Məhkəmə qərarları › İş №2-1(112)-11754/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11754/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11754/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4, X10, X8, X9) qarşı “ çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X4, X10, X8, X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci il tarixdən X11 ilə faktiki nikah münasibətlərində olmuş, kəbin kəstirmiş, 2005-ci il tarixdə Ramana qəsəbəsində 6 sot torpaq almışdır. 3,5 sot özləri, 2,5 sot isə Əlinin oğlu İzzət üçün alınmışdır. 2007-ci il tarixdən 3,5 sot torpaq sahəsində ev tikərək yaşamaqdadır. İzzət isə 2,5 torpaq sahəsində ev tikib yaşamış, sonradan köçüb getmişdir. X4, X12 və s ona və oğluna qarşı iddia qaldırmış, o, da qarşılıqlı iddia verərək 3,5 sot torpaq sahəsi və üstündə tikilmiş evə istifadə hüququnun tanınması barədə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2015-ci il tarixli qərarı ilə 3,5 sot torpaq sahəsinin üstündə inşa edilmiş evə istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə nəticəsində evə onun əmlak hüququnun mövcudluğu müəyyən edilir. Ali məhkəmənin 21 avqust 2015-ci il tarixli qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Bundan sonra X5 və s yenidən iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi nəticəsində iddia rədd edilmişdir. Həmin qətnamədə də 3,5 sot torpaq sahəsində inşa edilmiş evə istifadə hüququnun tanınması göstərilmişdir. Bundan sonra, evə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. İddia ərizəsinə etiraz: Bakı ş, Sabunçu r, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi X6 adına qeydiyyata alınmış, vərəsəlik qaydasında X7 və digərlərinin adına rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər iddiaçının adına təqdim edilməmişdir. Məhkəmə bildirişi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Məhkəmə qərarlarında cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Torpaq sahəsinin ümumi ölçüsü 0,03285 kv.m, tikili altı sahənin ölçüsü 162,3 kv.m təşkil edir. Tərəflər izahatları: İddiaçının vəkili və nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi Cavabdehin nümayəndəsi və üçüncü şəxs iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, Bakı ş, Sabunçu r, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi X6 adına qeydiyyata alınmış, vərəsəlik qaydasında X7 və digərlərinin adına rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər iddiaçının adına təqdim edilməmişdir. Məhkəmə bildirişi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Məhkəmə qərarlarında cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2015-ci iol tarixli qətnaməsindən görünür ki, qarşılıqlı iddiaçılar İddiaçı və X2 apellyasiya şikayəti qismən təmin edilmiş Bakı ş, Ramana qəs, Bünyadzadə küç 58/13 ünvanda yerləşən 3,5 torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə istifadə hüquqları tanınmış, ilkin iddialar və müstəqil tələb irəli sürən şəxslərin iddiaları və qarşılıqlı iddia digər hissələrdə təmin edilməmişdir. Ali Məhkəmənin 21 avqust 2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı qüvvədə saxlanılmış, şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinə İddiaçı və oğlu R.Musayevin istifadə hüququnun olmamamasının müəyyən edilməsi, ünvandan çıxarılması və Z.Qəmbərovun köçürülməsi barədə iddia qaldırılmış, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə evə köçürülmə hissədə iddia təmin edilmiş, digər hissələrdə rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədə, o da qeyd edilmişdir ki, iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində inşa edilmiş yaşayış sahələri dövlət qeydiyyatına alınmamışdır, mülkiyyətdə deyildir. Həmin torpaq sahəsində dövlət tərəfindən icazələr alınmadan tikilmiş və qeydə alınmamış 2 fərdi yaşayış evi inşa edilmişdir. Evlərdən birində istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cavabdeh yaşayır. Digər mənzil isə kirayəyə verilmişdir. Özbaşına tikiliyə mülkiyyət hüququnu təsbit edən normaların hazırkı işə tətbiq edilməsi üçün əsas yoxdur. Arayışdan görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evində qeydiyyatdadır. Çıxarışdan görünür ki, Bakı ş, Sabunçu r, Ramana qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Adıçəkilən əmlaka dair qovluqda olan sənədlərdən müəyyən edilir ki, bələdiyyə qərarı əsasında ayrılmış həmin torpaq sahəsi Ə.Qəmbərovun vəfatından sonra vərəsəlik qaydasında 4 payçı-Z.Qəmbərov, İ.Qəmbərov, E.Mirzəyeva və X.Qədimovanın paylı mülkiyyətinə verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən əmlaka dair yuxarıda adıçəkilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas istifadə hüququnun mövcud olması barədə məhkəmə qətnaməsinə istinad edir ki, həmin qətnamədə məhkəmə hesab edir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab edilmir. Bununla əlaqədar qeyd edilməsi zəruri hesab edilir ki, Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi əmlakdan istifadə hüququ əmlak hüququnun bir növü kimi müəyyən edilsə də, mülkiyyət hüququndan fərqləndirilir. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ hesab edilir ki, aydın məsələdir ki, istifadə hüququnun subyektinin əmlaka sərəncam vermək hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi üçün, həmin hüquqlar arasında fərqləndirmənin müəyyən edilməsi zəruridir. İş materiallarında olan məhkəmə qətnamələrində isə iddiaçının fərdi yaşayış evinə istifadə hüququnun olması məsələsinə aydınlıq gətirilmiş, qarşılıqlı iddia buna dair hissədə təmin edilmişdir. Bundan əlavə, o da qeyd edilmişdir ki, torpaq sahəsində inşa edilmiş yaşayış sahələri dövlət qeydiyyatına alınmamışdır, mülkiyyətdə deyildir. Həmin torpaq sahəsində dövlət tərəfindən icazələr alınmadan tikilmiş və qeydə alınmamış 2 fərdi yaşayış evi inşa edilmişdir. Özbaşına tikiliyə mülkiyyət hüququnu təsbit edən normaların hazırkı işə tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisə istifadə hüququnun dövlət qeydiyyatı ilə əlaqədar olmadığından özbaşına tikiliyə istifadə hüququnun dövlət qeydiyyatı üçün məhkəmə qətnaməsinin əsas olub-olmaması, məhkəmə qətnaməsində istifadə hüququ dedikdə istifadə qaydalarının müəyyən edilməsi, yoxsa mülki qanunvericilik mənasında əmlak hüququnun bir növü kimi istifadə hüququnun nəzərdə tutulduğunu qiymətləndirmək zərurəti hal-hazırda mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evinə istifadə hüququnun yox, məhz mülkiyyət hüququnun dövlət qeydiyyatını tələb edir. Lakin, işin faktiki hallarından da müəyyən edilir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, təqdim edilmiş məhkəmə qətnaməsi ümumiyyətlə mülkiyyət hüququ ilə əlaqədar olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar