Məhkəmə qərarları › İş №2-1(112)-11746/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11746/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11746/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki iddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21 A saylı evin 207a saylı mənzildə yaşayır. Həmin mənzil “Ulduz” X1 orderinə əsasən verilmiş, həmin mənzil barəsində iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə Sərəncam qəbul edilmişdir. Cavabdeh heç bir əsaslı səbəb göstərmədən mənzil mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21 A saylı evin 207a saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktub “imtina məktubu” kimi qiymətləndirilir. Belə ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21A saylı evin, 207A saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh inzibati orqana müraciə etmiş, sonuncu onun müraciətinə baxmış və cavab olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 8.0.11-ci maddəsində qeyd olunan sənədlərin təqdim edilmədiyini bildirmiş, həmçinin cavab məktubunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilə dair malik olduğu hüquqmüəyyənedici sənəd, yəni “Ulduz” X1 orderi və kirayə müqaviləsinin bağlanılması barədə xx.xx.2022-ci il tarixli Sərəncam əsasında mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulamışdır. Cavabdeh isə həmin sənədləri nəzərə almamış, mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı mənzilə dair hər hansı digər bir sənədə malik deyil. Başqa sözlə desək, iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə yenidən müraciət etsə belə, ərizəyə həmin sənədlərin əlavə edilməsini təmin edəcəkdir ki, buda hazırki halda cavabdeh tərəfindən ünvanlanmış məktubun “imtina məktubu” kimi qiymətləndirilməli olmasının göstəricisidir. Yəni, cavabdeh həmin məktub ilə iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin məktubu imtina xarakteri daşıyır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində hüquqmüəyyənedici sənədin təqdim edilməməsini göstərmişdir. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın xx.xx.2022-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak xx.xx.2022-ci il tarixli sərəncam əsasında iddiaçıya ayrılsa da, həmin mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd kimi daha əvvəllər “Ulduz” X3 tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli orderi mövcud olmuş, iddiaçının mübahisəli mənzil üzrə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsindən də müəyyən edilir ki, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Məhkəmə icraatı zamanı təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən etibarən “Ulduz” X2 əmək fəaliyyətini icra etməyə başlamış, mənzilə dair orderdə onun İdarədə işlədiyi dövrdə verilmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın giriş hissəsindən göründüyü kimi İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv edilmiş nazirlik, dövlət şirkəti, konsernlərinə, digə təşkilatların müraciətinə əsasən onlara məxsus yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Deparmentin balansına verilmişdir. İddiaçının yaşadığı keçmiş yataqxana da mənzil fonduna daxil edildiyindən, iddiaçının müraciəti təmin edilmiş, mənzilə dair kirayə müqaviləsinin bağlanılması və iddiaçının kirayəçi hesab olunması qərara alınmışdır. Göründüyü kimi balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçının 2009-cu il oktyabr ayının 1-dən əvvəl qeydiyyatda olmaqla (2003-cü ildən) yaşadığı mənzilə hüquqları tanınmış, şəxsin mənzilin kirayəçisi hesab olunması məqbul hesab edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi balansaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hüquqmüəyyənedici sənədin təqdim edilməməsi barədə faktiki şərt sübut edilə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-944/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının həmin yaşayış sahəsinə, onun həmin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olubolmadığının müəyyən edilməsindən ibarətdir.” Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, həmçini mənzil hüquq münasibətlərinin iştirakçısının olub-olmamasının müəyyən edilməsi iddianın həllində əhəmiyyətli rol oynayır. Məhkəmə cavabdehin yazılı etirazda qeyd etdiyi digər dəlilə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədlərdən əlavə həmçinin, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istimar təşkilatının arayışının (2 №-li arayışı) təqdim edilmədiyini bildirir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərin (order, kirayə müqaviləsi və ya sərəncam) təqdim edilmədiyini bildirmiş, etirazda qeyd etdiyi sənədlərin təqdim olunmalı olmasını isə ümumiyyətlə iddiaçının diqqətinə çatdırmamışdır ki, buda cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, doğrudur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verilir və həmin arayış qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər ilə birgə mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verilən ərizəyə əlavə edilir. (Bax: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi) Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışa (2 №-li forma) malik olmuş, həmin arayışda mübahisəli mənzildə iddiaçıdan başqa hər hansı digər fiziki şəxsin qeydiyyatda olmaması müəyyən edilmişdir. Beləliklə Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2003-cü il tarixdən yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə münasibətdə müəssisə tərəfindən onun adına müvafiq order verilmiş, bununla da o, mənzilə dair hüquq münasibətinin subyekti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21A saylı evin, yaşayış sahəsi 12 kv.m olan 1 otaqlı 207A saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar