Məhkəmə qərarları › İş №2-1(112)-11789/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11789/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11789/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi onun qanuni istifadəsindədir. Həmin sahənin istismarı ilə əlaqədar xx.xx.2006-cı il taixdə müqavilə bağlanmışdır. İstifadədə olan torpaq sahəsinin üzərində yerləşən sahənin bir qismi cavabdeh tərəfindən qeydiyyata alınmış, digər hissə isə qeydiyyata alınmamışdır. Daha sonra isə həmin müqavilənin müddəti artırılmışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan müraciətimin təmin edilməsindən imtina edir. Hesab edir ki, cavabdehdə təqdim edilmiş sənədlər əsasında qeyri-yaşayış sahəsinə dair hüquqlar qeydiyyata alınmalıdır. Cavabdeh imtinanı onunla əsaslandırır ki, qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunur ki, qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar qeydin ləğvi ilə bağlı ərizə də təqdim edilməmişdir. Eyni zamanda torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə də məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından biri kimi görünür ki, cavabdeh qeyri-yaşayış sahəsinin olduğu torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığını bildirir. Məhkəmə bununla bağlı, ilkin olaraq qeyd edir ki, cavabdehin həmin imtina əsası, yəni müraciətin təminindən həmin əsasla imtina etməsi, mahiyyət etibarı ilə ******* nömrəli iddiaçının ünvan 1 ünvanında olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı reyestrdən çıxarışın şübhə altına alınması deməkdir. Belə ki, həmin çıxarışın iş materiallarında olan surətindən də görünür ki, iddiaçı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə istifadə hüququna malik olmuş və həmin hüququn mövcudluğu birbaşa qeyd olunan çıxarışda “torpaq sahəsi üzərində hüququn növü” adı altında tanınmışdır. Mülki Məcəllənin 140-cı maddəsi ilə də müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Eləcə də həmin Məcəllənin 243.1-cı maddəsinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Eyni zamanda cavabdeh tərəfindən tərtib edilmiş texniki pasportda da torpaq sahəsinin qanuni əsaslarla istifadə edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə istifadə hüququna malik olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi olması da vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, torpaq sahəsinin qeyri-yaşayış binasının istifadəsi ilə bağlı çıxarışın alınmasından sonra mahiyyət etibarı ilə heç bir dəyişiklik aparılmamış, qeyri-yaşayış binasının ölçüləri ilə bağlı dəyişiklik edilmişdir ki, qeyd olunan hal da dövlət tərəfindən həmin kateqoriya torpaq sahəsində həyata keçirilmiş fəaliyyətin tanınmasının əmlakın qanuni əsaslarla yenidən qurulması səbəbindən dayandırılması əsası kimi çıxış edə bilməz. Belə ki, məhkəmənin hazırkı formada mövqeyi dövlət tərəfindən tanınmış mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki, ümumilikdə qeyd olunanlar iddiaçının torpaq sahəsi ilə bağlı müvafiq hüquqa malik olması və hazırkı qeyri-yaşayış sahəsinin tikilməsi və istifadəyə verilməsi formasında fəaliyyəti həmin torpaq sahəsində həyata keçirməsinə mane olunmaması nəticəsinə gəlinməsinə əsas yaradır. Cavabdehin tikintiyə icazə sənədlərinin olmaması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edr ki, tikilinin yenidən qurulması qanuni əsaslarla həyata keçirilmiş, tikintinin həyata keçirilməsinə razılıq verən səlahiyyətli qurumun iradə ifadəsi mövcud olmaqla tikinti həyata keçirilmişdir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müraciətin təmini tikintiyə razılıq verən qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi belə vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Belə ki, iddiaçı üçün həmin tikilinin yenidən qurulması üçün əsas olan səlahiyyətli qurumun iradə ifadəsinin mövcud olub-olmamasının müəyyən edilməsidir ki, iddiaçı da həmin səlahiyyətli qurumun müvafiq iradəsini müəyyən etmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə də görünür ki, iddiaçının hal-hazırda qeydiyyatdan keçirilməsini istədiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq lisenziyalı qurum tərəfindən tərtib edilmiş, eləcə də səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq edilmişdir. Beləliklə də, yerli icra hakimiyyəti orqanı tikilinin həyata keçirilməsinə öz iradə ifadəsini nümayış etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Eyni zamanda, torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müasabiqə vasitəsi ilə olmalı olması ilə bağlı da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 23 noyabr 2016-cı il tarixli müqavilənin yeni icarə müqavilə olmaması, mövcud olmuş 2006-cı il tarixdə bağlanılmış icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı olması da nəzərə alınmamışdır. Doğrudur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.-ci maddəsinin hazırkı redaksiyasına əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin hazırkı işin faktiki hallarından görünür ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə 2006-cı il tarixlidir. Həmin dövrdə isə göstərilən redaksiya qüvvədə olmamış, icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilməsi ilə bağlı imperativ göstəriş nəzərdə tutulmamışdır. 17 oktyabr 2016-cı il tarixli müqavilənin bağlanılması da 9.1-ci maddədə nəzərdə tutulan imperativ qayda ilə ziddiyyət təşkil etmir. Belə ki, adıçəkilən tarixdə bağlanan müqavilə icarə müqaviləsində nəzərdə tutulmuş müddətin uzadılması ilə bağlıdır ki, inzibati orqanla vətəndaş arasında açıq torpaq hərracı və ya müsabiqə olmadan digər üsulla razılaşma da həmin sənədin mötəbərliyini şübhə altına almır. Qeyd olunmalıdır ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublkası Qanunun İX- maddəsinə görə də əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. İnzibati orqan da həmin maddənin tələblərini nəzərə almış üzərində tikili olan torpaq sahəsi ilə bağlı müqavilənin müddətini artırmışdır. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş müddəti uzadılmış müqaviləyə, torpaq sahəsi ilə bağlı hüquqa, o cümlədən tikiliyə müvafiq orqanın iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 56F ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar