Məhkəmə qərarları › İş №2-1(112)-11790/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11790/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11790/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin göndərilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi və s barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, mənəvi zərər kimi 30 milyon manatın Daxili İşlər Nazirliyinindən tutulması iddia tələbləri üzrə 2-1(112)-8546/2022 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi, mənəvi zərər kimi 30 milyon manatın Daxili İşlər Nazirliyinindən tutulması barədə iddia tələbləri üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələblərinə dair icraat 2-1(112)-8546/2022 nömrə ilə saxlanılması qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddianın mümkün sayılmaması hüquqi nəticə baxımından prinsipcə həmin iddia ilə yenidən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək imkanını istisna etmir. Lakin bunun üçün iddianın mümkün sayılmasını istisna edən və ya iddianın mümkün sayılmamasını şərtləndirmiş halın və ya səbəbin aradan qalxması mütləqdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında iddianın növündən asılı olaraq (mübahisələndirmə, məcburetmə haqqında iddialar münasibətdə) müəyyən müddət məhdudiyyətləri mövcuddur və iddianın mümkünlüyü istisna edən səbəblər həmin müddət daxilində aradan qaldırılmalıdır. Əks təqdirdə, müddətin buraxıldığı hallarda da iddianın mümkün sayılmaması riski mövcuddur və iddiaçı müddəti üzürlü səbəbdən buraxdığını sübut etməlidir. İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə irəli sürülən tələb - məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi, mənəvi zərər kimi 30 milyon manatın ödənilməsi ilə bağlıdır. Məhkəmə diqqətə çatdırır ki, hazırkı mübahisəyə (30 milyon manatın ödənilməsi hissədə istisna olmaqla) münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi qüvvəsini saxlaması və həmin qərardadda iddianın mümkün sayılmamasına səbəb olan halların aradan qaldırılmaması təşkil edir. Belə ki, işin faktiki hallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1993-cü ildən polkovnik-leytenant rütbəsi, 2003cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi, 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən, amma şəxsi işinə yazılmayan tabor komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vərəqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməsi, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, ezamiyyət, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması, 6 ildə ayda 64 manat məbləğində artım indeksasiyası tətbiq olunmaqla hesablanıb ödənilməsinin təmin edilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanunun 15 “v” maddəsinə uyğun olaraq 300 faizlik və 23 “b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması, Prezidentin xx.xx.2001-ci il tarixli 613 saylı Fərmanı və xx.xx.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Konstitusiyanın 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlavənin indeksasiyasız 1993cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin Qanunun 19.1.4-cü maddəsinə 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına hesablanması, onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi barədə iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-237/2019 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-444/2020 saylı qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı qüvvəyə minmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan xx.xx.2019-cu il tarixli 2-1(84)- 30/2019 saylı qərardadında qeyd olunmuşdur ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verilməsi tələbinə dair analoji iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı həmin tələb ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı yenidən iddia ərizəsi ilə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə öz qərardadında eyni mövqeyini nümayiş etdirərək, iddiaçı tərəfindən qaldırılan tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadının mövcudluğun və həmin qərardadda əks olunan mümkün əsaslarının aradan qaldırılmadığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin həmin qərardadı həm apellyasiya, həm də kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olan hallar aradan qaldırılmadığı təqdirdə, həmin iddialar üzrə qəbul edilmiş qərardadlar preyudisiallıq rolunu daşıyır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərardadlar qüvvədə olduğundan və həmin qərardadlarda göstərilən əsaslar aradan qaldırılmadığından, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Bundan başqa, iş üzrə materiallardan görünür ki, iddiaçı mahiyyət etibarı ilə tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb edir. Lakin bu tələbinə rəğmən iddiaçı xidmət dövründə səlahiyyətli orqan tərəfindən həmin vəzifəyə təyin edilməsini və həmin rütbənin ona verilməsini təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının tabor komandiri vəzifəsini icra etdiyini və polkovnik rütbəsinin ona verilməli olduğunu sadəcə iddia etməsi onun tələblərinin təmin olunması baxımından yetərli sayıla bilməz. İddiaçının real olaraq həmin vəzifədə xidmət etdiyi və həmin rütbəyə malik olduğu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə, o cümlədən onun vəzifəyə təyin olunması və ona rütbənin verilməsi barədə müvafiq əmrlərlə təsdiq olunmalıdır. Yaxud da iddiaçı ən azından həmin sənədlərin mövcudluğuna istinad etməlidir. Lakin iş üzrə materiallardan görünür ki, iddiaçı həmin vəzifəyə təyin edilməli olduğunu və rütbənin ona verilməli olduğunu bildirməklə kifayətlənmiş və bu zaman hər hansı müvafiq rəsmi sənədlərə istinad etməmişdir. İş üzrə materiallarda da belə sənədlər aşkar edilməmişdir. Onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. İddiaçı 2009-cu ildə Nizami rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş və bu zaman nə ərizəsində, nə də həmin iş üzrə apelyasiya şikayətinə etirazında tabor komandiri olması barədə məlumat verməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ səlahiyyətli orqan tərəfindən onun vəzifəyə təyin edilməsi və ona rütbənin verilməsi barədə əmrlərdən, yəni inzibati aktlardan irəli gəlməlidir. İddiaçı özünün iddia ərizəsində həmin inzibati aktlara (əmrlərə) istinad etməlidir. Konkret mübahisəyə münasibətdə iddiaçının istinad edə biləcəyi inzibati aktların mövcud olmaması səbəbindən onun iddia etdiyi vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək imkanı da istisna edilir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin rəsmiləşdirilməməsini və rütbənin verilməməsini mübahisələndirməmiş və səlahiyyətli orqanların bununla bağlı hərəkətlərinə və ya hərəkətsizliyinə qarşı qanunla nəzərdə tutulmuş müddət daxilində hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Halbuki həmin dövrdə qüvvədə olan mülki prosessual qanunvericiliyin istinad olunan normalarının müddət məhdudiyyəti ilə bağlı müddəaları iddiaçı tərəfindən nəzərə alınmalı və onlara riayət edilməli idi. Bununla əlaqədar nəzərə alınmalıdır ki, hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət məhdudiyyəti hüquqi müəyyənlik və hüquqi sabitlik məqsədlərinə xidmət edir və ictimai maraqlardan irəli gəlir. Məhz bu baxımdan müddət iddianın mümkünlük şərtləri sırasına aiddir və onun buraxılması iddianın mümkün sayılmaması ilə nəticələnir. Qeyd edilməlidir ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011- ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları barədə müvafiq müddəalar nəzərdə tutulmuşdu. Həmin müddəalarda hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtdan başlandığı təsbit edilmişdir. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Belə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış hüquqi müdafiə imkanının təzələnməsini nəzərdə tutmur. İPM-in 24.4-cü maddəsinin tələbinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra ilkin hüquqi vəziyyətin bərpasına, yəni buraxılmış həmin müddətin bərpasına dair ərizənin verilməsi imperativ qaydada istisna olunur. Göründüyü kimi, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilməsini və rütbənin verilməsini, bununla bağlı müvafiq qərarların (konkret halda əmrlərin) qəbul edilməsini tələb etməmiş və beləliklə də, məcburetmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Hətta bundan sonra da iddiaçı qanunda nəzərdə tutulmuş bir il ərzində də məhkəməyə müraciət etməmiş və bu səbəbdən də buraxılmış müddətin bərpa edilməsi barədə onun vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. İddia tələbinin digər hissəsinə, yəni, kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddia həmin hissədə də mümkünlük şərtlərini ödəmir. Belə ki, hazırkı iddia 30.000.000 manat kompensasiyanın ödənilməsi” hissəsində növ etibarı ilə AR İPM-nin 2.2.7-ci maddəsində göstərilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin məhkəmə araşdırılması zamanı qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, eyni tələb ilə bağlı əvvəlki qərardadların mövcudluğunun, onun yenidən məhkəməyə müraciət etmək hüququnun istisna etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar