Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11801/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdehsinə qarşı “medallarla təltif olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “hərbi hissə komandanlığının cinayət məsuliyyətinə cəlb edilməsi və oğlu X2 medallarla təltif edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq 2-ci Qarabağ Vətən müharibəsinə qatılmış oğlu X5 Cavabdeh tərkibində N nəfər şəxsi heyəti ilə birlikdə Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sülh müqaviləsi bağlandıqdan sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nəfər şəxsi heyyəti ilə birlikdə Cəbrayıl rayonun mühafizəsi və müdafiəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 13 nəfər şəxsi heyəti ilə birlikdə Laçın rayonunun mühafizəsi və müdafiəsində iştirak etmişdir. X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0249T №-li 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Füzuli, Xocavən, Cəbrayıl və Laçın rayonlarının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında imzaladığı 1-ci və 2- ci Sərəncamın müddəalarına uyğun olaraq siyahılara adı düşməmiş və heç bir medalla təltif olunmamışdır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək onunla birlikdə Laçın rayonunun mühafizəsi və müdafiəsində xidmət etmiş şəxslər, o cümlədən oğlunun tağım komandiri olduğu 3-cü tağımın 13 nəfər şəxsi heyətinin adı Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının Laçın rayonunun azad olunmasına görə” təltif edilməsi haqqında Sərəncamın siyahısına salınmış, lakin tağım komandiri kimi oğlunun adı bu siyahıya da salınmamışdır. Hesab edir ki, oğlu “Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə” medalı ilə təltif olunmalıdır. Eyni zamanda “Laçın rayonunun azad olunmasına görə” medalı ilə təltif olunmalıdır. İddiaçı qeyd edir ki, oğlunun tabeliyində olan əsgər X3 “Füzuli rayonunun azad olunmasına görə” medalı ilə, əsgər X7, əsgər X4 “Xocavənd rayonunun azad olunmasına görə” medalı ilə təltif olunmuşlar. Oğlunun hərbi biletində döyüşdə olduğu rayonlar haqqında məlumatlar qeyd olunmuşdur. İddiaçı 28 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinə, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinə və Müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisinə, 03 Avqust 2021-ci tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikasının Hərbi prokuroruna məktubla müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Bununla yanaşı, işin hazırlıq icraatı üzrə məhkəmə iclasları barədə tərəflərə bildiriş göndərilmiş, eyni zamanda İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu göndərilərək, iddianın cavabdehə və iddiaçıya münasibətdə dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçıya həmçinin 03 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq icraatı üzrə iclasında da hüquqi yardım göstərilərək cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin seçilməsi təklif edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 05 noyabr 2022-ci il tarixdə X5 məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının medallar ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamlara uyğun olaraq onun “Füzuli, Cəbrayıl və Laçın rayonlarının azad olunmasına görə” medalı ilə təltif olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd olunanları müdafiə edərək iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək və iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia bir neçə əsasdan mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33-cü maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd); Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, həmin maddə məhkəmənin üzərinə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmaq, 13-cü maddə isə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etmək vəzifəsi qoyur. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda qeyd olunan normaların tələblərindən çıxış edərək məhkəmə, iddiaçıya hüquqi yardım göstərmiş, lakin iddiaçı iddia tələbini Cavabdeh münasibətdə düzəliş etmədən məhkəməyə təqdim etmiş və iddiaya həmin hərbi hissənin cavab verməli olması iradəsini ifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının müəyyənləşdirilməsi iddianın mümkünlük şərtlərindən biri kimi nəzərdə tutulmuşdur. Həmçinin vurğulanmalıdır ki, iddiaçı cavabdehlə yanaşı, tələbi də düzgün təqdim etməmişdir. Belə ki, iddia tələbində iddiaçı onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etməli idi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan İPM-in 2.2.2-ci, 33.1-ci və 35-ci maddələrinin mənasına görə, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. İddiaçının xahiş etdiyi hərəkətin edilməsi (inzibati aktın qəbul edilməsi) bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstərişi əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1” 20-ci bəndinə əsasən, həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Hər bir komandir (rəis) bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir. Komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu həvəsləndirmək barədə vəsatət qaldıra bilər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın: - 3-cü maddəsinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Rspublikası orden və medalları ilə ilə təltif olunması Azərbaycan Rspublikasının ordenlərinin və medalları haqqında əsasnamələrə uyğun olaraq hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. - 7-ci maddəsinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. - 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada komandirlərinə), onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. - 13-cü maddəsinə əsasən, tabeliyində olanları Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ olan komandirlər və rəislər, habelə baxılmaq və qərar çıxarmaq üçün təltif olunmağa təqdimatlar almış komandirlər və rəislər Azərbaycan Respublikasının ordenlərinin və statutunu və medalları haqqında əsasnamələri rəhbər tuturlar. - 22-ci maddəyə əsasən, hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur; - 23-cü maddəsinə əsasən, haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə (təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallardan başqa) təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Müddəalardan göründüyü kimi, medallarla təltif etmə barədə üçün təqdimatın verilməsi bir neçə mərhələdən keçir. Təltif səlahiyyəti Azərbaycan Respublikasının Müdafiə nazirinə verilmiş medallarla bağlı nazirin əmr layihəsi hazırlanır. Beləliklə də, qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır. Lakin iş materialları ilə iddiaçının səlahiyyətli inzibati orqana arzuladığı təqdimatın verilməsi üçün müraciət etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11801/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11801/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver