Məhkəmə qərarları › İş №2-1(112)-11748/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11748/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11748/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər X7 və X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) X7 və X8 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək, ona məxsus mənzildən hal-hazırda qeydiyyatda olan vətəndaşlar X9 və X5 qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur.

2. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və X8 Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən 15 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 və X9 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşayır. Üçüncü şəxslər həmin mənzildən, iddiaçı köçüb yaşayandan sonra çıxıb getmişlər və 9 ildir ki, orada yaşamırlar. Onların harada yaşaması və ümumiyyətlə, Bakıda olub-olmamaları barədə heç bir məlumatı yoxdur. Lakin buna baxmayaraq X7 və X9 onun pasport qeydiyyyatında olduğu və yaşadığı mənzildə qeydiyyatda olmaqda davam edirlər. Onların mənzildən pasport geydiyyatından çıxarılması ilə əlaqədar cavabdehə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. X3 və X2 mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda onun hüquqlarını pozur. Əvvəla, o, həmin şəxslərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir əlaqəsi yoxdur ki, onların yaşadığı mənzildə qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü, həmin şəxslərin onun mənzilində qeydiyyatda qalması həmin mənzillə bağlı hərəkət etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. X7 və X8 isə faktiki olaraq, başqa yerdə yaşaması, lakin iddiaçının yaşadığı mənzildə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır.

5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

7. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

9. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

12. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

13. Belə ki, 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hal-hazırda Səbail rayonu, Dağlıq küçəsi, ev 24, mənzil 15 ünvanında İddiaçı və X4 yaşayırlar.

14. İddiaçı hazırda həmin mənzildə qeydiyyatda olmasına və yaşamasına istinad edərək orada qeydiyyatda olan üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etsə də, həmin mənzilə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

16. Göründüyü kimi, mübahsəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakdır və həmin mənzilə dair iddiaçının qeydə alınmış hər hansı bir hüququ mövcud deyil.

17. Bunun əksinə olaraq, işdə olan Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 327 saylı sərəncamından görünür ki, Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının xx.xx.1997-ci il tarixli rəyi təsdiq edilmiş və Dağlıq küçəsi, 24 nömrəli evin yaşayış sahəsi 40.0 kv.metr olan 15 nömrəli mənzili X1 kimi verilmişdir.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdən, xx.xx.1963-cü il təvəllüdlü X9 xx.xx.2003-cü il tarixdən, İddiaçı isə xx.xx.2020-ci il tarixdən hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar.

19. Göründüyü kimi, mübahisəli mənzil sığınacaq kimi xx.xx.1997-ci il tarixdə üçüncü şəxs S.Əliyevaya verilmiş, o xx.xx.1997-ci il tarixdə, digər üçüncü şəxs isə xx.xx.2003-cü il tarixdə yaşayış yeri üzrə mübahisəli mənzilə qeydiyyata alınmışdır.

20. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında Məhkəmə bu nəticəyə gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

21. 1982-ci ildən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qanunun tələbinə görə, bu müddəada göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

22. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

24. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

25. Həmin Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

26. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı hazırda üçüncü şəxslər S.Əliyevanın və A.Əliyevin 15 saylı mənzildə yaşamadığını iddia edərək onların mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, həmin mənzilə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, əksinə işin istinad olunan halları ilə üçüncü şəxslərin xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən 15 saylı mənzilə istifadə hüqununun yarandığı müəyyən olunmuş, həmin hüququn itirilmiş hesab olunması ilə bağlı məhkəmə qərarı təqdim edilməmişdir.

27. İddiaçının 2020-ci ildən mübahisəli mənzildə qeydiyyatda olması isə özözlüyündə həmin evə səlahiyyət yaratmamaqla birlikdə hazırkı iddianı irəli sürmək imkanı da vermir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

29. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

30. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır.

31. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar