Məhkəmə qərarları › İş №2-1(112)-1175/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1175/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1175/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3-cü mənzilin təqdim olunmuş layihə sənədlərinə uyğun olaraq yaşayış sahəsinin yenidən planlaşdırılması və ya yenidən qurulmasına razılıq verilməsi, həmin işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktının və texniki rəyinin verilməsini və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3-cü mənzili iddiaçının xüsusi mülkiyyətimdədir. Həmin mənzili qeyri-yaşayış sahəsinə keçirmək üçün 2018-ci ildə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli, M-30-162 nömrəli məktubu ilə “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.1, 21.2.2, 21.2.3, 21.2.4 bəndlərinə əsasən tələb olunan sənədləri təqdim etdikdən sonra qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı tərəfindən məktubda qeyd olunan sənədlər yenidən Rayon icra Hakimiyyətinə təqdim edilmiş, sonuncunun 6 avqust 2018-ci il tarixli, M-30/2-162/2-t/1 nömrəli məktubuna əsasən iddiaçıya məxsus mənzilin panel binada yerləşdiyi səbəbindən binanın konstruktiv elementi olan yük daşıyan xarici divarına müdaxilə etmək Tikinti Norma və qaydalarının tələblərinə zidd olduğu bildirilərək müraciət təmin edilməmişdir. Qeyd olunan imtina cavabından sonra məlum oldu ki, üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir. Belə ki, mənzilin texniki pasportunda binanın mişar daşı ilə inşa edildiyi açıq və aydın şəkildə qeyd edilmişdir. İddiaçı bu barədə icra hakimiyyətinə etiraz etdikdə səhv yazıldığı, müvafiq köməkliyin göstəriləcəyi bildirilsə də, lakin müsbət nəticə əldə edilməmişdir. İddiaçı yenidən 2020-ci ildə cavabdehə müraciət etmiş, xx.xx.2020-ci il tarixli, M-123-159 nömrəli məktubda aşağıdakı məzmunda cavab verilmişdir: “Nəzərinizə çatdırırıq ki, Sizə məxsus mənzilin təqdim etdiyiniz layihəyə əsasən yerləşdiyi binanın konstruktiv elementi olan yük daşıyan xarici divarına müdaxilə edildiyi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən alınmış rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırılan məsələyə qanuna müvafiq qaydada tərəfimizdən baxılacaqdır”... Cavabdeh məsələni həll etməyib, sənədləri 11 noyabr 2022-ci il tarixli, M-209-162 nömrəli məktubla aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərmişdir. Qeyd edilən idarə Rayon İcra Hakimiyyətinə və iddiaçıya ünvanladığı 19 dekabr 2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-5225 nömrəli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəllənin 21-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanlarının qərarı əsasında həyata keçirilir və Məcəllənin 20.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Bununla əlaqədar olaraq, sözügedən ünvanda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə etiraz etmirlər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nizami RİH-ə yuxarıda göstərilən məktub ünvanlanmasına baxmayaraq, yenə də iddiaçının müraciətinə müsbət cavab verilməmiş və 30 yanvar 2023-cü il tarixli, 5-16/1-M-8-162/2023 nömrəli məktubda bildirilmişdir ki, “yükdaşıyan divarların etibarlılığı (dayanaqlığı və möhkəmliyi) barədə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır”. Bundan sonra iddiaçı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” İnstitutuna müraciət etmiş və mənzilimin pəncərəaltı hissəsinin sökülməsinin mümkünlüyü barədə 10 fevral 2023- cü il tarixli rəy verildi . Lakin buna baxmayaraq, Rayon İcra Hakimiyyəti yenə də təqdim olunmuş layihə sənədlərinə uyğun olaraq yaşayış sahəsinin yenidən planlaşdırılması və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, 5-16/1-M-30-162/23 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanın çoxmənzilli yaşayış binasında yerləşməsini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurum tərəfindən sözügedən sahənin ekspertizasının keçirilməsi və müvafiq rəyin təqdim edilməsi zərurətini şərtləndirir. İddiaçı qeyd edir ki, cavabdeh, bu cavabı verərkən hər hansı bir hüquq normasına əsaslanmamışdır. Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.1, 21.2.2, 21.2.3 və 21.2.4-cü bəndlərində nəzərdə tutulan bütün sənədləri cavabdehə təqdim edilmiş və imtina üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş qısa məzmunlu yazılı etirazda iddiaya dair hər hansı münasibət bildirilməyərək qeyd edilmişdir ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 12 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 3-cü mənzilinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı aparılmış araşdırma zamanı qeyd edilən ünvanın çoxmənzilli yaşayış binasında yerləşməsi nəzərə alınmış və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurum tərəfindən sözügedən sahənin ekspertizasının keçirilməsi və müvafiq rəyin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9800/2023 nömrəli qərardadı ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3-cü mənzilin təqdim olunmuş layihə sənədlərinə uyğun olaraq yaşayış sahəsinin yenidən planlaşdırılması və ya yenidən qurulmasına razılıq verilməsi, həmin işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktının və texniki rəyinin verilməsini və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq sərəncamın verilməsi ilə bağlı müraciəti üzrə yenidən inzibati icraatın aparılması Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş cavab məktubunda sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilərkən aparılmış yenidən planlaşdırma işləri zamanı pəncərəni qapı oyuğu ilə əvəz edərkən Qara Qarayev prospektinə açılan qapıdan qoyulan pilləkənin səkini zəbt etməklə piyadaların gedişgəlişinə maenəçilik yaratdığı və bu səbəbdən də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1175/2024 nömrəli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza qərardadının icrası ilə əlaqədar 04 sentyabr 2024-cü il tarixdə ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Cavabdeh rayon təsərrüfatı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 06 mart 2018-ci il tarixli məktubdan görünür ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş ümumi yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən təcrid edilməsi barədə müvafiq təşkilatlarla razılaşdırılmış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci Maddəsinin 21.2.1, 21.2.2, 21.2.3, 21.2.4 bəndlərinə əsasən tələb olunan sənədləri təqdim etdikdən sonra qaldırılmış məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. -Bakı şəhəri Cavabdeh rayon təsərrüfatı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 06 avqust 2018-ci il tarixli məktubdan görünür ki, mənzil panel binada yerləşdiyi səbəbdən binanın konstruktiv elementi oian yük daşıyan xarici divarına müdaxiiə etmək Tikinti Norma və Qaydalarının tələblərinə ziddir. Bu səbəbdən də xahişin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. -Bakı şəhər Cavabdeh rayon təsərrüfatı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 18 iyun 2020-ci il tarixli məktubdan görünür ki, mənzilin təqdim olunan layihəyə əsasən yerləşdiyi binanın konstruktiv elementi olan yük daşıyan xarici divarına müdaxilə edildiyi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən alınmış rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırılan məsələyə qanuna müvafiq qaydada baxılacağı bildirilmişdir. -Bakı şəhər Cavabdeh rayon təsərrüfatı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 30 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi) barədə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. - Bakı şəhər Cavabdeh rayon təsərrüfatı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, qeyd edilən ünvanın çoxmənzilli yaşayış binasında yerləşməsini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurum tərəfindən sözügedən sahənin ekspertizasının keçirilməsi və müvafiq rəyin təqdim edilməsi zərurətini şərtləndirir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 ünvanda yerləşən 61.90 kv.metr sahədən ibarət 3 saylı mənzil İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzilə dair verilmiş texniki pasportdan görünür ki, əmlakın ümumi sahəsi 61,9 kv.m təşkil edir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən 19 dekabr 2022-ci il tarixli məktubdan görünür, sözügedən ünvanda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə (şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla) keçirilməsinə etiraz olunmamışdır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-18/2-M-4xx-xx/2023 saylı məktubundan görünür ki, iddiaçının xx.xx.2023-cüil tarixli müraciətinə baxılmış və Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 ünvanda yerləşən 3 saylı mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi üçün tərtib olunmuş layihə sənədləri yanğın təhlükəsizliyi baxımından razılaşdırılmasına dair rəy verilmişdir. İstinad olunan 12 iyul 2023-cü il tarixli, YTNƏŞ-0526 saylı rəydən görünür ki, tərtib olunmuş layihə sənədlərinin qüvvədə olan 2.6.1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2.11-1 “Su təchizatı, Xarici şəbəkə qurğular” AzDTN-nin 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yanğına qarşı tələblərinə uyğundur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 10/5007 nömrəli ekspert rəyindən görünür ki:

1. İddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzilin ümumi sahəsinin 61,9 kv.m olduğu, mənzilin daxilində hər hansı yenidən qurulma yə yenidən planlaşdırılma işlərinin aparılmadığı, faktiki vəziyyətdə qeyri-yaşayış sahəsi (gözəllik salonu) kimi istifadə edilməsi müəyyən olunmuşdur.

2. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzilə bitişik olan sahənin də pəncərə oyuğunun qapı ilə əvəz olunması yolu ilə qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir.

3. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzilin pəncərəsinin qapı oyuğu ilə əvəz edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi qonşulara və piyadaların gediş-gəlişinə hər hansı maneəçilik törədib-törətməməsi məsələsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki obyektərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. Eyni zamanda qeyd olunur ki, sözügedən mənzilin faktiki vəziyyətdə giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahədən (blokdan) olmadığı, ayrıca küçə istiqamətində giriş-çıxışının mövcud olduğu və həmin girişin qarşısında 5,2 metr enində piyadaların gediş-gəlişi üçün nəzərdə sutulmuş sahənin (səkinin) mövcud olduğu müəyyən edilmişdir.

4. Faktiki vəziyyətdə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzilə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən küçə istiqamətində mövcud olmuş pəncərə oyuğunun qapı boşluğu ilə əvəz olunması yolu ilə həyata keçirilir.

5. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzilin daxilincə yenidən qurulması və (və ya) yenidən planlaşdırılma işləri aparılmadığı müəyyən edilmişdir. Həmin mənzildə mövcud olmuş pəncərə oyuğunun qapı boşluğu ilə əvəz olunmasının Memarlıq-planlaşdırma həllinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən Razılaşdırılmasını və layihəyə uyğun olmasını nəzərə alaraq həmin işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 ünvanda yerləşən 61.90 kv.metr sahədən ibarət 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın növü mənzil olsa da, hazırda həmin əmlak qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Müvafiq layihəyə və rəylərə əsasən iddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı 2018-ci ildə ilk dəfə cavabdehə müraciət etmiş, onun müraciəti üzrə inzibati icraat aparılmış, həmin müraciət üzrə iddiaçıya fərqli məzmunlu məktublar ünvanlanmış və ən son məhkəmə qərardadının icrası nəticəsində cavabdeh mənzilin qeyri-yaşayış sahəsinə keçirilərkən aparılmış yenidən planlaşdırma işləri zamanı pəncərəni qapı oyuğu ilə əvəz edərkən Qara Qarayev prospektinə açılan qapıdan qoyulan pilləkənin səkini zəbt etməklə piyadaların gedişgəlişinə maenəçilik yaratdığını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə, cavabdehin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı istinad etdiyi dəlillərin əsassızlığı ilə bağlı aşağıdaki mövqeyini bildirir. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, cavabdeh imtina əsası kimi mənzilin qeyri-yaşayış sahəsinə keçirilərkən aparılmış yenidən planlaşdırma işləri zamanı pəncərəni qapı oyuğu ilə əvəz edərkən Qara Qarayev prospektinə açılan qapıdan qoyulan pilləkənin səkini zəbt etməklə piyadaların gediş-gəlişinə maenəçilik yaratdığını əsas gətirmişdir. Lakin məhkəmə araşdırılması zamanı cavabdehin imtinasının əsassız olduğu ekspert rəyi ilə təkzib olunmuşdur. Təqdim olunmuş ekspert rəyidən də göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzilin ümumi sahəsinin 61,9 kv.m olduğu, mənzilin daxilində hər hansı yenidən qurulma yə yenidən planlaşdırılma işlərinin aparılmadığı, bitişik olan sahənin də pəncərə oyuğunun qapı ilə əvəz olunması yolu ilə faktiki vəziyyətdə qeyri-yaşayış sahəsi (gözəllik salonu) kimi istifadə edildiyi, mənzilin faktiki vəziyyətdə giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahədən (blokdan) olmadığı, ayrıca küçə istiqamətində giriş-çıxışının mövcud olduğu və həmin girişin qarşısında 5,2 metr enində piyadaların gediş-gəlişi üçün nəzərdə sutulmuş sahənin (səkinin) mövcud olduğu müəyyən olunmuşdur. Göründüyü kimi cavabdehin imtina əsasında göstərilən halların aydınlaşdırılmasının xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur ki, həmin ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən irəli sürülən imtina əsaslarının ümumiyyətlə mövcud olmadığı, qeyri-yaşayış sahəsi ilə bağlı yenidənqurulma və yenidən planlaşdırılma işlərinin aparılmadığı müəyyən olunmuşdur. Doğrudur ki, ekspert öz rəyində mənzilin pəncərəsinin qapı oyuğu ilə əvəz edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi qonşulara və piyadaların gediş-gəlişinə hər hansı maneəçilik törədib-törətməməsi məsələsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki obyektərinin tədqiqi ekspertizasının predmetinə aid olmadığını bildirsə də, mənzilin faktiki vəziyyətdə giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahədən (blokdan) olmaması, ayrıca küçə istiqamətində giriş-çıxışının mövcud olması və həmin girişin qarşısında 5,2 metr enində piyadaların gediş-gəlişi üçün nəzərdə sutulmuş sahənin (səkinin) mövcud olması cavabdehin imtina əsası kimi göstərilən halları təkzib edən arqumentlərdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilənləri təkzib edən hər hansı obyektiv dəlillər cavabdeh tərəfindən təqdim edilmədiyindən, sözügedən ekspert rəyi sübut qismində qiymətləndirilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Qanununun: 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Prosessual xərclər ilə bağlı nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 100 manat ekspertiza xərci mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehdən tutulmalıdır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 12 №-li evin 1-ci mərtəbəsində yerləşən 3-cü mənzilin təqdim olunmuş layihə sənədlərinə uyğun olaraq yaşayış sahəsinin yenidən planlaşdırılması və ya yenidən qurulmasına razılıq verilməsi, həmin işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktının və texniki rəyinin verilməsini və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar