ərizənin icrasının mümkün olmaması bildirilmişdir. Cavabdeh həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirsə də, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 208 saylı xx.xx.1999-cu il tarixli və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 673 saylı xx.xx.1999-cu il tarixli torpaq sahəsinin geri alınması haqqında sərəncamlarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan həmin torpaq sahəsi geri alınmışdır və hazırda icra hakimiyyətinin balansındadır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, xx.xx.2014-cü il tarixli sərəncamından görünür ki, iddiaçıya həmin torpaq sahəsində tikililərin aparılmasına icazə verilmişdir. İş materialları ilə həmin torpaq sahəsi üzərində iddiaçının tikdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün hər hansı maneənin mövcud olduğu müəyyən edilməmişdir. Qeyd olunan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə sərəncamı, icarə müqaviləsi, torpaq sahəsinin sxemi və xəritədən çıxarışı, fərdi yaşayış evinin eskiz layihəsi ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübuta yetirə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Mübahisəli torpaq sahəsindən 110 kv-luq və 6 kv-luq elektrik xəttinin keçməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, bununla əlaqədar səlahiyyətli qurum olan "xxxx" ASC tərəfindən araşdırma aparılmış və tikilinin dövlət qeydiyyatına alınmasına etiraz edilməmişdir. Məhkəmə, müvafiq torpaq sahəsinin icarəyə verilməsi haqqında Xəzər rayon İcra Hakimiyyəti başçısının sərəncamının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə zidd olaraq qəbul edilməsi barədə cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edir ki, sözügedən sərəncamın mübahisələndirilməsi cavabdeh orqanın səlahiyyətində olan bir məsələ deyildir. Sözügedən sərəncam hazırda qüvvədə olmaqla məhkəmə qaydasında və ya yuxarı orqan tərəfindən ləğv edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan və cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin dəyəri 161,90 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən mütəxəssis rəyinin dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 812 saylı, 07 noyabr 2014-cü il tarixli sərəncamı əsasında iddiaçıya ayrılmış Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsi üzərində iddiaçının tikdiyi fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Mütəxəssis rəyinin dəyəri olan (ekspertiza xərci) 161,90 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar