Məhkəmə qərarları › İş №2-1(112)-1175/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1175/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1175/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 500 kv.m-dən ibarət olan 10 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan X1 işçilərinə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar -2 bağ massivində bağçılıq yoldaşçılıq işlərinin aparılması üçün torpaq sahələri ayrılmışdır. Ayrılmış ərazidə X1 işçilərinə torpaq sahələrinin ayrılması, həmin dövrün həmkarlar komitəsinin protokolu ilə təsdiq edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 1 saylı, xx.xx.1988-ci il tarixli Protokolu ilə Şıxalr -2 bağ sahəsi ərazisində yerləşən 500 kv.m ümumi sahəsi olan 10 saylı torpaq sahəsi X8 ayrılmışdır. X16 Nikolayeviç tərəfindən ona ayrılmış bağ sahəsində hər hansı bir iş görülmədiyindən ümumiyyətlə həmin şəxsin mövcudluğu barədə X2 məlumat olmadığından həmin X11 Komitəsinin xx.xx.1999-cu il tarixli, 2 №-li Protokolu ilə X8 ayrılmış torpaq sahəsi baxımsız qaldığından bu qərar ləğv edilmiş və adıçəkilən bağ sahəsi iddiaçıya verilmişdir. Bundan sonra iddiaçıya bağ sahəsinin ayrılması ilə bağlı bağçılıq cəmiyyətinin üzvlük kitabçası tərtib edilərək verilmişdir. Daha sonra qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən birinci dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2017-ci il tarixli, **********98 nömrəli cavab məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi təqdim edilmiş bağ sahəsinin ölçüsü 500 kv.m təşkil etməsi, aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmışdır və keçid yolu nəzərə alınaraq bağ sahəsinin ərazisi 478 kv.m olduğu bildirilmişdir. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə cavabdehə ikinci dəfə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********34 nömrəli cavab məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının adının idarəyə təqdim edilmiş Zərgərsənaye bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməməsi, eyni zamanda torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən idarədə mövcud olan arxiv bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi göstərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən verilmiş hər iki imtina məktubları bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2017-ci il tarixli **********98 nömrəli verdiyi cavab məktubunda mübahisə predmeti olan bağ sahəsinin sxematik xəritəyə uyğunluğu etiraf edilmiş amma əfsuslarolsu ki, xx.xx.2022-ci il tarixli, **********34 nömrəli cavab məktubunda isə bu halı cavabdeh inzibati orqan təkzib edərək tamamilə başqa əsas göstərmişdir. Qeyd edilməlidir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********98 nömrəli imtina məktubundan sonra ikinci dəfə müraciəti zamanı cavabdeh inzibati orqana notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək ona ayrılmış torpaq sahəsinin 500 kv.m-dən azaldılaraq 478 kv.m olmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı hesab edirk ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi 10 №-li bağ sahəsi ilk öncə X8 ayrılsa da, həmin şəxs tərəfindən bağ sahəsi istifadə olunmadığından bu qərar ləğv edilmiş və torpaq sahəsi iddiaçıya ayrılmışdr. Torpaq sahəsinin ayrılması zamanı mövcud qanunvericilikdə əks olunan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası və protokoldan çıxarış təqdim edilmişdir. Eyni zamanda cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********34 nömrəli imtina məktubunda idarədə mövcud olan bölgü sxemi ilə iddiaçının istifadəsində olan torpaq sahəsindəki uyğunsuzluğu mövcud olduğunu qeyd etsə də, bu uyğunsuzluğun nədən ibarət olması qeyd olunmamışdır.

3. Daşınmaz əmlakın dövlət reyetrində qeydə almadan imtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 500 kv.m. təşkil edir, aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır və keçid yolu nəzərə alınaraq bağ sahəsinin ərazisi 478 kv.m. təşkil edir. Sonrakı imtinada bildirilir ki, idarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi idarənin arxivində mövcud olan bölgü sxemi ilə uyğunsuzluq təşkil edir.

4. İddiaçı tərəfindən cavabdeh quruma ünvanlanmış ərizədə ünvan 1əşən torpaq sahəsinin sənəd üzrə 500 kv.m-dən azalaraq faktiki 478 kv.m. olmasına etiraz etmir, razıdır.

5. İddiaçı tərəfindən məhkəməyə “Zərgərsənaye” X12 tərəfindən İddiaçı adına tərtib olunmuş Qaradağ rayonu, Şıxlar-2 bağ massivində sahəsi 500 kv.m. olan 10 nömrəli sahəyə dair üzvlük kitabçası təqdim olunmuşdur.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Zərgərsənaye” X5 Həmkarlar Komitəsinin xx.xx.1999-cu il tarixl 02 saylı Protokolundan çıxarışa əsasən, Həmkarlar İttifaqı Komitəsinin 1 saylı xx.xx.1998-ci il tarixli protokolu ilə Şıxlar-2 bağ sahəsi ərazisinin siyahısında X6 adına olan 10 saylı 500 kv.m. torpaq sahəsi baxımsız qaldığı üçün ləğv edilmiş və xx.xx.1999-cu il tarixli protokola əsasən X9 10 saylı yerdə 500 kv.m. torpaq sahəsi verilməsi qərara alınmışdır.

7. İddiaçı tərəfindən məhkəməyə “Zərgərsənaye” X5 Şıxlar-2 zonasında torpaq sahəsinin bölgü sxemi təqdim edilmişdir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı iddia tələbi Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən və faktiki olaraq sahəsi 478 kv.m. olan 10 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəyişdirmişdir.

9. Məhkəmədə şahid qismində ifadə verən X15 bildirdi ki, vaxtilə “Zərgərsənaye” X5 İdarə Heyətinin sədri olaraq işləyib. Onun hazırladığı bölgü sxeminə və təqdim etdiyi üzvlərinin iclasının protokolundan çıxarışa uyğun olaraq bağ sahiblərinin hüquqları dövlət qeydiyyatına alınmışdır. Bağ sahələrinin demək olar ki, hamısı özəlləşdirilib, özəlləşdirilməyən 5 və ya 6 bağ sahəsi qalıb. İddiaçıya da üzvlərin protokolundan çıxarış onun tərəfindən tərtib olunub. X6 adına olan 10 saylı 500 kv.m. bağ sahəsi baxımsız qaldığı üçün ləğv edilmiş və iddiaçının adına ayrılmışdır.

10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Zərgərsənaye” bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısı, bölgü sxemi və müayinə aktı təqdim edilmişdir.

11. Təqdim edilmiş üzvlərin siyahısında 142-ci sırada X7 adı vardır.

12. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi idarənin arxivində mövcud olan bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Şıxlar-2 bağ massivində ayrı-ayrı bağ sahələrinə dair sənədlərə əsasən (X4 adına 31 saylı bağ sahəsi, X10 adına 145 saylı bağ sahəsi) eyni qaydada, “Zərgərsənaye” X5 idarə heyətinin sədri kimi X15 tərəfindən tərtib olunmuş protokoldan çıxarış və bağların bölgü sxeminə uyğun olaraq qeydə alınmışdır.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

20. 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

21. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

27. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

29. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

30. İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

31. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Zərgərsənaye” bağçılıq-yoldaşlıq birliyinin arxiv qovluğunda olan üzvlərinin siyahısında 142-ci sirada X6 adı var. X6 adına olan həmin 10 saylı bağ baxımsız qaldığı üçün daha sonra İddiaçı adına sənədləşdirilmiş, adına üzvlərin protokolundan çıxarış və üzvlük kitabçası verilmişdir.

32. Məhkəmə qeyd edir ki, “Zərgərsənaye” bağçılıq-yoldaşlıq birliyinin arxiv qovluğunda olan bölgü sxemi ilə iddiaçı tərəfindən təqdim edilmiş (“Zərgərsənaye” bağçılıq-yoldaşlıq birliyinin möhürü ilə təsdiq edilmiş) bölgü sxemi arasında uyğunsuzluq olsa da, məhz iddiaçı tərəfindən təqdim edilmiş bölgü sxeminə (eləcə də Birliyin sədri olmuş X15 tərəfindən tərtib edilmiş üzvlərin protokolundan çıxarışa) uyğun olaraq ayrı-ayrı şəxslərin bağ sahələrinə hüquqları qeydə alınmışdır.

33. Odur ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən və faktiki olaraq sahəsi 478 kv.m. olan 10 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar