Məhkəmə qərarları › İş №2-1(112)-11746/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11746/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11746/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məmmədsadiq qızının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Məmmədsadiq qızının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Məmmədsadiq qızı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2015-ci ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.2 kv.m olan 100 saylı mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 13 ünvanında yerləşən, ümumi sahəsi 51.2 kv.m olan 100 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin mənzillə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 11/1656 invertar nömrəli texniki pasport tərtib edilmiş və mənzilin ümumi sahəsinin 51.2 kv.m olması qeyd edilmişdir. İddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus mənzilin təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətə cavab olaraq bildirmişdir ki, qaldırılan məsələ Mənzil Məcəlləsinin 20-ci maddəsinin müddəalarına uyğun şəkildə tənzimləndiyi üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbardar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmədklərinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsidir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki iddia tələbi publik hüquq münasibətlərindən irəli gəlsə də, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək xx.xx.2015-ci ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.2 kv.m olan 100 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Lakin qeyd etdiyi kimi, hazırkı inzibati mübahisədə Bakı Şəhər İcra Hakimiyyəti cavabdeh ola bilməz. Belə ki, müvafiq ərazilərdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək Bakı Şəhər İcra Hakimiyyətinin deyil, yerli rayon icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.11-ci bındinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq tələblə əvvəlcədən müraciət edilən və Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri orqanlarından daha yuxarı təşkilat olan Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq özünü səlahiyyətli saymayaraq aidiyyəti üzrə (rayon icra hakimiyyətinə) müraciət edilməsini məqsədəuyğun bilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı məhkəməyədək iddiaçı tərəfindən düzgün cavabdehə müraciət edilmədiyi və cavabdehin əsl cavabdeh olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə hesab edir ki, mövcud qanunvericiliyə uyğun olaraq cavabdeh Bakı şəhər İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından və iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığından hazırkı iddia mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması üçün iddiaçı ilk növbədə cavabdeh inzibati orqana müraciət etməsi və etdiyi müraciətə cavab olaraq verilən imtina və ya cavabdeh tərəfindən hər hansı hərəkətsizlik mövcud olmalıdır. Hazırki iş üzrə iddiaçı əsl olan cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə qənaət prinsipinə əsasən hesab edir ki, bu baxımdan iddianın mümkünlük şərti olan ümumi xarakterli hüquqi müdafiə marağı mövcud olmadığından iddia mümkün sayıla bilməz. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi cavab verməli orqana qarşı yönəlmədiyindən, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılığının olmasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Belə ki, iddiaçıya izah olunur ki, hazırkı iddia tələbi cavabdeh qismində çıxış etməli olan müvafiq ərazi üzrə rayon icra hakimiyyətinə qarşı qaldırıla bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Məmmədsadiq qızının iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar