Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11791/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmuş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına "tutulmuş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İddiaçıya 3 aprel 2014-cü il tarixində prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 396,00 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələri 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Prokurorluq orqanlarının əmədaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən etibarən qulluq keçdiyi vəzifə üzrə maaşı 970,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında 436.50 manat əlavə, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələri 1344,44 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 2880,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2636,25 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2880,94 manat) arasındakı fərq məbləğinin (244,69, manat) 54 faizi- 132,13 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (2109,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2241,13 manat hesablanmışdır. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının yenidən hesablanmış əmək pensiyasının məbləği 2696 manat, 25 qəpik olmuşdur: vəzifə maaşı 1280 manat, rütbə əlavəsi 130 manat, qulluq stajına görə əlavə 45 faizi miqdarında 576 manat, mükafatlar Ə/H 1737,75 manat. Cavabdeh 1 yanvar 2023-cü il tarixindən iddiaçının 2965,88 (2696,25+ pensiyanın tərkibində 10 faiz maddi yardım) məbləğində müəyyən etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 81563,20 manat xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 6723,39 manat artıq pul vəsaitin ödənildiyini hesab etmişdir. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 81563,20 manatdan 35960,40 manata qədər azaldılmışdır. Buna görə iddiaçının 2022-ci iin dekabr 2023-cü ilin yanvar ayları üzrə əmək pensiyasından 955,76 manat pul vəsaiti tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 74839,84 manat pensiya məbləğinin Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2966/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7464/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı əmək pensiyasından tutulan 6723,39 manat məbləğin, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə, yəni 6723,39 manat məbləğin birdəfəlik ödənilməsi hissədə təmin edilməmişdir. Qərardan şikayət verilməmiş, qanuni qüvvəsini almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, əmək pensiyasından tutulan 955,76 manat pul vəsaitinin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...pensiya işinizə aid məsələlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 3 aprel 2014-cü il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik dərəcənizin müddətinin 20 aprel 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişiniz 1 may 2021-ci il tarixindən dayandırılıb. Təkrar müayinədən keçməyinizlə əlaqədar Mərkəzi Filiala müraciətiniz əsasında əmək pensiyanız 2021-ci ilin avqust ayında bərpa edilib. Həmçinin xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sizə 81563,20 manat artıq ödəmə, 2021-ci ilin may, iyun və iyul ayları üzrə isə ödənilməli olan 6723,39 manat pul vəsaiti hesablanıb. Ödənilməli olan 6723,39 manatın sizə artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilməsi nəticəsində qalıq borcunuz 74839,81 (81563,20-6723,39) manat təşkil edir. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında sizə 11 fevral 2022-ci il tarixli **********8 nömrəli məktubla ətraflı məlumat verilib. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2-1(112)-7464/2023 nömrəli qərarına əsasən yuxarıda göstərilən sizə ödənilməli olan 6723,39 manat pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 2241,13 manat) əmək pensiyanızın üzərinə əlavə olunaraq müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 81563,20 manatdan 35960,40 manata azaldılıb. Prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, 2022-ci il ərzində ödənilən aylıq maddi yardımın pensiyanın tərkibinə aid edilməsi, həmçinin cari il üzrə pensiya məbləğinin indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyanız 3401,86 manata artırılıb, həmçinin 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə sizə ödənilməli olan 955,76 manat fərq məbləği hesablanıb. Həmin sizə artıq ödənilmiş 35960,40 manat pul vəsaitdən sizə ödənilməli olan 955,76 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 35004,64 (35960,40-955,76) manat təşkil edir. Həmin 35004,64 manat qalıq artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur”. İddia tələbi, İddiaçının əsaslandırması: iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə 955,76 manat pulun ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciəti əsasında yazdığı 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, həmin Filial 74839,81 manat pul məbləğinin ondan tutulmaması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcud olmasına baxmayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 maddəsində olan son dəyişikliklərini rəhbər tutaraq həmin 74839,81 manat pul vəsaitinin son 3 ildə ödənilmiş 29237,01 manat pulu yenə ona borc kimi hesab etmiş, son pensiya artımı ilə bağlı 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə ona ödəməli olunan 955,76 manat pul vəsaitini ona verməyərək büdcəyə bərpa edib həmin 29237,01 manatdan çıxmış, qalan 28281,25 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi təklif edilərək əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbir görəcəkləri ilə hədələnmişdir. Beləliklə, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda Mərkəzi Filial yenə də məhkəmə qərarı ilə tutulmalı olmayan pul məbləğindən vəsaitinin tutulmasına davam edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etirazın dəlilləri cavabdehin imtina məktunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçıya 3 aprel 2014-cü il tarixində prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 396,00 manat, rütbəyə görə əlavə 130,00 manat,digər növ əlavələri 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Cavabdeh iddiaçının 2022-ci iin dekabr 2023-cü ilin yanvar ayları üzrə əmək pensiyasından 955,76 manat tutulma həyata keçirmişdir. İddiaçı hazırda 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar ayları üçün tutulmuş 955,76 manat pulun ona birdəfəlik ödənilməsini xahiş edir. İş materillarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Filialın İddiaçı qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması barədə iddia tələbi rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Hazırkı iş üzrə iddianın predmeti olan, ödənilməyən 3 aylıq pensiya ödənişinin tutulması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə artıq ödəmə hesab edilən pensiya məbləğinin tutulması ilə bağlı eyni fakta söykənir. Belə ki, cavabdeh orqan iddiaçının pensiyasının artıq hesablanmasını əsas gətirərək, artıq ödənilmiş pensiyanın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmış, eyni zamanda cavabdeh orqan eyni faktiki əsasa istinad edərək öz təşəbbüsü ilə iddiaçıya ödənilməli olan pensiya məbləğindən artıq hesablama aparıldığını hesab edərək iddiaçıya ödənilməli olan pensiya ödənişi ilə əvəzləşdirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar və hallar hazırkı iş üzrə preyudisial xarakter daşıyır və sübuta ehtiyacı yoxdur. Belə ki 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Eyni zamanda bununla bağlı məhkəmədə müvafiq iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçıya artıq pensiya ödənişinin tutulması ilə bağlı artıq iki qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq cavabdeh orqan həm məhkəmə qərarlarına əhəmiyyət verməyərək, həmçinin qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini kobud şəkildə pozaraq yenə də iddiaçıya ödənilməli olan pensiya məbləğində öz təşəbbüsü ilə tutulmalar (əvəzləşdirmələr) aparır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Məhkəmə qeyd edir ki, cavabdeh orqanın bu qanunsuz hərəkəti (ödənilməli olan pensiya məbləğindən özbaşına tutulmaların aparılması) Azərbaycan dövləti adından qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarlarına hörmət etməməklə yanaşı, həmçinin bu məsələ ilə bağlı vahid məhkəmə təcrübəsinin nəzərə almaması ilə də nəticələnir. Məhkəmə iddia tələbinin pensiya məbləğindən artıq tutulmaların birdəfəlik ödənilməsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 955,76 manat pulun birdəfəlik qaytarılması hissədə təmin edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək pensiyasından tutulan 955,76 manat məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasından tutulan 955,76 manat (doqquz yüz əlli beş manat yetmiş altı qəpik) məbləğin, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə, yəni 955,76 manat (doqquz yüz əlli beş manat yetmiş altı qəpik) məbləğin birdəfəlik ödənilməsi hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11791/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11791/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver