Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11771/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “İddiaçı Bakı şəhəri Yasamal RİHB- nın xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncamı əsasında verilmiş ünvan 1 ünvanda yerləşən yaşayış və köməkçi sahələrə dair, 7,7 kv.metr sahəli köməkçi sahə nəzərə almaqla,mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərisinə əlavə edilmiş qeydiyyat vəsiqəsindən göründüyü kimi Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 37 saylı, 3 otaqlı, yaşayış sahəsi 41,9 kv.m olan mənzilə dair hüquqlar xx.xx.1995-ci il tarixdən dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin tikililərə dair xx.xx.1995-ci il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. Lakin onun rəsmi müraciəti əsasında iddiaçıya təqdim edilmiş və ərizəyə əlavə edilmiş AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinnin Bakı filialın xx.xx.2020-ci il edilmiş Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1992-ci il tarixli 532/5 saylı və xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncamlarından da göründüyü kimi ilkin mülkiyyətində olan sahəsi 25,9 kv.m olan iki otağı mənzil Əzizə Məmmədovanın sərəncamında olmuş, həmin sərəncamla anasına məxsus sahəsi M-172 saylı məktubdan və həmin məktuba əlavə edilərək iddiaçıya təqdim 25.9 kv.m yaşayış sahəsinə qonşuluqda boşalmış 2 otaqlı 36,5 kv.m sahəli mənzil birləşdirilərək anası 4 otaqlı 62,4 kv.m sahəli mənzilin kirayəçisi hesab edilmiş, daha sonra isə həmin mənzil anası Əzizə Məmmədova ilə arasında bölünərək sahəsi 41.9 kv.m sahəli 3 otaqlı mənzil iddiaçının, sahəsi 17,0 kv.m olan 1 otaqlı mənzil isə Əzizə Məmmədovanın icarəsində saxlanılmışdır. Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncamı əsasında da 41,9 kv.m sahəli 3 yaşayış otağa dair adıma Bakı şəhəri Tİ və MHQ-tı idarəsi tərəfindən xx.xx.1995-ci il tarixli,1 yaşayış otağa dair Əzizə Məmmədovanın adına xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqələri verilmişdir. O vaxtdan da ünvan 1, 3 otaqlı, yaşayış sahəsi 41,9 kv.m olan mənzil yardımçı (mətbəx, ayaqyolu, dəhliz və köməkşi) sahələrlə birlikdə iddiaçının mülkiyyətində, sərəncamında, sahibliyində və istifadəsindədir. İddiaçı hazırki tələb ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd edilənlər ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********36 xaricolma nömrəli məktubla cavab verilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən 7.7 kv.m olan sahə ümumi istifadə üçün nəzərdə tutulan pilləkan meydançasının bir hissəsində yerləşir. Mənzilin ümumi sahəsi 81.7 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 532/5 №-li, xx.xx.1992-ci il tarixli Sərəncamı ilə Nizami küçəsindəki 53 №-li evin yaşayış sahəsi 36,5 kv.m olan boşalmış otaqlı mənzil X1 mənzilinə əlavə edilmiş və o, yaşayış sahəsi 62,4 kv.m olan həmin mənzilin kirayəçisi hesab edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 121/2 №-li, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə İdarələrarası komissiyanın Nizami küçəsi 53 №-li evin, 36 nömrəli mənzilinin bölünməsinin mümkünlüyü haqqında rəy təsdiq edilmiş, 41,9 kv.m sahəsi olan üç otaq ev sahibinin oğlu İddiaçı adına keçirilmiş, 17 kv.m sahəsi olan bir otaq ev sahibi X2 adına keçirilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmış və bu barədə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 144/18 №-li Sərəncamı ilə ümumi sahəsi 52,4 kv.m olan Nizami küçəsi, 53 №-li evin, 37 №-li mənzil İddiaçı mülkiyyətinə əvəzsiz verilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, tərəfinizdən göstərilən 7.7 kv.m olan sahə ümumi istifadə üçün nəzərdə tutulan pilləkən meydançasının bir hissəsində yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halı əsas gətirmişdir: - İddiaçı tərəfindən göstərilən 7.7 kv.m olan sahənin ümumi istifadə üçün nəzərdə tutulan pilləkan meydançasının bir hissəsində yerləşməsidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Hazırki işdən də göründüyü kimi Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 532/5 №-li, xx.xx.1992-ci il tarixli Sərəncamı ilə Nizami küçəsindəki 53 №-li evin yaşayış sahəsi 36,5 kv.m olan boşalmış otaqlı mənzil X1 mənzilinə əlavə edilmiş və o, həmin mənzilin icarəçisi hesab edilmişdir. Daha sonra yerli icra hakimiyyətinin xx.xx.1994-cü il tarixli Sərəncamı ilə 36 nömrəli mənzil bölünmüş, 41,9 kv.m sahəsi olan üç otaq ev sahibinin oğlu İddiaçı adına keçirilmiş, 17 kv.m sahəsi olan bir otaq ev sahibi X2 adına keçirilmişdir. Daha sonra 37 №-li mənzil İddiaçı mülkiyyətinə əvəzsiz verilmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istədiyi 37 nömrəli mənzil qeydiyyat vəsiqəsinə və yerli icra hakimiyyətinin sərəncamına əsasən əvəzsiz olaraq ona verilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin iddia etdiyi 7,7 kv.m sahə həmin mənzilə bitişik olan sahədir ki, bu sahə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli Sərəncamı əsasında 36 nömrəli mənzilin bölünməsindən sonra mənzilin ümumi ölçüsünə daxil olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki ki, iş üzrə təqdim olunmuş ekspert rəyindən də göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 121/11 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş mənzilin ümumi faktiki sahəsi 86,8 kv.m təşkil etməsi, həmin mənzilin 8.0, 2.5, 7.5 və 7.7 kv.m köməkçi sahələrinin istismarı zamanı təhlükəsizlik normalarının tələblərinin pozulmadığı müəyyən olunmuşdur. Bundan başqa, Məhkəmənin özü tərəfdən də ünvan 3 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı isə cavabdeh tərəfindən istinad edilən 7,7 ölçüdə ümumi istifadə üçün nəzərdə tutulan pilləkan meydançasının bir hissəsində olduğu qeyd edilən sahə də daxil olmaqla ekspert rəyində ümumi faktiki ölçüsü 86.8 kv.m kimi göstərilən mənzil iddiaçının istifadəsində olmaqla giriş-çıxış eyni sahədən olması, 7.7 kv.m göstərilən sərəncama əlavə edilmiş sxemdə mövcud olan sahə girişdən solda yerləşən otaqdan daxil olmaqla həmin otaqdan sonra yerləşir və faktiki otaq kimi istifadə edildiyi, həmin sahəyə digər hissələrdən, o cümlədən ümumi istifadə olunan yerdən giriş mövcud deyil və giriş sadəcə ilkin otaqdan keçməklə mümkün olması, binanın mərtəbələr arası məsafənin hündürlüyü xüsusiyyətləri həmin sahənin otaq kimi istifadəsi zamanı digər şəxslərin istifadəsi baxımından hər hansı maneə yaratmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, faktiki olaraq cavabdeh tərəfindən 7.7 kv.m sahənin ümumi istifadə üçün nəzərdə tutulan pilləkən meydançasının bir hissəsində yerləşdiyinə istinad olunsa da, həmin sahənin mənzilə bitişik sahə olması və bu sahənin Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 121/11 nömrəli Sərəncamı ilə iddiaçıya verilmiş mənzilin ümumi sahəsinə daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Yuxarı instansiya məhkəməsinin təcrübə müəyyən edən qərarlarının tələbləri ilə də müəyyən edilir ki, cavabdeh əmlak orqanı, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə, yenidən qurma və təmir tikinti işlərinin aparılması, istismara və tikintiyə icazə verilmə və s kimi səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Cavabdeh səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərə bağlıdır və həmin sənədlərin məzmununa uyğun davranmağa borcludur. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. (2-1(102)-1202/2024 saylı iş üzrə xx.xx.2024 tarixli, 2-1(102)-1485/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)- 2104/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1485/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-242/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli, 2-1(102)-843/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il, 2- 1(102)-263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar, 2-1(102)-774/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 il tarixli qərardakı qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq) Beləliklə Məhkəmə etimad doktrinasına əsaslanaraq qeyd edir ki, Yasamal Rayon İcra Hakimiyyətinin sözügedən sərəncamı dövlət orqanının vətəndaşın sahibliyinə və mənzil üzərində faktiki istifadəsinə olan inamını əks etdirir. Qanunvericilik çərçivəsində və hal-hazırda öz hüquqi qüvvəsini saxlamış sərəncam vətəndaşın mənzildən həmin formada istifadə etməsini və hüquqi sabitlik prinsipini təmin etməyə xidmət etmişdir. Belə olan halda isə Məhkəmə hesab edir ki, həmin sərəncam qüvvədə olduğundan, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının aparılmasından imtinası etməkdə cavabdeh haqlı olmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncamı əsasında verilmiş ünvan 1 ünvanda yerləşən yaşayış və köməkçi sahələrə dair 7,7 kv.metr sahəli köməkçi sahə nəzərə almaqla, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11771/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11771/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver