Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11776/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçl İddiaçı (bundan sonra – iddiaçı) qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Qanuni nümayəndə qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 iyun 2025-ci il tarixli 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli imtinasının əsassız sayılması, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə xx xxxx 1982-ci ildə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. 1988-ci ildə Xocalı rayonu Malıbəyli kəndinə köçmüş və 1992-ci ildə ordan məcburi köçkün düşmüşdür. İddiaçının atası, anası-X8 ilə 2005-ci ildə ailə qurmuş və xx.xx.2010-cu ildə iddiaçı - İddiaçı anadan olmuşdur. 2025-ci ilin may ayında məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin 03 iyun 2025-ci il tarixli № 3-36-3/2-H -67xx-xx/2025/6875 nömrəli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün“ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları”nın 4.1.6-cı bəndinə istinad edilərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsindən imtina edilmişdir. Qeydiyyatlarının Bakı şəhərində olması iddiaçıya məcburi köçkün statusunu təstiq edən vəsiqəsinin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Komitənin 03 iyun 2025-ci il tarixli 3-36-3/2-H-67xx-xx/2025/6875 nömrəli məktubu əsassızdır. 1992-ci ildə iddiaçının atası-Qanuni nümayəndə, anası- X8, babası - İddiaçı Burcalı oğlu, nənəsi - X2 rayonundan məcburi köçkün düşmüş və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən rəsmi sənədə əsasən məcburi köçkün olduğu qeyd olunmuşdur. Həmçinin atası, anası, babası, nənəsi komitə tərəfindən 2025, 1997, 2022-ci illərdə məcburi köçkün vəsiqəsi verilmişdir. Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanırlar, iddiaçı və ailə üzvləri 2017-ci ilə qədər yemək xərci müavinəti almışlar. Cavabdeh iddia tələbinə etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - AA seriyalı 517670 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Xocalı rayonunu tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixli qərara əsasən məcburi köçkün statusu verilmişdir. - AA seriyalı 050302 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 şəhərini 1992-ci ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2002-ci il tarixli qərara əsasən məcburi köçkün statusu verilmişdir. - AZ-İ 112084 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə ilə X14 xx.xx.2005-ci ildə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Haqverdiyev, arvada Haqverdiyeva soyadı verilmişdir. - AZ-İİ 468755 nömrəli doğum haqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X5r. - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə Xocalı rayonundan, X3 rayonundan məcburi köçkündür. Komitə tərəfindən onlara məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. - Xocalı Rayon icra Hakimiyyətinin Başçısının xx.xx.2025-ci il tarixli, 5-51/2-570 nömrəli məktubundan görünür ki, İddiaçı Burcalı oğlu 11 fevral 1992-ci ilədək Malıbəyli kəndində yaşamış və pasport qeydiyyatında olmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. Hal-hazırda Bakı şəhəri Sabunçu rayonunda məskunlaşıb. Nazirlər Kabinetinin xx.xx.2017-ci il 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən vahid aylıq müavinəti almır. İddiaçı Burcalı oğlunun övladı Qanuni nümayəndə Malıbeyli kəndinin işğalı zamanı 18 yaşı tamam olmadığına görə pasport qeydiyyatı olmamışdır. - Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-17295 məktubundan görünür ki: - xx.xx.2010-cu il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2; - xx.xx.1982-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.1999-cu il tarixdən xx.xx.2014cü il tarixədək Şuşa rayonunun Malıbəyli kəndində, xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2; - 25.09.1982-ci il təvəllüdlü X9 xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Şuşa rayonunun Xəlifəli kəndində, xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2; - xx.xx.2007-ci il təvəllüdlü X6 xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X22 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-30378/2025 nömrəli məktubundan görünür ki, Qanuni nümayəndə adına Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34, 64 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasi Xocali Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-51/2-179/2025 nömrəli məktubundan görünür ki, İddiaçı, Qanuni nümayəndə, X8 və X1 rayon sakinləri deyil. İddiaçı hazırda valideynlərinin hər ikisinin məcburi köçkün statusuna malik olmasına istinad edərək, ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34, 64 saylı mənzil iddiaçının atası Qanuni nümayəndə mülkiyyətindədir və həm iddiaçı, həm də onun valideynləri həmin yaşayış sahəsinə qeydiyyata düşmüşlər. Məhkəmə hesab edir ki, iddiaçının atası Qanuni nümayəndə ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinə dair həmin dövrdə onun legitm gözləntisi olması, eyni zamanda onun və arvadının həmin məzildə qeydiyyatda düşməsi səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin 2-1(102)-2113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçının arvadı, onun 2002-ci il təvəllüdlü qızı hələ anadan olmamışdan əvvəl, yəni, 2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinin onun mülkiyyətində olduğu, iddiaçı və arvadı 2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda düşdüyü səbəbindən cavabdeh tərəfindən iddiaçının qızına məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi oxşar iş üzrə eyni mövqeyi nümayiş etdirərək hesab etmişdir ki, məcburi köçkün statusunun verilməsini tələb edən şəxsin valideynlərindən biri onun anadan olmasından əvvəl əmlak sahibi olarsa, bu zaman həmin şəxsin məcburi köçkün statusunu tələb etmək hüququ yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-11776/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11776/2025
08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver