Məhkəmə qərarları › İş №2-1(112)-11776/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11776/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11776/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılmasına dair qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu M.Ə.Rəsulzadə-2, İ.Hacıyev küçəsi ünvanında yerləşən 4.5 sot torpaq sahəsinə Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinə 1997-ci ilin məzənnəsinə uyğun olaraq - həmin sahənin ona satılmasına dair qərar qəbul etməsi və həmin qərar əsasında onunla alqı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə-2, İ.Hacıyev küçəsində ailəsi ilə birgə yaşayır. Həmin ünvanda yerləşən 4.5 sot yararsız torpaq sahəsini 1992-1993-cü illərdə öz hesabına kənardan torpaq və tikinti materialları daşımaqla abadlaşdırmış, həmin torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilmişdir. 1993-cü ildən həmin ərazidə ümumi sahəsi 166 kv.metr olmaqla mişar daşından - metal beton konstruksiyadan istifadə etməklə tikinti işləri aparmış, tikinti tamamlamışdır, 7 nəfər ailə üzvü ilə həmin sahədə yaşayır. Qaz, işıq, su, internetlə təmin edilmişdir. Lakin bu günə kimi həmin ərazinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətli orqanlara müraciət etməmiş və hər hansı bələdiyyə və icra qurumu tərəfindən ona təklif və xəbərdarlıq edilməmişdir. Həmin sahə onun ailə üzvlərinin şəxsi vəsaiti hesabına yararlı vəziyyətə gətirilmişdir və faktiki olaraq 4.5 sot torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə istinad olunanlar nəzərə alınmaqla iddia tələbinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Binəqədi rayonu M.Ə.Rəsulzadə-2, İ.Hacıyev küçəsi ünvanda yerləşən 4.5 sot torpaq sahəsinin faktiki mülkiyyətçisi olmağı nəzərə alınaraq onunla 1993-1999-cu illərin məzənnəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək fərdi yaşayış evlərinin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin müvafiq bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin, eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci maddəsinin tələbinə görə isə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşının mülkiyyətinə verilməsi, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilməlidir. Göstərilənlərlə belə “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanmış Fərmana uyğun olaraq Bakı şəhərində yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinin uyğunluğu baxımından rəy bildirilməsi xx.xx.2017-ci il tarixdən etibarən müvəqqəti dayandırılmışdır. Odur ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi hazırda imkan xaricindədir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunun 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. İstinad olunan normlardan görünür ki, hansı bələdiyyə torpaqlarının satışa çıxarılması, onun ölçüsü, təyinatı, qiyməti və olduğu yer bələdiyyənin özü tərəfindən müəyyən edilir və fiziki və ya hüquqi şəxslərin bələdiyyədən məhz onların arzu etdiyi sahənin satışa çıxarılmasını tələb etmək hüququ mövcud deyildir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin (idarəetmənin bir qolu olan inzibati orqanın deyil) qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı hazırda mübahisəli torpaq sahəsinin ona satılması ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, onun bu tələb hüququ qanun, müqavilə və ya inzibati aktla tanınan hüquq deyil. Belə olan halda aydındır ki, iddaçının hazırkı məzmunda iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar