Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1179/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 5 saylı evin, 53 saylı, üç otaqdan ibarət olub, sahəsi 56,00 kv.m. olan mənzilin ilkin dövlət qeydiyyatına alınması və həmin mənzilə dair iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 5 saylı evin, 53 saylı mənzili üç otaqdan ibarət olub, sahəsi 56,00 kv.m-dir. Mənzil hal-hazırda Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin mənzil Leninneft NQÇİ MKT-nın 102 saylı, xx.xx.1959-cu il tarixli orderinə əsasən 5 nəfər ailə tərkibində iddiaçının atası Quliyev Nadir-Quli Rza- Quli oğluna verilmişdir. Atası həmin mənzildə xx.xx.1959-cu ildən xx.xx.1984-cü il tarixədək qeydiyyatda olmuşdur. Atası xx.xx.1984-cü ildə vəfat etmişdir. Həmin mənzil sonradan onun və qardaşının arasında bölünmüş, sonra isə Balaxanıneft NQÇİ-nin 02 saylı, xx.xx.1997-ci il tarixli protokolu ilə otaqlar yenidən birləşdirilmiş, mənzilin 1 şəxsi hesabı olmaqla onun adıma keçirilmişdir. xx.xx.2015-ci il tarixdə 147 saylı MİS ilə aralarında kirayə müqaviləsi bağlanmışdır. Mənzildə hal-hazırda o, iki oğlu və arvadı pasport qeydiyyatındadır. Artıq uzun illərdir ki, o ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin, atası sağlığında mənzili öz adına özəlləşdirməmişdir. Hal-hazırda o həmin mənzili öz adına özəlləşdirmək istəyir. O mənzilin özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləri, yəni, şəxsiyyət vəsiqəsi, atasının ölüm haqqında şəhadətnaməsini, orderin surətini, protokolu, arayış F-2, ailə üzvlərinn razılıq ərizəsini, kirayə müqaviləsini, plansxemini toplayıb cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin onlar iddiaçının sənədlərini qəbul etməmiş və ona bildirmişlər ki, həmin sənədləri onlara poçt vasitəsi ilə göndərsin, o da belə etmişdir. Lakin cavabdeh sənədləri qəbul etdikdən sonra ona imtina edərək bildirmişlər ki, guya ki o mənzili özələşməsinə dair sənədləri onlara təqdim etməmişdir. Hesab edir ki, cavabdeh idarənin mənzilin özəlləşdirməsindən imtinası və onun sənədlərini qəbul etməməsi əsassızdır, mövcud qanunvericiliyə ziddir və onunKonstitutsiyada nəzərdə tutulan hüquq və azadlığımı pozur. Belə ki, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən mən cavabdeh idarəyə kirayə (icarə) müqaviləsini, mənzilin orderini və digər sənədləri mənzilin özəlləşdirilməsi üçün təqdim etmişdir. Qanuna əsasən və həmin orderə, kirayə (icarə) müqaviləsinə əsasən ona məxsus mənzil özəlləşdirilə bilər. Həmin qanunun 9-cu maddəsinə əsasən mənzili özəlləşdirilməkdən imtina etmək üçün əsas hesab edilə bilməz və bu hal qanunda nəzərdə tutulmamışdır. Yalnız iki halda, saxta sənədlər təqdim etdikdə, yaxud mənzil (ev) mübahisəli olduqda mənzilin özəlləşdirilməsindən imtina edilə bilər. Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8817/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan mənzilin mülkiyyət hüquqlarının mərhum Quliyev X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********88 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsinin ölçüsü 78,8 kv.m-dir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxanda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Cavabdeh orqan iddiaya **********64 saylı etiraza əlavəni məhkəməyə təqdim edilmiş və əlavədə bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzİl-Kommunal Təsərrüfatı Departamentinin 48/3 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair rr.üvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Leninneft NQÇİ-nin xx.xx.1959-cu il tarixli, 102 nömrəli orderə əsasən ünvan 2 ünvanda yerləşən 3 otaqlı 53,64 kv.m mənzil 5 nəfər ailə tərkibində N.R.Quliyevin istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Balaxanıneft NQÇİ-nin xx.xx.1997-ci il tarixli, 2 nömrəli Protokoluna əsasən razılıqlar əsasında 2 şəxsi hesab: 1. İddiaçı 2 otaq sahəsi 36,0 kv.m ailə üzvü 3 nəfər, özü, həyat yoldaşı, oğlu; 2. qardaşı Quliyev H.N. otaq sahəsi 20,0 kv.m, ailə üzvü 4 nəfər, özü, həyat yoldaşı, oğlu, oğlu. Birləşdirilib 1 şəxs hesab olmaqla İddiaçı adına keçirilsin. 3 otaq sahəsi 56,00 kv.m ailə üzvü 7 nəfər, özü, həyat yoldaşı, oğlu, qardaşı, qardaşı arvadı, qardaşı oğlu, qardaşı qızı, həmin ünvanda 1978-ci ildən yaşayır. İş materiallarına əlavə edilmiş X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş BŞİH MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 395 nömrəli arayışına əsasən X9 xx.xx.1959-cu il tarixində qeydiyyatda olub. Lakin xx.xx.1984-cü ildə vəfat edib. Ölümü ilə əlaqədar xx.xx.1984-cü il tarixində qeydiyyatdan çıxarılıb. Məhkəmənin sorğusuna cavab olaraq BŞİH MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 482 nömrəli arayışına əsasən ünvan 1 ünvanında qeydiyyatdadırlar və yaşıyırlar: İddiaçı - özü (1961), X19 - oğlu (1992), X14 – yoldaşı (1972), X11 - qızı (1998), qeydiyyata alındıqları vaxt 1988-ci il. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) xx.xx.2022-ci il tarixli, SOCAR**********490089X00074 nömrəli məktubunda bildirilmişdir ki, SOCAR-ın aidiyyəti strukturunda qeyd etdiyiniz sənədlər aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri yaşayış sahələri, bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 48/3 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X23 küçəsi, 5 saylı evin, yaşayış sahəsi 56,0 kv. metr olan 3 otaqlı 53 saylı mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmış, vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 147 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 1054 nömrəli nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 48/3 nömrəli sərəncamının qəbul edilməsinə əsas olmuş sənədlərdən görünür ki: - X19 xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - X14 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - X11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, ev 5, mənzil 53ün planı 13,48 kv.m otaq, 20,0 kv.m otaq, 22,52 kv.m ölçüdə 3 otaq, dəhliz 4.35 kv.m, mətbəx 7.78 kv.m, sanitar qovşaq 1.62 kv.m, hamam 3.37 kv.m olmaqla 147 saylı MKİSnin rəisi H.Vəliyev tərəfindən tərtib edilmiş, imzalanmış və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin möhürü ilə təsdiq edilmişdir. - BŞİH MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 575 nömrəli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qardaşı arvadı X4 və övladları X6, X15 göstərilən ünvanda qeydiyyatda olublar və xx.xx.1983-cü il tarixdə qeydiyyatdan çıxarılıblar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-30275-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Nadir oğlu xx.xx.2006-cı il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, ev 5, 53 nömrəli mənzil üzrə yaşayış sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 56,0 və faktiki – 55,0, ümumi sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 76,8 və faktiki – 78,8. 3 otaqlıdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********68 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 48/3 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8817/2022 saylı inzibati işi mövcuddur, lakin inzibati iş ilə bağlı yekun məhkəmə aktı İdarəyə rəsmi qaydada daxil olmamışdır. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1 -dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ) mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunund dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1191 İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentini Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqan” dedikdə “yerli icra hakimiyyəti orqanları”nəzərdə tutulur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçı hazırkı iddia üzrə mübahisəli mənzilin kirayəçisi hesab edilməsi haqqında Bakı şəhər MKTD-nin sərəncamı 2022-ci ildə verilsə də, həmin mənzildə 1978-ci ildən yaşadığını, mənzil münasibətlərinin Mənzil Məcəlləsi qüvvəyə minməzdən xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyini nəzərə alaraq mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olub-olmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, Leninneft NQÇİ-nin xx.xx.1959-cu il tarixli, 102 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 5 saylı evin, 53 saylı, üç otaqlı, sahəsi 53,64 kv.m mənzili iddiaçının atası X2 5 nəfər ailə tərkibində istifadəsinə verilmiş, X2 xx.xx.1984-cü ildə vəfatından sonra Balaxanıneft NQÇİ-nin balansında qalan həmin mənzilin iddiaçı və qardaşının adına olan 2 şəxsi hesabı birləşdirilərək 3 otaq sahəsi 56,00 kv.m olmaqla İddiaçı adına keçirilmişdir. İddiaçı Mənzil İstismar İdarəsinin məlumatına əsasən 1978-ci ildən həmin ünvanda yaşayır. Qeydiyyat məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ 2022ci ildən əvvəl yaranmışdır. İddiaçıya Balaxanıneft NQÇİ-nin xx.xx.1997-ci tarixli 2 saylı protokolu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 5 saylı evin, 53 saylı mənzilin verilməsi və Bakı şəhər MKTD tərəfindən 2022-ci ildə iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi iddiaçının sözügedən mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsinə mane olmur. Belə ki, mübahisəli mənzilin verildiyi vaxt qüvvədə olmuş 1923-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin (xx.xx.1965-ci il tarixdən Azərbaycan SSR Mülki Məcəlləsi qüvvəyə minənədək) “Əmlak kirayəsi” adlı İİİ Fəslinin 23-cü maddəsinə əsasən yerli sovetlərin evlərindəki boş yaşayış binaları, ancaq yerli sovetin kommunal təsərrüfat şöbəsi mənzil idarəsinin sərəncamlarına (orderlərinə) əsasən vətəndaşların istifadəsinə verilir. Dövlət idarələrinin, müəssisələrinin və ictimai təşkilatların evlərində, habelə həmin təşkilatlar tərəfindən icarəyə götürülmüş evlərdəki boş yaşayış binaları, həmin idarə, müəssisə və təşkilatların müdriyyətinin sərəncamı ilə onların işçilərinin istifadəsinə verilir. Eyni zamanda xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. -53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Qeyd edildiyi kimi sözügedən mənzil hələ 1959-cu ildə iddiaçının atasına ailə üzvləri ilə birlikdə işləmiş olduğu müəssisə tərəfindən mənzilə köçmək üçün order verilmişdir. İddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmış, mənzilə dair şəxsi hesab vərəqə sonradan Balaxanıneft NQÇİ-nin xx.xx.1997-ci il tarixli 2 saylı protokolu əsasında iddiaçının adına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X23 küçəsi, 5 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Sözügedən 53 saylı mənzil dövlət mənzil fonduna aid edildikdən sonra mənzilin hazırkı balansaxlayıcısı olan Bakı şəhər MKTD iddiaçını təqdim etdiyi xx.xx.1997-ci il tarixli 2 saylı protokol əsasında iddiaçını mübahisəli mənzilin kirayəçisi kimi tanımış, onunla həmin mənzilə dair kirayə müqaviləsini bağlamışdır. Həmçinin qeyd edilməldiir ki, sözügedən mənzildə qeydiyyatda olan şəxslər mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qayadada razılıq ərizələrini təqdim etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, icarədar kimi iddiaçının istifadəsində olan mənzilə keçmiş Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq kirayə müqaviləsindən irəli gələn istifadə hüquqları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamının 2022-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yalnız yazılı formada təsbit etmiş, tərəflərin mənzil münasibətlərindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməmişdir. Başqa sözlə, iddiaçı hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olan mənzil qanunvericliyinə uyğun olaraq mənzilin özəlləşdirilməsi hüququnu qazanmışdır. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X17 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X13-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2022-ci il tarixli, 48/3 nömrəli sərəncamını, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını, mənzildə yaşayan şəxslərin özəlləşməyə razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 5 saylı evin, 53 saylı, sahəsi 56,00 kv.m. olan üç otaqlı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 5 saylı evin, 53 saylı, sahəsi 56,00 kv.m. olan üç otaqlı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1179/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1179/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver