Məhkəmə qərarları › İş №2-1(112)-1176/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1176/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1176/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə oglunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oglunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oglu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu giriş bloku, 42 nömrəli mənzilin və həmin ünvanda 17,9 kv.m. sahəsi olan İİİ E-28 nömrəli qarajın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 154 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" ASC göstərildiyi halda, mənzilə və qeyri-yaşayış sahəsinə (qaraj) dair müraciətə əlavə olunmuş sənədlər “X5” MMC tərəfindən təsdiq edildiyini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı oglu cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu giriş bloku, 42 nömrəli mənzilin və həmin ünvanda 17,9 kv.m. sahəsi olan İİİ E-28 nömrəli qarajın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu giriş bloku, 42 nömrəli mənzilin və həmin ünvanda 17,9 kv.m. sahəsi olan İİİ E-28 nömrəli qarajın dəyərini tam ödəyərək əldə etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin mənzilin və qarajın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 154 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" ASC göstərilmişdir. Lakin Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu korpusunda yerləşən 42 saylı mənzilinə və qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (qaraj) dair müraciətə əlavə olunmuş sənədlər “X5” MMC tərəfindən təsdiq edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış iddiaçıya **********75 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. Əlavə olaraq, sözügedən mənzilin ümumi sahəsi faktiki olaraq 152,1 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu korpusunda yerləşən 42 saylı mənzilə və qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (qaraj) dair xx.xx.2015-ci il tarixdə “X5” MMC ilə müqavilə bağlamışdır və iddiaçı tərəfindən mənzilin və qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq “X5” MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 1-8 saylı yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 185 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində “X5” MMC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 107 nömrəli sərəncamı ilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 9-11 saylı yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 154 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" ASC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 237 nömrəli sərəncamı ilə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər; … 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). İddiaçının istinad etdiyi mübahisə predmeti mənzilə və qaraja dair xx.xx.2015-ci il tarixdə “X5” MMC ilə bağladığı müqavilə və maliyyə arayışıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Cavabdehin imtinasının (etirazının) əsasını o təşkil edir ki, mübahisə predmeti mənzilin və qarajın yerləşdiyi binanın istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" ASC göstərildiyi halda, iddiaçı tərəfindən təqdim edilmş sənədlər “X5” MMC tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, məhəllə 1061 ünvanında 11 yaşayış binası inşa edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binalardan: - 2 girişli, zirzəmili, 1-ci girişi 13 (+mansarda), 2-ci girişi 15 (+mansarda) mərtəbəli (bina 1); - 2 girişli, zirzəmili, 1-ci mərtəbəsi q/y, 14 (+mansarda) mərtəbəli (bina 2); - 2 girişli, zirzəmili, kürsülü, 1-ci girişi 14 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (bina 3); - 3 girişli, zirzəmili, 1 və 3-cü girişlər 13 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (bina 4); - 3 girişli, kürsülü, 1 və 3-cü girişlər 14 (+mansarda), 2-ci girişi 13 (+mansarda) mərtəbəli (bina 5); - 2 girişli, kürsülü, 1-ci girişi 13 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (bina 6); - 1 girişli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli q/y, 20 (+texniki) mərtəbəli (bina 7); - 3 girişli, zirzəmili, 1-ci mərtəbəsi q/y, 1 və 3-cü girişlər 17 (+texniki), 2-ci girişi 19 (+texniki) mərtəbəli (bina 8) yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 185 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində “X5” MMC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 107 nömrəli sərəncamı ilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binalardan: - 2 girişli, 16 mərtəbəli (bina 9); - 1 girişli, 1-ci mərtəbəsi qismən 2 səviyyəli, 19 mərtəbəli (bina 10 – mübahisə predmeti mənzil və qarajın yerləşdiyi); - 1 girişli, 2 səviyyə zirzəmili, 20 mərtəbəli (bina 11) yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 154 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" ASC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 237 nömrəli sərəncamı ilə verilmişdir. Qeyd edilən 9, 10 və 11 nömrəli yaşayış binalarının tikintisi zamanı bütün sənədlərdə tikintini sifariş edən, yəni sifarişçi qismində "xxxx" ASC-nin göstərildiyi müəyyən edildiyindən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddə - Tikinti obyektinin istismarına icazədə də onun adının yazılması təbiidir. Məhkəmə qeyd edir ki, tikinti obyektinin istismarına icazədə sifarişçi qismində "xxxx" ASC-nin adının yazılması “X5” MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni şübhə altına almağa əsas verir. Belə ki, məhkəmə icraatı zamanı mübahisə predmeti mənzilin və qarajın yerləşdiyi 10-cu binada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair hüquqmüəyyənedici sənədlər cavabdeh orqandan əldə edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, həmin binada 28, 46, 9, 45 və 51 saylı mənzillərə dair müqavilələr (tarixləri iddiaçının müqaviləsindən həm əvvəl, həm də sonra) və maliyyə arayışları iddiaçıdan fərqli olaraq "xxxx" ASC tərəfindən təsdiq edilmiş və tək girişli 10-cu yaşayış binasının "xxxx" ASC-yə məxsus olması göstərilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı qeyd edilən yaşayış binası ilə bağlı müqavilə bağlamağa dair “X5” MMC-nin səlahiyyətini işarə edən "xxxx" ASC ilə olan hər hansı əlaqələndirici sənəd müəyyən edilməmişdir. Belə olan halda, istinad olunan müqavilə mənzil və qaraj üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin bir halı da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təcrübəsində “istismara icazə sənədindəki sifarişçi ilə mənzil sahiblərinin müqavilələ tərəfinin adlarının fərqli olduğu” digər işlər üzrə yanaşma hazırkı mübahisəyə tətbiq edilə bilməz. Fərq ondadır ki, həmin işlərdə binadakı mənzillərə dair bütün müqavilələr istismara icazə sənədindən fərqli olsa da eyni hüquqi şəxs tərəfindən təsdiq edilmişdir, hazırkı işdə isə iddiaçının müqaviləsi digərlərindən ayrılır. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oglunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar