Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1179/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X4 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli 755 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir. Həmçinin torpaq sahəsinin koordinatları digər fiziki şəxsə məxsus olan torpaq sahəsinin planı və ölçüsü ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 600 kv/metr torpaq sahəsi ayrılmışdır. Bu günədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Qeyd edilən torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçmir. Hətta keçmiş olsa belə, bu xətt öz vəsaiti hesabına dəyişdirilə bilər. İmtina məktubunda qeyd olunan məsələlərin müəyyən edilməsi üçün isə ekspertizanın keçirilməsi zəruridir. İddia ərizəsinə əlavə edilmiş aktın surətindən də görünür ki, sözügedən torpaq sahəsi 05 iyun 1997-ci il tarixdə faktiki olaraq istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir. Həmçinin torpaq sahəsinin koordinatları digər fiziki şəxsə (X4) məxsus olan ləğv edilmiş X5 Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (6 kvt.) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bağırov X1 əvvəlki müraciətində torpaq sahəsinin coğrafi mövqeyini göstərən fərqli yerləşmə cizgisi təqdim etmiş və fərqli ərazidə yerləşən torpaq sahəsi göstərmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1838/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı İdarəyə daxil olmuş, lakin yekun məhkəmə aktı barədə məlumat İdarəyə daxil olmamışdır. Bununla bağlı vətəndaşa **********54 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə tənzimlənir. Məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı Ərazi İdarəsinin 18 may 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir. Həmçinin torpaq sahəsinin koordinatları digər fiziki şəxsə məxsus olan (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 755 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında idarəyə (əvvəlki) ********** nömrəli xx.xx.2018-ci il tarixli müraciətlərində torpaq sahəsinin coğrafi mövqeyini göstərən fərqli yerləşmə cizgisi təqdim edilmiş və fərqli ərazidə yerləşən torpaq sahəsi göstərilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1838/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Qərardadı idarəyə daxil olmuş, lakin yekun məhkəmə aktı barədə məlumat idarəyə daxil olmamışdır; Səbail Rayon İcra Hakimiyyətinin başçısının 755 №-li 9 mart 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 (altı yüz) kv/metr torpaq sahəsi ayrılmışdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı 21 iyun 2021-ci il tarixli məktubla İddiaçı 600 (altı yüz) kv/metr torpaq sahəsi ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 755 saylı Sərəncamından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 yaşayış massivi, 2286 nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 755 №-li 9 mart 1995-ci il tarixli sərəncamına istinad edərək, həmin sərəncamla ona ayrılmış torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd mübahisələndirilməmişdir. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil edir: 1) iddiaçı tərəfindən göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir; 2) torpaq sahəsinin koordinatları digər fiziki şəxsə (X4) məxsus olan ləğv edilmiş X5 Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür; 3) torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (6 kvt.) elektrik xəttinin mühafizə zonasında yerləşir; 4) iddiaçı əvvəlki müraciətində torpaq sahəsinin coğrafi mövqeyini göstərən fərqli yerləşmə cizgisi təqdim etmiş və fərqli ərazidə yerləşən torpaq sahəsi göstərmişdir. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2022-ci il tarixli 10/2079 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə mövqeyini sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən ləğv edilmiş X5 Komitəsi tərəfindən X2 verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə mövqeyini sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi ilə kadastr nömrəsi **********0335, kadastr nömrəsi **********0334, kadastr nömrəsi **********341 olan sənədlərə əsasən üst-üstə düşmə faktı olsa da, hüquqlar dövlət qeydiyatına alınmamışdır. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə mövqeyini sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin cizgi ortofoto görüntüsünə əsasən naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğundur. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 601 kv.metrdir. Qərardadın dördüncü sualı üzrə tədqiqatın aparılması üçün sözügedən sahəyə baxış keçirilmişdir. Sözügedən ərazidə, yəni iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinə yaxın hər hansı yüksək gərginlikli elektrik xətti müəyyən edilməmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamış, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin isə elektron kadastr məlumat bazasına əsasən ləğv edilmiş X5 Komitəsi tərəfindən X2 verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşməsi, o cümlədən kadastr nömrəsi **********0335, kadastr nömrəsi **********0334, kadastr nömrəsi **********341 olan sənədlərə əsasən üst-üstə düşmə faktı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir; 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir; 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1, 108.1, 109 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X4 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1179/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1179/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver