Məhkəmə qərarları › İş №2-1(112)-1174/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1174/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1174/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhəri Xalq Deputatları Şurasının İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 saylı qərarı ilə Ləhiş bağ massivində 81 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısına daxil edilmiş və ona 81 nömrəli BTK nəzdində Ləhiş qəsəbəsində 0,12 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxiv arayışı iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı çıxarışın təqdim edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina verilərək bildirilmişdir ki, sözügedən bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir və 81 nömrəli BTK nəzdində Ləhiş qəsəbəsində 0,12 hektar torpaq sahəsinin ona ayrılmasına dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Ayrılmış həmin torpaq sahələrinə dair məlumat və sənədlər Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Həmin Komitənin arxiv sənədləri isə cavabdehə verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 6/249 saylı, xx.xx.1989-cu il tarixli torpaq sahəsi ayrılması haqqında qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Həmçinin, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********85 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, ona ayrılmış bağ sahəsinin yerini tanımır. Bağ sahəsi ayrılan vaxt yeri ona göstərilmişdi. Lakin, o uzun müddət həmin yerə gedmədiyi üçün bağ sahəsinin yerini unutmuşdur. Qeyd edilənlərə əsasən iddiaçıc iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən gğrünür ki, iddiaçı xx.xx.1952-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Xalq Deputatları Şurasının İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarına əsasən Bağ-tikinti kooperativlərinin şəxsi heyəti təsdiq edilmiş və onlar üçün müəyyən olunmuş qaydada bağ sahələri ayrılmışdır. Həmin qərara əlavə edilmiş Lahıç bağ massivində 81 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin Siyahısında iddiaçının adı 5-ci sırada göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı torpaq sahəsinin (bağ sahəsi) yerini tanımadığından, ərazinin faktiki koordinatlarını və ölçülərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Şəhəri Xalq Deputatları Şurasının İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarına əsasən Bağ-tikinti kooperativlərinin şəxsi heyəti təsdiq edilmiş və onlar üçün müəyyən olunmuş qaydada bağ sahələri ayrılmışdır. Həmin qərara əlavə edilmiş Lahıç bağ massivində 81 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin Siyahısında iddiaçının adı 5-ci sırada göstərilmişdir. İddiaçı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd edilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 6/249 saylı, xx.xx.1989-cu il tarixli torpaq sahəsinin ayrılması haqqında Qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Həmçinin, iddiaçı bağ sahəsinin yerini göstərə bilmədiyindən cavabdehin mütəxəssisləri tərəfindən ərazinin faktiki koordinatlarını və ölçülərini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçının adı Ləhiş bağ massivində 81 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin Siyahısında göstərilsə də, ona ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bu səbəbdən iddiaçıya hansı bağ sahəsinin ayrılmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda iddiaçı bağ sahəsinin yerini tanımır. Bu isə o deməkdir ki, bağ sahəsi ona ayrılsa belə, iddiaçının faktiki istifadəsində deyil. Beləliklə, iddiaçı sahiblik və istifadə etmədiyi, şərti olaraq ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçının faktiki istifadəsində olmayan hər hansı sahəyə dair iddiaçının mülkiyyət hüququnun tanınması gələcəkdə həmin sahəyə qanuni əsaslarla iddia edən şəxslərin hüquqlarının pozulmasına və bağ sahələrinin bölgüsü ilə bağı ciddi anlaşılmazlıqların yaranmasına səbəb ola bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar