Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11776/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “icarə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin, 2 saylı mənzilinin altında yerləşən zirzəmiyə (qeyri-yaşayış sahəsinə) dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 121 saylı evin 2 saylı mənzilinə dair xx.xx.2014-cü il tarixdə DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən çıxarış iddiaçıya təqdim edilmişdir. Həmin mənzilin altında yerləşən zirzəmiyə (qeyri-yaşayış sahəsinə) üçüncü şəxsin xeyrinə icarəyə verilməsi haqqında məktub Birlik tərəfindən verilmişdir. Dəfələrlə aidiyyəti qurumlara və cavabdehə müraciət etmiş, lakin bütün müraciətlərinə müsbət cavab ala bilməmişdir. Mənzil-Kommunal təsərrüfatı departamentinin xx.xx.2022-ci il tarixli məktubu ilə cavabdehə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi müraciət etmiş, lakin 35 gün keçməsinə baxmayaraq ona cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırda sözügedən qeyri-yaşayış sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı balanssaxlayıcı təşkilat olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən razılıq verilməmişdir və balanssaxlayıcı təşkilat Xidmətə müraciət edərək həmin sahə ilə bağlı mübahisənin mövcud olduğunu bildirmişdir. Belə ki, ilkin olaraq mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin üçüncü şəxs X1 adına özəlləşdirilməsinə və icarəyə verilməsinə etiraz edilməməsi barədə balanssaxlayıcı tərəfindən razılıq bildirilsə də, daha sonra balanssaxlayıcı təşkilat Xidmətə müraciət edərək sahənin Sahibə Seyidəhmədovaya icarəyə verilməsinə sakinlər tərəfindən narazılıq bildirildiyini, bu səbəbdən qeyd olunan razılıq məktubuna yenidən münasibət bildirilməsini Xidmətdən xahiş etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddiaçı cavabdehə qarşı dövlət əmlakına dair onunla icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürsə də, qanunvericiliyə əsasən cavabdehin belə bir tələbi yerinə yetirmək vəzifəsini daşıdığını əsaslandırmamışdır. İddia ərizəsində üçüncü şəxs qismində, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X3 göstərilmişdir ki, məhkəmə bunu iddiaçının onların üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi qəbul etmişdir. Məhkəmənin 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə, vəsatət qismən təmin edilmiş, Suraxanı rayon Mənzil-X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmiş, vəsatət qalan hissədə təmin edilməmişdir. İddiaçı 17 oktyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin 2 nömrəli mənzilinin altında yerləşən zirzəmiyə dair onunla icarə müqaviləsinin bağlanması haqqında sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 121, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 10 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi 121 saylı binanın 2 saylı mənzilinin altında yerləşən zirzəmi hissədə mövcud qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Suraxanı rayon MKTB tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuş razılıq məktubunun ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmasına razılıq barədə məktub verilməsi haqda Suraxanı rayon MKTB-yə daxil olmuş H/01 saylı, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmış və tərəflərindən sözügedən ünvanda yerləşən 69 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin vətəndaş X2 icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixli, 01-21/16 saylı razılıq məktubu verilmişdir. Dövlət Xidməti tərəfindən hər hansı qərar qəbul edildikdən sonra məsələyə yenidən münasibət bildirilməsi mümkündür; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 sentyabr 2022-ci il tarixli məktubla təqdim olunmuş iddia tələbi ilə bağlı iddiaçının müraciətinə 09 sentyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən binanın sakinlərinin narazı olduqları səbəbindən Suraxanı Rayon MKTB tərəfindən Xidmətə ünvanlanmış 01-21/79 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda məsələyə yenidən baxılacağı bildirilmişdir. Odur ki, müraciətində qaldırılmış məsələyə dair balanssaxlayıcısının (Suraxanı Rayon MKTB-nin) razılıq məktubu təqdim edildikdən sonra bu məsələnin həlli üçün Xidmət tərəfindən mövcud qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Hazırkı mübahisədə tərəflər İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti hesab edilsə də, müqavilənin predmetini təşkil edən zirzəmi (qeyri-yaşayış sahəsi) Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğuna görə, həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və bununla bağlı inzibati aktın qəbul edilməsi üçün ilkin şərt əmlakın balanssaxlayıcısının razılığı hesab olunur. Hazırkı iddia balanssaxlayıcının mənafeləri nəzərə alınmadan həll edilə bilməz. İşin hallarından müəyyən olunur ki, həmin sahə mübahisəli olduğundan balanssaxlayıcı iddiaçıya icarəyə verilməsinə razılıq verməmişdir. İPM-in: 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda, cavabdeh diskresion səlahiyyətə malik olmuş və qəbul etdiyi qərar həmin səlahiyyətlərin məqsədinə uyğun olmuşdur. Cavabdeh diskresion səlahiyyətini həyata keçirərkən iddiaçının hüququnun məhdudlaşdırılmasına yönəlik hərəkətə yol verməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “icarə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-11776/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11776/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver