Məhkəmə qərarları › İş №2-1(112)-1180/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1180/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1180/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə X3rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasında vətəndaşların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər) əsasən 57 yaşının tamam olduğu vaxtdan, yəni xx xxxxxx 2012-ci il tarixindən əmək pensiyamın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasının xx xxxxxx 2020-ci il tarixində notarius tərəfindən təsdiq olunmuş surətindən də göründüyü kimi xx.xx.1979-cu ildən ali təhsilli mühəndis kimi inşaat ustası vəzifəsinə təyin olunmuşdur. İdda ərizəsinə əlavə etdiyi adına verilmiş EB 014088 nömrəli diploma əsasən 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxiil olmuş və xx xxxx 1979-cu ildə “sənaye və mülki tikinti” ixtisası üzrə kursu bitirmişdir. Azərbaycan Respubliksı SHXÇ üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli 5 saylı arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivindən xx xxxxxx 2020-ci il tarixində verilən 27 saylı arxiv arayışına əsasən onun əmək fəaliyyəti ilə bağlı stajı aşağıdakı kimi olmuşdur: 1) xx.xx.1979xx.xx.1980, Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində inşaat ustası, əsas xx.xx.1979-cu il tarixli əmr № 118 (həmin müəssisədə güzəştli şərtlər əsasında stajı 6 ay 3 gündür); 2) xx.xx.1980-xx.xx.1981-ci il tarixli SSRİ Silahlı Qüvvələrində hərbi xidmət, Azərbaycan Respubliksı SHXÇ üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən xx.xx.2020ci il tarixli 5 saylı arayışına əsasən (1 il 5 ay olan həmin müddət ümumi iş stajına daxildir); 3) xx.xx.1981-ci il tarixindən hərbi xidmətdən qayıtdıqdan sonra Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində inşaat ustası vəzifəsinə qəbul olunmuşdur (qəbul olunma əmri xx.xx.1981, N; 125, həmin vəzifədən çıxma əmri, xx.xx.1992, əmr N; 80); 4) xx.xx.1992 xx.xx.1995 Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində iş icraçısı vəzifəsində işləmiş, əsas xx.xx.1992-cu il tarixli əmr N; 80, xx.xx.1995-ci il tarixli əmr № 100 (həmin müəssisədə güzəştli şərtlər əsasında stajı 10 il 10 ay 12 gündür); 5) xx.xx.1995-xx.xx.2005-ci ilə gədər Kürdəmir şəhərində olan 63 saylı X2 iş icraçısı vəzifəsində işləmişdir, əsas xx.xx.1995-ci il tarixli əmr N; 25/19, xx.xx.2005-ci il tarixli əmr № 32 (həmin müəssisədə güzəştli şərtləri əsasında stajı 10 il 1 ay 20 gündür). Notarius tərəfindən təsdiq olunmuş əmək kitabçasına və arxiv arayışına əsasən onun sığorta iş stajı 26 il 28 gündür. O, ali məktəbdən təyinatla gənc mütəxəssis kimi işləməyə göndərildiyi üçün, təhsil aldığı 5 il də iş stajı sayılmalıdır. Belə olan halda onun ümumi iş stajı 31 il 28 gündür. 31 ildən çox olan əmək fəaliyyətinin 24 ildən çoxunu əmək şəraiti zərərli olan işlərdə işlədiyindən, 57 yaşı tamam olandan sonra, yəni xx xxxxxx 2012-cı il tarixindən ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Lakin dəfələrlə şifahi şəkildə aidiyyətli dövlət orqanlarına etdiyi müraciətlərin heç bir nəticəsinin olmadığını gördükdə, 2020-ci ili əvvəllərindən başlayaraq yazılı şəkildə aidiyyətli dövlət orqanlarına ərizə ilə müraciət etməyə başlamışdır. 2020-ci ilin əvvəllərində əmək kitabçası və güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağını təsdiq edən arxiv arayışını da İdarəyə təqdim etmişdir. Ona bildirmişlər ki, hər şey qaydasındadır, əmək kitabçasının notarius tərəfindən təsdiq olunmuş surətini də təqdim etmək lazımdır. Əmək kitabçasının notarius tərəfindən təsdiq olunmuş surətindən də göründüyü kimi xx xxxxxx 2020-ci il tarixində o əmək kitabçasının surətini təsdiq elətdirmişdir. Ondan sonra da dəfələrlə İdarəyə müraciət edərək aidiyyətli sənədləri təqdim etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə sənədləri geri qaytarılmışdır. Ona görə də onda şübhələr yaranmağa başladı ki, sənədlərini itirəcəklər. Ehtiyat məqsədilə xx.xx.2020-ci il tarixində 2 saylı Asan Xidmətində ikinci dəfə əmək kitabçasının surətini notariusda təsdiq elətdirmişdir ki, əmək kitabçasının əsli ilə onda olan təsdiq olunmuş surətini pensiya üçün təqdim edəndə, təsdiq olunmuş bir surəti onda qalsın. Lakin evə gəlib sənədləri yerbəyer etdikdə görmüşdür ki, əmək kitabçasının əsli yoxdur. 4-5 gün ehtimal olunan yerlərdə axtarış apardıqdan sonra, onda də belə bir ehtimal yaranmışdır ki, əmək kitabçası 21 saylı marşurutda itirmişdir. Ona görə də bu barədə xx.xx.2020-ci il tarixində aidiyyəti üzrə Xətai Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin surətini də iddia ərizəsinə əlavə etmişdir. Ərizəyə əlavə etdiyi sənədlərdən də göründüyü kimi axırıncı dəfə xx xxx 2020-ci il tarixində əmək kitabçasını notariusda təsdiq olunmuş surəti ilə təqaüdün təyin olunması üçün zəruri olan bütün sənədləri İdarəyə göndərsə də yenə də ona xx xxx 2020-ci il tarixli imtina cavabı göndərilərək göstərilmişdir ki, müvafiq sənədlərin əsilləri tam şəkildə təqdim olunduqdan sonra işə baxıla bilər. Əmək kitabçasının əslini təqdim edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Arxiv arayışından və əmək kitabçasının surətindən də göründüyü kimi onun xx xxxxxx 2012-ci ildə 57 yaşı tamam olanda ümumi iş stajı 25 ildən çox olmuşdur. Həmin stajın da 20 ilindən çoxu güzəştli şərtlərlə pensiyasının təyin olunmasına əsas verən sahələrdə işləmişdir. Qanunla ona xx xxxxxx 2012-ci il tarixdən həmin şərtlər daxilində ona pensiya hesablanmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində əmək fəaliyyəti ilə bağlı uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən də əmək kitabçasının əsli tələb edilmişdir. Lakin iddiaçı əmək kitabçasının əslini təqdim edə bilməmişdir. İddiaçının işlədiyi qeyd olunan müəssisələrin əmək kitabçasındakı möhürləri arasında fərq vardır. İddiaçının əmək fəaliyyətinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Ona görə də iddiaçının ümumi və güzəştli əmək stajı yaranmadığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 14798166 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2020ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 16:00 radələrində ASAn-2 Xidmətdən qayıdarkən 21 saylı marşurutda ona məxsus olan Kürdəmir Təsərrüfatlarası Tikinti İdarəsi tərəfindən xx.xx.1979-cu ildə verilən əmək kitabçasını (İT-1 № 1427125) naməlum şəraitdə itirmişdir. Onun tapılmasında sərəncam verilməsini xahiş edir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin 5 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ehtiyatda olan leytenant 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. - Azərbaycan Politexnik İnstitutu tərəfindən verilmiş, xx.xx.1979-cu il tarixli, EB 014088 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildə təhsil müəssisəsinə daxil olmuş və xx xxxx 1979-cu ildə “sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1980-ci il tarxədək Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində inşaat ustası (07 ay 03 gün). xx.xx.1980-xx.xx.1981-ci il tarixli SSRİ Sialahlı Qüvvələrində hərbi xidmət (01 il 06 ay 03 gün), xx.xx.1981-ci il tarixindən xx.xx.1995-ci ilə qədər Kürdəmir Təsərrüfatlar Tikinti İdarəsində inşaat ustası (14 il 05 gün), xx.xx.1995-xx.xx.2005-ci il tarixədək 63 №-li X4sində iş icraçısı (10 il 01 ay 16 gün) vəzifələrində işləmişdir. - Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 27 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixinə kimi Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsində inşası ustası işləmişdir, əsas: xx.xx.1979-cu il Əmr 118. xx.xx.1980-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Kürdəmir təsərrüfatlararası Tikintisi İdarəsində inşsnt ustası işləmişdir: əsas: xx.xx.1981-ci il. xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Kürdəmir Təsərrüfatlararası Tikintisi İdarəsində iş icraçısı işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi 63 saylı X6 (SMD) iş icraçısı işləmişdir, əsas: xx.xx.1995-ci il 25\19 №-li əmr. Qeyd: İddiaçı işlədiyi tikinti sahələri məktəblər, yaşayış binaları, inzibai idarə binaları, kolxoz və sovxozlarda iri mal-qara fermaları olmaqla müxtəlf həcmlərdə dəmir-beton konstruksiyadan ibarət olmuşdur. Odur ki, əmək şəraiti ağır olduğu üçün “Əmək pensiyaların haqqında” Qanun 9.1 maddəsinə və Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı və xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarlarına əsasən ağır əmək şəraitində işlədiyi üçün mühəndis kimi güzəştli əmək pensiyasına çıxmaq hüququ vardır. - Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 44 №-li, 1 №-li, 77 №-li xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı barəsində verilmiş xx xxxxxx 2020-ci il tarixli 27 nömrəli arxiv arayışı əmək kitabçası əsasında ona verilmişdir. İddiaçı çalışdığı Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsi və 63 saylı X5 şəxsi heyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********549000 №-li,xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, dövlət reyestrində 63 saylı X1 xx.xx.1989-cu il tarixdə 24 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 63 saylı X4 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020ci il tarixli, **********8 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfna 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 67-ci maddəsinin 1-ci hissəsinə görə iş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi xx.xx.2006-cı il tarixədək olan sığorta stajı əmək kitabçası əsasında müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. - 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının əsli iddiaçı tərəfindən itirilmişdir. Həmin əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətində qeyd olunan iddiaçının əmək fəaliyyətinin qarşılıqlı yoxlanılması mümkün olmamış, işlədiyi qeyd olunan müəssisələrin adı ilə həmin müəssisələr tərəfindən əmək kitabçasına vurulmuş möhürlər arasında uyğunsuzluq vardır. Bundan əlavə iddiaçının işlədiyi müəssisələr tərəfindən müvafiq sənədlər (əmrlər, əmək haqqı barədə cədvəllər) Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verməmişdir. İddiaçının güzəştli arayış kimi təqdim etdiyi arayış isə Kürdəmir rayon Dövlət Arxiv İdarəsi tərəfindən əmək kitabçasına əsasən tərtib edilmişdir ki, qeyd edilən idarənin şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalınmasına dair arayış vermək səlahiyyəti yoxdur. Belə olan halda İddiaçı ümumi iş stajının 25 ildən çox olması, 12 il 6 ay güzəştli iş stajına malik olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaranmadığından, həmçinin güzəştli iş stajına malik olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar