Məhkəmə qərarları › İş №2-1(112)-11749/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11749/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11749/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı “intizam icraatının başlanılması üçün müraciət edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X8 Əmir oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı “intizam icraatının başlanılması üçün müraciət edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hakim Vəfa Əzizova və digər hakimlərin işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozduğuna görə İntizam icraatının başlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəmə-Hüquq Şurasına müraciət etməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 "xxxx" MMC-nin təsisçi/direktoru olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qanunsuz hərəkətlərinə-icazə blanklarının verilməməsinə görə Heydər Əliyev prospektində dinc aksiya etdiyinə görə həbs olunmuşdur. Həbs olunduqdan sonra həmin icazə blanklarının məcburi verilməsinə görə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəliyyat Nazirliyinin qanunsuz hərəkətlərinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İcraat hakim Vəfa Əzizovanın icraatına verilmişdir (İş №2- 1(118)-550/2023). İş onun icraatına verilən gündən Vəfa Əzizova prosessual pozuntularla icraata başlamışdır. İş materialları ilə tanış olandan sonra Vəfa Əzizovanın dəfələrlə və çoxsaylı kobud pozuntulara yol verdiyinin şahidi olmuşdur. Bu pozuntular barədə "Məhkəmələr və hakimlər haqqında" və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun xx.xx.2024 və xx.xx.2024-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına uyğun Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinə dəfələrlə əsas və səbəblər göstərilməklə müraciət etmişdir. Lakin, hər dəfə müxtəlif yayındırıcı cavablar verilərək Sumqayıt Apellyasiya Məhkəməsinin sədri öz vəzifə borcuna uyğun həmin hakim barəsində intizam icraatının başlanılmasına görə Məhkəmə-Hüquq Şurasına müraciət etməyərək hərəkətsiz qalmışdır. Həmin iddia aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə hakim Ləman Musayevanın icraatına göndərilmişdir. Həmin icraat uzun sürə biləcəyindən "Məhkəmələr və hakimlər haqqında" və “Məhkəmə- Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun intizam icraatına cəlb edilmə müddətini keçə biləcəyindən ayrı qaydada Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinə müraciət edərək məlumat vermişdir. İş materiallarından görünür ki, İnzibati Prossesual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi X5 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə məhkəmənin hüquqi yardım haqqında məktubuna cavab olaraq məlumat təqdim etmiş və bildirmişdir ki, məktubda aydınlıq gətirilməsi xahiş olunmuş bir çox məsələlər bildirilmişdir. Həmin məsələlərə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixində dinlənilmə hüququ təmin edilərək iştirak edən zaman ətraflı şəkildə bildirəcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə mümkünlük iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin edilmiş iddiaçının qanuni təmsilçisi R.Z.Cəfərov iddianı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi etibarnamə üzrə nümayəndələri Cəfərova Pakizə, yada anası tərəfindən verilmişdir. İddiaçı MMC-nin möhürü etibarnamə üzrə nümayəndələri ya atasında, ya da anasındadır. Məhkəməyə göndərilmiş “ASAN” imza vasitəsi ilə imlzalanmış sənədi də ya atası, yada anası imzalamışdır. İddia ərizəsində digər hakimlər qeyd edərkən - Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri X2 və X6 nəzərdə tutulmuşdur. Sonda R.Z.Cəfərov iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə iddianın mümkünlük məsələsinə qiymət verməmişdən əvvəl iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə-Hüquq Şurasını üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vəsatəti təmin edilməməli və Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə-Hüquq Şurası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 58-ci bəndində qeyd edilmişdir: Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə məhkəmənin yekun qərarı Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının hüquqlarına toxunmayacaqdır. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə- Hüquq Şurası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə zərurət yoxdur. Odur ki, məhkəmənin qəanətinə görə vəsatət əsassızdır və təmin edilməməlidir. İddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hakim Vəfa Əzizova və digər hakimlərin işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozduqlarına görə intizam icraatının başlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəmə-Hüquq Şurasına müraciət etməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi dəqiq deyil və göstərilmiş “digər hakimlər” ifadəsinin konkretləşdirilməsi təklif edilsə də, iddiaçı həmin ifadəni yazılı şəkildə konkretləşdirməmiş, məhkəmə iclasında vermiş olduğu izahatında həmin hakimlərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri X2 və X6 olmasını bildirmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, İddiaçı MMC-nin təsisçisi (direktroru) Cəfərov R.Z tərəfindən imzalanması qeyd edilmiş, iddia ərizəsinə İddiaçı MMC-nin möhürü vurulmuş, həmçinin poçt zərfindən görünür ki, iddia ərizəsi Abşeron rayonunda yerləşən poçt vasitəsi ilə məhkəməyə ünvanlanmışdır. Həmin məsələlər ilə bağlı iddiaçının qanuni təmsilçisinə əvvəlcədən yardım edilmiş, qeyd olunan məsələlər məhkəmə iclasında aydınlaşdırılmış və iddiaçının qanuni təmsilçisinin məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiqlənmişdir ki, iddia ərizəsi onun tərəfindən imzalanmamış, onun tərəfindən iddia ərizəsinə hüquqi şəxsin möhürü vurulmamışdır. Məhkəmə iclası təyin edildiyi gün imzalayan şəxs kimi X5 göstərilmiş, “ASAN” imza vasitəsi ilə imzalanmış məlumat məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən edilmiş hüquqi yardım İddiaçı MMC-nin elektron kabinetinə, o cümlədən 3 sayı İstintaq Təcritxanasına göndərilərək şəxsən X3 təqdim edilsədə, İddiaçı MMC tərəfindən əsas iş yeri həmin hüquqi şəxs olan işçiyə etibarnamə verilməsi barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. İPM-in 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. İPM-in 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən hazırki iddia İddiaçı MMC tərəfindən qanunla müəyyən edilmiş qaydada qaldırılmamışdır. Həmçinin, bu hal qanunla müəyyən edilmiş qaydada qaldırılmayan iddiada üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı vəsatətə münasibətdə də nəzərə alınmalıdır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinə əsasən apellyasiya məhkəməsinin sədri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir. Həmin Qanunun 111-ci maddəsinə əsasən hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir: fiziki və hüquqi şəxslərin şikayətləri; mediada dərc olunmuş məlumatlar; işlərə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar; İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları; hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları; intizam icraatının başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar. Məhkəmə qeyd edir ki, iddiaçının belə bir tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin səbəbləri qanunvericilkdə göstərilmişdir və bu əsaslardan da biri fiziki və hüquqi şəxslərin şikayətləridir. Məhkəmə iddiaçıya izah edir ki, əgər hesab edirsə, işə baxılarakən pozuntuya yol verilmişdir, bununla bağlı intizam icraatının başlanılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 16.1-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 28, 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair İddiaçı MMC-nin vəsatəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə-Hüquq Şurası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsin. İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar