Məhkəmə qərarları › İş №2-1(112)-11755/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11755/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11755/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı, BTİ və İB-nin xx.xx.1989cu il tarixli 11 saylı Orderi ilə verilmiş Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və həmin bağ sahəsinə dair iddiaçının hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində vəfat etmiş X4 həyat yoldaşı olmaqla ölümündən sonra həm də vərəsəsi olmuşdur. X1 Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı, BTİ və İB-nin xx.xx.1989-cu il tarixli 11 saylı Orderi ilə verilmiş Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ evi tikintisi üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi ayrılmışdır. Mərhumun hüquqi varisi olan həyat yoldaşı İddiaçı həmin sahənin dövlət qeydiyyatına alınması üçün Asan Xidmət mərkəzinə etdiyi müraciət zamanı ona bildirilmişdir ki, həmin bağ torpaq sahəsi başqa şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələr iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, bağ sahəsi 35 ildir ki, onun istifadəsindədir və orada ailə üzvləri ilə birlikdı yaşayır. Üçüncü şəxs qismində cəlb edilmiş R.Misirovun onun qonşusudur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı 151 saylı bağ sahəsinə dair aparılmış qeydin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Verilmiş iddia tələbində iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı və ya müqaviləni deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. Məhkəmə isə iddiaçıya izah edir ki, iddiaçı üçün uyğun iddia növü hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin etibarlılığını (əsaslılığını) mübahisələndirməkdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən 109 nömrəli bağ tikinti kooperativi nəzdində ayrılmış b/s nömrəli order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ evi xx.xx.1997-ci ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 3M-3-353 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsi əssında xx.xx.2001-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 44-cü dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli alqısatqı müqaviləsi əsasında xx.xx.2003-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2014-cü il tarixdə isə Novxanı kəndi, 0.12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 132.9 kv.m olan 151 saylı bağ evi seriya BM № 000932 Qeydiyyat Vəsiqəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2014-cü il tarixdə vahid əmlak kimi X3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçının iddia etdiyi (faktiki yaşadığı) 151 № li bağ sahəsi ilə üçüncü şəxsin dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış faktiki bağ sahələri ayrı-ayrı bağ sahələridirsə və yalnız bağların nömrəsi təkrarlanırsa, o zaman 151 № li bağ sahəsinə dair üçüncü şəxsin adına reyestrdə aparılmış qeydiyyatı iddiaçının hüquqlarına toxunmur. İddiaçı müvafiq hüquqmüəyyənedici sənədlər təqdim etməklə faktiki istifadəsində olan bağa dair cavabdehə qarşı mülkiyyət hüququnun qeydə alınması barədə tələb irəli sürə bilər. Məhkəmə araşdırması zamanı iddia edilən bağla, üçüncü şəxsin mülkiyyətində olan bağın ayrı-ayrı bağ sahələri olması müəyyən edilərsə iddiaçının üçüncü şəxsin adına aparılmış qeydi mübahisələndirməsinə zərurət yoxdur. Əgər söhbət eyni bağ sahəsinə dair iddiadan gedirsə, onda iddiaçı 151 № li bağa dair qeydin aparılmasına əsas olmuş ilkin hüquqmüəyyənerdici sənədləri, yəni Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarını mübahisələndirə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydin ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar