Məhkəmə qərarları › İş №2-1(112)-1178/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1178/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1178/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə və ötən illərin pensiya məbləğinin hesablanaraq ona birdəfəlik ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza atmaqla qəbul etsə də bu günə kimi heç bir cavab verməmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aşağıdakı əsaslara görə iddia mümkün iddia sayılmalı, cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Cavabdeh orqan iddiaçının ərizəsini xx.xx.2021ci il tarixində almış, lakin üstündən 35 gündən çox vaxt keçsə də heç bir cavab verməmişdir. İddiaçıya istər xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan 12 il 6 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Qanunda edilmiş dəyişikliyədək 25 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 12 il 6 aydan çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 57 yaşında pensiya təyin edilməlidir. İndi isə onun tələb olunan həmin sığorta stajı aşağıdakı kimidir: o, xx.xx.1956-cı ildə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Əli Bayramov adına kolxozda mala baxan işləmişdir (1 il, 3 ay ümumi staj). Azərsənayetikinti 4 №-li Trestin 46 nömrəli Tikinti İdarəsində: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 1-ci dərəcəli fəhlə vəzifəsində işləmiş (4 ay, 19 gün güzəştli staj), xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş (2 il ümumi staj), xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilədək malakeş vəzifəsində işləmiş (8 il, 10 ay, 7 gün güzəştli staj), xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək tikinti ustası vəzifəsində işləmiş (5 il, 3 ay güzəştli staj), xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək iş icraçısı vəzifəsində işləmiş (2 il, 3 ay, 1 gün güzəştli staj), xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək tikinti ustası vəzifəsində işləmiş (2 ay, 25 gün güzəştli staj), xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək "xxxx" k-m-də baş usta vəzifəsində işləmiş (8 il, 8 ay, 14 gün güzəştli staj), xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmiş (10 ay, 12 gün güzəştli staj), xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmiş (2 il, 6 ay, 28 gün güzəştli staj), xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir (1 ay, 28 gün güzəştli staj). xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı 32 il, 04 ay, 17 gün təşkil edir. Həmin 32 il, 04 ay, 17 gün əmək stajının 29 il, 1 ay, 17 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölməsində qeyd edilən 22900000 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə şirf 2290000а a) fəhlələr, şirf 2290000b—23419 yeni tikinti və quraşdırma işlərinin ustaları və şirf 2290000b—24441 iş icraçıları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" k/m-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da, xx.xx.2003-xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində isə "xxxx" MTK-da işlədiyi qeyd olunmuşdur. Onun adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (20 il 8 ay 8 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 1 ay 22 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçının pensiya hüququnun yarandığı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən - xx.xx.2021-ci ildən əvvəlki 3 il üçün pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 72 nömrəli, xx.xx.1974-cü il tarixli kolxozun əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1973-cü ildə 40 əmək günü, 61 adam günü, il ərzində müəyyən edilmiş əmək günlərinin minimumu 180 gün, xx.xx.1974cü ildə 120 adam günü, il ərzində müəyyən edilmiş əmək günlərinin minimumu 230 gün olmaqla Əli Bayramov adına kolxozda mala baxan işləmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1974-cü ildə 4 №-li Trestin 46 №-li Tikinti İdarəsində işə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmişdir. xx.xx.1977-ci ildə suvaqçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə tikinti ustası vəzifəsi verilmiş, xx.xx.1991-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə baş iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə rəis əvəzi təyin edilmiş, xx.xx.1993-cü ildə tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" k-m-də baş usta vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx" MTK-ya baş iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə "xxxx" MTK-ya iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********493900 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 32, mənzil 51, xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN **********) hüquqi ünvanı isə ünvan 3əmçinin bildirilir ki, idarədə olan reyestrdə sözügedən hər iki hüquqi şəxsin ləğv olunması, yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı "xxxx" 4 №-li Trestin 46 №-li Tikinti İdarəsində aşağıdakı peşələrdə işləmişdir: xx.xx.1974-cü ildə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir (əmr № 116 k, xx.xx.1974-cü il). xx.xx.1975-ci ildə Sovet ordu sıralarında xidmət etmək üçün çağırılmışdır (əmr № 60 kc, xx.xx.1975-ci il). xx.xx.1977-ci ildə xidmətdən qayıtdıqdan sonra 2-ci dərəcəli; xx.xx.1978-ci ildə 3-cü dərəcəli; xx.xx.1979-cu ildə 4-cü dərəcəli; xx.xx.1981-ci ildə 5-ci dərəcəli malaçəkən ustası işləmişdir. xx.xx.1986-cı ildə tikinti ustası vəzifəsinə keçirilmişdir (əmr № 46, xx.xx.1986-cı il). xx.xx.1991-ci ildə iş icraçısı vəzifəsinə keçirilmişdir (əmr № 31 a/k, xx.xx.1991-ci il). xx.xx.1993-cü ildə baş iş icraçısı vəzifəsinə keçirilmişdir (əmr № 6 a/kc, xx.xx.1993-cü il). xx.xx.1993-cü ildə rəis əvəzi təyin edilmişdir (əmr № 21 k, xx.xx.1993cü il). xx.xx.1993-cü ildə tikinti ustası vəzifəsinə keçirilmişdir (əmr № 35 k, xx.xx.1993-cü il). xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən.azad edilmişdir (əmr 54 k, xx.xx.1993-cü il). İddiaçı işlədiyi «malaçəkən ustası» peşəsində «yeni tikinti və quraşdırma işlərinin ustaları» peşəsinin funksiyalarını yerinə yetirmişdir. 1986-cı ildə peşənin adına düzəliş edilərək «tikinti ustası» kimi qeyd edilmişdir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölməsində qeyd edilən 22900000 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə şirf 2290000b—-23419 yeni tikinti və quraşdırma işlərinin ustaları və şirf 2290000b—24441 iş icraçıları vəzifələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı ümumi iş stajı 16 il, 8 ay, 12 gün, əmək şəaritinə görə güzəştli iş stajı isə 15 il, 11 ay, 22 gün təşkil edir. "xxxx" Dövlət Şirkətinin xx.xx.1995-ci il 68 №-li əmri ilə 4 №-li Trest və onun nəzdində olan tikinti idarələri xx.xx.1995-ci il tarixindən ləğv olunmuş və onun hüquqi varisi “Bakısənayetikinti” Birliyi yaradılmışdır. Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli 137 №-li sərəncamı ilə “Bakısənayetikinti” Birliyi xx.xx.2001-ci il tarixindən ləğv olunmuşdur və onun hüquqi varisi "xxxx" X5 Cəmiyyəti yaradılmışdır. Ədliyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli 0104- P 51-39852 №-li sərəncamı ilə "xxxx" X5 Cəmiyyəti xx.xx.2004-cü il tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********714000 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1995-ci ildə 23472 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsinin (VÖEN **********) hüquqi ünvanı ünvan 4 təmsilçilik funksiyasına malik direktoru X1r. Həmçinin bildirilir ki, Müəssisəsinin ləğv olunması və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 13 aprel 2021-ci il tarixində daxil olmuş ərizəinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1993-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" k/m-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da, xx.xx.2003xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində isə "xxxx" MTK-da işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (20 il 8 ay 8 gün (xx.xx.1973xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (8 il 1 ay 22 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının ümumi və güzəştli iş stajının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2013-cü ildə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü 01 il 11 ay 23 gün, əmək fəaliyyəti dövrü xx.xx.1974-xx.xx.1975-ci ilədək 04 ay 20 gün, xx.xx.1977-xx.xx.1993-cü ilədək 16 il 03 ay 24 gün, xx.xx.1993-xx.xx.2002-ci ilədək 08 il 08 ay 15 gün, xx.xx.2002xx.xx.2003-cü ilədək 10 ay 13 gün, xx.xx.2003-xx.xx.2005-ci ilədək 02 il 06 ay 29 gün olmaqla 30 il 10 ay 04 gün təşkil edir. Eyni zamanda iddiaçının kolxozda işlədiyi dövr də iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajına hesablanmalıdır. Belə ki, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçıya məxsus kolxozun əmək kitabçasının surətindən müəyyən olunur ki, Əli Bayramov adına kolxozda 1973-cü il üzrə müəyyən edilmiş minimum əmək günü norması 180 gün olsa da iddiaçı həmin il üçün 61 adam günü, 1974-cü il üzrə minimum əmək günü 230 gün olsa da 120 adam günü işləmişdir. Göründüyü kimi iddiaçı tərəfindən minimum əmək iştirakı norması ödənilmədiyindən 1973 və 1974-cü illər onun iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1973-cü ildə faktiki işlədiyi müddət (61x12=732/180=4.066=4 ay 1gün) 1974-cü ildə işlədiyi faktiki müddət 120x12=1440/230=6.26=6 ay 3 gün müəyyən edilir. Əldə olunan cəmi 10 ay 04 gün faktiki müddət iddiaçının topladığı 30 il 10 ay 04 günlə toplanıldıqda iddiaçının ümumi iş stajı 31 il 08 ay 08 gün təşkil edir. Cavabdeh öz imtinasında iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1993xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" k-m-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da, xx.xx.2003-xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində isə "xxxx" MTK-da işlədiyi dövrü qəbul etməməsini əsaslandıra bilməmişdir. Ümumən əmək qanunvericiliyinə əsasən iş stajının işə qəbul, işdən çıxma barədə tarixlər arasındakı fərqlə müəyyən edildiyini, xx.xx.2006-cı il tarixədək olan iş stajı hesablanarkən qanunla məcburi dövlət sosial sığota haqlarının ödənilməsinin məcburi şərt olmadığını, iddiaçının əmək kitabçasının, əmək kitabçasındakı həmin dövr üzrə qeydlərin səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla möhürlə təsdiq edildiyini, qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı halın müəyyən edilmədiyini, eləcə də məhkəmə sorğusu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən əldə edilmiş məlumatlara əsasən "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci ildə, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2000-ci ildə, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alındığını (məhkəmə iddiaçının həmin müəssisələrin hüquqi şəxs kimi qeydiyyatda olduğu dövrdə işlədiyini nəzərə alır) əsas götürərək hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən "xxxx" k-m-də xx.xx.1993-xx.xx.2002-ci il, "xxxx" MTK-da xx.xx.2002-xx.xx.2003-cü il və "xxxx" MTK-da xx.xx.2003-xx.xx.2005-ci illlər onun ümumi iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b b) rəhbərlər və mütəxəssislər bəndində 2290000b—23419 tikinti və quraşdırma işlərinin ustaları və 2290000b—24441 iş icraçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası və "xxxx" ASC-nin təqdim etdiyi arayışda xx.xx.1978-ci ildə 3-cü dərəcəli; xx.xx.1979-cu ildə 4-cü dərəcəli; xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək 5-ci dərəcəli malaçəkən ustası işlədiyi peşəsini, eləcə də xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək işlədiyi tikinti ustası peşəsi Siyahıda 2290000b—-23419 yeni tikinti və quraşdırma işlərinin ustaları peşəsinə uyğunlaşdırılmışdır. Həmçinin arayışa əsasən iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək işlədiyi iş icraçısı, baş iş icraçısı vəzifələri Siyahıda 2290000b—24441 iş icraçıları peşəsinə uyğunlaşdırılmışdır. Məhkəmə işəgötürənin arayışına əsasən iddiaçının «malaçəkən ustası» peşəsində «yeni tikinti və quraşdırma işlərinin ustaları» peşəsinin funksiyalarını yerinə yetirdiyi, 1986-cı ildə peşənin adına düzəliş edilərək «tikinti ustası» kimi qeyd edildiyini nəzərə alaraq həmin dövrü güzəştli iş stajı kimi qəbul edir. İddiaçının işlədiyi "xxxx" MTK-da və "xxxx" MTK-dan işlədiyi iş icraçısı vəzifəsinə uyğun olaraq güzəştli arayışın həmin müəssisələrin hazırda yerləşdikləri hüquqi ünvanda tapılmaması əsası ilə əldə etmək mümkün olmasa da məhkəmə hesab edir ki, həmin dövrlərə aid arayışın təqdim edilə bilməməsi adı çəkilən vəzifələrdə iş dövrünün güzəştli iş stajı kimi qəbul edilməsinə mane hesab olunmamalıdır. İddiaçının əmək kitabçasında qeyd edilən həmin müəssisələr adlarından da göründüyü kimi tikinti ilə məşğul olan Mənzil tikinti kooperativləridir və əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda 2290000b—24441 iş icraçıları peşəsinin adları ilə eynidir. Məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən baş icraçısı dövrünü də siyahıda adıçəkilən iş icraçıları zərərli peşəsi kimi qəbul edilməsini nəzərə alır. Belə ki, baş iş icraçısı” vəzifəsinin adında olan “iş icraçısı” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Baş iş icraçısı anlayışı da Siyahıda adıçəkilən iş icraçısına uyğun olaraq funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir. Bu mənada məhkəmə hesab edir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “iş icraçısı” anlayışı məzmun baxımından həm də baş iş icraçısı vəzifəsini də ehtiva edir. Beləliklə, iddiaçının "xxxx" 4 №-li Trestin 46 №-li Tikinti İdarəsində xx.xx.1978xx.xx.1991-ci ilədək, xx.xx.1991-xx.xx.1993-cü ilədək, xx.xx.1993- xx.xx.1993-cü ilədək işlədiyi dövrlər, eləcə də "xxxx" MTK-da xx.xx.2002- xx.xx.2003-cü ilədək, "xxxx" MTK-da xx.xx.2003-xx.xx.2005-ci ilədək olan dövrlər nəzərə alınmaqla güzəştli iş stajı ümumilikdə 18 il 05 ay 28 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi xx.xx.2021-ci ildən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi xx.xx.2021-ci ildən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar