Məhkəmə qərarları › İş №2-1(112)-11774/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11774/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11774/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X7 Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə vahid əmlak kimi yeni çıxarışın verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 68 a ünvanında 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 133,8 kv.m yaşayış, -kv.m. qeyri yaşayış, 94,1 kv.m. 2 köməkçi sahədən ibarət 68a nömrəli fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,03409 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi (fərdi yaşayış evi və torpaq sahəsi) dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MN seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 68 a ünvanında 0,03409 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 133,8 m” yaşayış, -m2 qeyri yaşayış, 94,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi 4/12 hissədə paylı mülkiyyət hüququ üzrə iddiaçıya, 8/12 hissədə isə X6 məxsusdur. İddiaçı fərdi yaşayış evinin və altında yerləşən 0.03409 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-ci il tarixli məktubu ilə paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin digər mülkiyyətçisinin əcnəbi vətəndaş olması əsası ilə ərizəsini təmin etməkdən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, əcnəbi vətəndaşa məxsus 8/12 hissə digər vətəndaşlara satılmışdır. Cavabdeh şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsaslansa da, həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların onun hazırki işi ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair xx.xx.2023-cü il tarixli etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının və X1 paylı mülkiyyətindədir. Həmçinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da 68a və 68b saylı fərdi yaşayış evləri birlikdə göstərilsə də, təqdim edilən çıxarışda həmin evin mülkiyyətçiləri qeyd edilməmiş, ancaq evin texniki göstəriciləri nəzərə alınmışdır. Bundan başqa 68b nömrəli fərdi yaşayış evi ilkin olaraq digər şəxsin adına qeydiyyata alınaraq sonradan mülkiyyətçi tərəfindən özgəninkiləşdirilmişdir. Bundan əlavə müraciətdə qeyd olunan fərdi yaşayış evinin digər payçısı əcnəbidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Qeyd olunanlarla yanaşı çıxarışda göstərilən digər payçı X6 məxsus hissənin iddiaçıya keçməsi ilə bağlı əlaqəli sənəd təqdim olunmamışdır. Bu səbəbdən fərdi yaşayış evi və torpaq sahəsi üzərində tam mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən fərdi yaşayış evinə yerli baxış zamanı fərdi yaşayış evinin bir hissəsində rekonstruksiya işləri aparılaraq texniki pasportda olan tikilinin konfiqurasiyasından fərqli ikimərtəbəli yaşayış evi inşa edilməsi və digər sahənin iki hissəyə ayrıldığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırlıq icraatı üzrə iclasda iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə baglı iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək subyektiv hüququnun oldugunu təsdiq edən sənədlərin təqdim edilməsi izah edilmiş, iddiaçının nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Hazırki iddianın qaldırılmasında iddiaçının hüquqi maragı 4/12 hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində istifadədə olan 0.03409 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 133.8 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 94.1 kv.m köməkçi sahədən ibarət 68a nömrəli fərdi yaşayış evinə dair tam olaraq mülkiyyət hüququnun hüquqi qeydiyyata alınaraq vahid çıxarışın verilməsidir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-33487/2023 nömrəli məktubu ilə göndərilmiş mübahisəli evə dair arxiv qovlugunda olan sənədlərdən göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u keçmiş 12-ya Naqornaya küçəsində inşa edilmiş 68a və 68b saylı fərdi yaşayış evlərinə dair X2, X3 və X4 adına tərtib edilmişdir. X12 Sovetinin Nərimanov rayon İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 22 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 160.0 kv. metr torpaq sahəsində inşa edilmiş 4 otaqlı 12,8; 17.8; 18.8; 9,2 kv.m., dəhliz 3.75 kv.m., mətbəx 5.0 kv.m., hamam 3,0 kv.m., tualet – 2,5 kv.m., ümumi sahəsi 113,6 kv.m, yaşayış sahəsi 58,6 kv.m olan özbaşına tikili olan ev Q.D.Saturyanın adına rəsmiləşdirilmişdir. 1989-cu il tarixli müqaviləyə əsasən 68a saylı evin 1/3 hissəsini X14 satmışdır. 04 sentyabr 1997-ci il tarixli müqaviləyə əsasən X15 ünvan 3 ünvanında yerləşən 48 nömrəli mənzili X14 məxsus ümumi sahəsi 58,6 kv. m. olan 68 a nömrəli evin 4 otaqlı mənzilin 1/3 hissəsinə dəyişmişdir. Buna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya MH, 106699 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi ilə 68a nömrəli evin 1/3 hissəsi X11 və 2/3 hissəsi X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Sonradan Nərimanov Rayon Məhkəməsinin 2-1644/2005 nömrəli, 12 dekabr 2005-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş ünvan 4 ünvanında yerləşən evin ümumi sahəsi 87,7 kv.metr olan 4 yaşayış otaqlı 1/3 hissəsinin 3/4 (dörddə üç) hissəsinə İddiaçı payının, 1/4 (dörddə bir) hissəsinə isə X8 payının müəyyən edilməsi, Bakı şəhəri Y.Vəzirov (Y.Çəmənzaminli) küçəsindəki ümumi sahəsi 87,7 kv.metr olan 4 yaşayış otaqlı 68 A saylı evin İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı Bakı şəhəri, Y.Vəzirov (Y.Çəmənzaminli) küçəsindəki 68 a saylı evinin 1/4 (dörddə bir) hissəsinin dəyərini təşkil edən 112.282.212 (yüz on bir milyon iki yüz səksən iki min iki yüz iki) manat alınıb X10 verilməsi, X8 Bakı şəhəri, Y.Vəzirov (Y.Çəmənzaminli) küçəsindəki 68 a saylı evinə mülkiyyət hüququnun ləğv olunması qət edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnu təsdiq edən sənədlərin mövcud olması zəruridir. Lakin iş materiallrından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində istifadədə olan 0.03409 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 133.8 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 94.1 kv.m köməkçi sahədən ibarət 68a nömrəli fərdi yaşayış evi xx.xx.2006-cı ildən 4/12 hissədə İddiaçı, 8/12 hissədə X5 paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 257 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə: Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Maddə 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Maddə 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: Maddə 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ;... Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə olduğu halda isə hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ olmadığı üçün o, cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Odur ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün deyil. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçıya izah edilir ki, iddia etdiyi daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusu olduğundan naturada payı ayrılmadan mübahisəli əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilməz. Əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mübahisə olduqda isə mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz payının naturada ayrılmasını əmlakın oldugu yer üzrə ümumi yurisdiksiyalı məhkəməsi müstəvisində tələb edə bilər. Göstərilən məsələlər öz həllini tapdıqdan və iddiaçının paylı əmlakdan payı ayrıldıqdan sonra daşınmaz əmlakla baglı müvafiq səlahiyyətli inzibati orqana əmlak hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etməklə müstəqil şəkildə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar