Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11802/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı “qabiliyyət imtahanı nəticəsinin dəyişdirilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.2024-cü il tarixdə “dizayn” ixtisası üzrə keçirdiyi qabiliyyət imtahanında çəkdiyi rəsmin 5 baldan yüksək qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli “dizayn” ixtisası üzrə keçirilmiş qabiliyyət imtahanının nəticəsinin dəyişdirilməsi və çəkdiyi rəsmin 5 baldan yuxarı qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində DİM-in Dizayn ixtisası üzrə keçirdiyi qabiliyyət imtahanında iştirak etmişdir. İmtahan 14 nömrəli komissiya üzrə keçirilmiş, imtahanda tələbələrə təqdim edilən heykəl üzrə rəsm əsərinin hazırlanması tapşırığı verilmişdir. Rəsm əsərinin 10 ballıq qiymətləndirmə üzrə ən aşağı həddi 8 balla qiymətləndirilməsini doğru hesab edir. Buna baxmayaraq komissiya üzvləri çəkdiyi rəsm əsərini 10 ballıq şkala üzrə 5 balla qiymətləndirmişdir. Nəticədən narazı olduğuna görə İmtahan nəticəsinə yenidən baxılması üçün DİM-in Apellyasiya şurasına müraciət etmiş, Apelyasiya şurası tərəfindən e-mail adresinə göndərilən cavabda bildirilmişdir ki, Apellyasiya komissiyasının qərarına görə işi qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirilmişdir. Öz təşəbüsü ilə bu sahə üzrə ixtisaslaşmış müəllimlərə müraciətinə cavab olaraq, Xəzər Universitetinin Memarlıq və Dizayn Departamentinin müəllimi X3 və Azərbaycan Dövlət Pedaqoji Universitetin Təsviri İncəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi X8 yazdıqları rəydə çəkdiyi rəsmin 8 balla qiymətləndirilməsini qənaətbəxş hesab etmişlər. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Mərkəz tərəfindən 2024-cü il 20 iyun tarixindən etibarən Dizayn ixtisasının rəsm fənni üzrə Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə qabiliyyət imtahanları keçirilmiş və bu barədə Mərkəzin internet saytında müvafiq elan yerləşdirilmişdir. İddiaçı 2024-cü il 27 iyun tarixində Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə qabiliyyət imtahanı vermiş və 2024-cü il 28 iyun tarixində aparılan qiymətləndirmə zamanı onun işi qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 balla qiymətləndirilmişdir. Dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanında məqbul nəticə əldə etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş minimum keçid faizindən 60% (6 bal) aşağı olduğu üçün 14-cü komissiya üzrə imtahandan məqbul nəticə əldə etməmişdir. Qanunvericiliyin tələbini təmin etmək məqsədilə Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 10 iyul 2024-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilmiş, komissiyaya müraciət etmək üçün 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək "apelyasiya.dim.gov.az” saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. İddiaçı 2024-cü il 27 iyun tarixində keçirilmiş Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə qabiliyyət imtahanı nəticələri ilə əlaqədar 2024-cü il 6 iyul tarixində Mərkəz tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət etmişdir. İddiaçının müraciətinə apellyasiya qaydasında baxılmış və komissiyanın ekspertləri tərəfindən müvafiq izahat verilmişdir. 2024-cü il 18 iyul tarixli onlayn Apellyasiya iclasının qərarına əsasən iddiaçının imtahan nəticəsi qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirildiyi üçün apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. İşin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə 2024-cü il 27 iyun tarixində keçirilmiş qabiliyyət imtahanı üzrə iddiaçının imtahan nəticəsi müvafiq sahə üzrə ixtisaslaşmış eskpertlər tərəfindən "Təsviri sənəd/Memarlıq" adlı abituriyent jurnalının xüsusi buraxılışında öz əksini tapan meyarlar əsasında yenidən ekspertiza edilmişdir. İddiaçının hazırki iddiası məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə esasen mecburetmə haqqında iddialara baxan inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu ve iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qanunvericilik aktlarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi Dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanının keçirilməsi və nəticələrin yoxlanılması Mərkəzin səlahiyyətindədir. Bundan başqa, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin 2024-cü 19 avqust tarixindən etibarən başa çatdığını nəzərə alaraq, İddiaçı ərizəsində qeyd etdiyi iddiası öz əhəmiyyətini itirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qabiliyyət imtahanının nəticəsinə dair protokoldan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Dizayn ixtisası üzrə qabiliyyət imtahanı keçirilmiş, İddiaçı həmin imtahanda çəkdiyi rəsm 5 bal qiymətləndirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı bu qərardan narazı qalaraq Apellyasiya komissiyasına müraciət etmiş, cavabdehin 14-cü komissiya üzrə onlayn apellyasiyanın keçirilməsi haqqında xx.xx.2024 tarixli protokoldan çıxarışdan görünür ki, 213001 nömrəli iş üzrə qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 27 iyun 2024-cü il tarixində 286 saylı tam orta məktəbdə iddiaçı Dizayn ixtisasının (14cü qabiliyyət imtahanı komissiyası) rəsm fənni üzrə qabiliyyət imtahanı vermişdir. 28 iyun 2024-cü il tarixində aparılan qiymətləndirmə zamanı iddiaçının işi qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 (beş) balla qiymətləndirilmişdir. Bu meyarlar və dizayn ixtisasının proqramı "Təsviri sənət/Memarlıq" adlı abituriyent jurnalının xüsusi buraxılışında ictimaiyyətə təqdim olunmuşdur. İddiaçının işi əsas və alt meyarlar əsasında aşağıdakı kimi qiymətləndirilmişdir:
1. Gips baş rəsminin verilmiş formata uyğun kağız üzərində yerləşdirilməsi - Gips baş rəsminin ölçüləri kağızın formatına münasibətdə düzgün tapılmış və kağız üzərində düzgün yerləşdirilmişdir. Heykəlin ətrafında olan boşluqlar baxış istiqamətinə uyğun olaraq düzgün bölüşdürülmüş və kağızın formatına uyğun ölçüdə verilmişdir. Bu meyar üzrə abituriyentin nəticəsi mümkün 2 baldan 2 balla qiymətləndirilmişdir.
2. Gips baş rəsminin konstruktiv həlli - Bu meyara əsasən abituriyentə mümkün 3 baldan 1 bal verilib. Belə ki, rəsmdə üzün ovalı daha sərt işlənib, üzün silueti bu rəsmə nisbətdə daha uzunsov olmalı idi. Ümumi gözlərin ölçüləri üzün maskasına nisbətdə daha böyük çəkilib və göz ilə dodaq eyni ölçüdədir. Burun daha yumru çəkilib, dodaq forması modelin xüsusiyyətlərini əks etdirmir, qulaqlar fərqli səviyyədədir, saç zolaqlardan ibarətdir və formalar Diana heykəlini xarakterizə etmir. Heykəl dayaq postamentinin mərkəzində olmalı olduğu halda, daha kənarında yerləşdirilmişdir. Müstəvi xətti çox aşağıdan çəkilib və bu halda heykəl sanki fonun içindən çıxır. Gözlər identik deyil və 2 göz arasındakı məsafə azdır. Dodaq çənə ilə burunun arasında düzgün yerləşdirilməyib. Burun pərələrinin hündürlüyü olduğundan balaca çəkilmişdir. 3.Gips baş rəsminin işıq - kölgə və plastik həlli - Gips baş rəsminin işıq kölgə həlli qismən yerinə yetirilmiş, plastika qismən tapılmışdır. Ümumi olaraq işıq - kölgə ilk mərhələsindədir. Metodik baxımdan işıqdan kölgəyə keçidlər yetərsizdir və rəsmdə detalların işıq-kölgəsinin yertərsiz olması həcmin və plastikanın pozulınasına səbəb olmuşdur. Rəsimdə ton dərəcələrinin keçidlərinin formaya uyğun olmaması görünür. Gips baş modelinə aid olan plastik xüsusiyyətlərin verilməməsi və üzün xarakteri, kiçik detalların işlənməsi üzrə səhvlər buraxılmışdır. Saçın işıqlı hissəsi ilə kölgədəki hissələri arasında ton fərqi yoxdur, hətta kölgə hissələrdə olan işıqlar, işıqlı hissələrə nisbətdə daha yüksək verilmişdir. Boğaz hissədə İşığın düşmə istiqaməti bilinmir. Ümumi olaraq bütün formalar və detallar açıq və tünd konturlardan ibarətdir. Bu meyar üzrə abituriyentin nəticəsi mümkün 3 baldan 1 balla qiymətləndirilmişdir.
4. Gips baş rəsminin tamamlanması - Digər meyarlardan da göründüyü kimi rəsm nisbətən qüsurlu işlənmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, rəsm bu meyar üzrə mümkün 2 baldan 1 balla qiymətləndirilib. İddiaçı qiymətləndirmənin nəticəsi ilə əlaqədar onlayn şəkildə qeydiyyatdan keçərək apellyasiya ərizəsi doldurmuşdur. 18 iyul 2024-cü il tarixində apellyasiya komissiyasının üzvləri tərəfindən iddiaçının yerinə yetirdiyi tapşırığa bir daha baxılmış, apellyasiya müraciəti araşdırılmışdır. Apellyasiya komissiyası yekunda qiymətləndirmə komissiyası tərəfindən iddiaçının işinin doğru qiymətləndirilməsi qənaətinə gəlmiş, qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən verilmiş qiymətin qüvvədə saxlanılması haqqında qərar qəbul etmişdir. Bu barədə iddiaçıya zoom proqramı vasitəsilə onlayn bağlantıyla qiymətləndirmə və apellyasiya araşdırması haqqında əsas və alt meyarlar əsasında ətraflı izahat verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən: - bənd 2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyriməqbul”la qiymətləndirilir. - bənd 5.4. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. İşdən görünür ki, iddiaçı hazırda cavabdehin qabiliyyət imtahanı üzrə onun çəkdiyi rəsmə dair qəbul etdiyi qərar ilə razılaşmır və həmin imtahanının nəicələrini mübahisələndirir. -bənd 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. - bənd 6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırda cavabdehin qabiliyyət imtahanı üzrə çəkdiyi rəsmə dair qəbul etdiyi qərar ilə razılaşmır və həmin imtahanının nəticələrini mübahisələndirir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, qabiliyyət imtahanın nəticələri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya tərəfindən qiymətləndirilir və müvafiq qərar qəbul edilir. Azərbaycan Respubliksı İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə qeyd edir ki, qanunvericilik inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur ki, İPM-in istinad edilən 73.3.2-ci maddəsi bu istisnalardan biridir. Belə ki, normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Belə ki, bir qayda olaraq, bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məslələrin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı yalnız qərarın anlaşıla bilən olduğunu və işin dəqiq faktiki halları əsasında, düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Buna görə də inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olub-olmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalı və ləğv edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Dizayn (14-cü komissiya) və Dekorativ sənət (15-ci komissiya) ixtisaslarının Rəsm imtahanı üzrə qiymətləndirmə meyarlarından görünür ki, çəkilmiş rəsmlər aşağıdakı meyarlar üzrə qiymətləndirilməlidir: - Gips baş rəsminin ölçülərinin formata uyğun kağız üzərində yerləşdirilməsi – 2 bal; - Gips baş rəsminin ölçülərinin kağızın formatına münasibətdə düzgün tapılmaması və kağız üzərində düzgün yerləşdirilməməsi – 0 bal; - Gips baş rəsminin ölçülərinin kağızın formatına münasibətdə düzgün tapılması və kağız üzərində nisbətən düzgün yerləşdirilməsi; gips baş rəsminin ölçülərinin kağızın formatına münasibətdə nisbətən düzgün tapılması və kağız üzərində düzgün yerləşdirilməsi – 1 bal; - Gips baş rəsminin ölçülərinin kağızın formatına münasibətdə düzgün tapılması və kağız üzərində düzgün yerləşdirilməsi – 2 bal; - Gips baş rəsminin konstruktiv həlli – 3 bal; - Rəsmdə konstruktiv həllin olmaması və nisbətlərin gözlənilməməsi – 0 bal; - Rəsmin konstruktiv həllinin və nisbətlərin əsasən gözlənilməsi, həcmin düzgün tapılması – 1 bal; - Rəsmin konstruktiv həllinin və nisbətlərin əsasən gözlənilməsi, başın təsvir olunmuş hissə və detallarının nisbətlərinin verilmiş tapşırığa uyğun işlənilməsi – 2 bal; - Rəsmin konstruktiv həllinin və nisbətlərin modelin xarakterini tam ifadə etməsi – 3 bal; - Gips baş rəsminin işıq-kölgə və plastik həlli – 3 bal; - Rəsmdə işıq-kölgə həllinin verilməməsi, tonun əldə olunması üçün ştrixdən istifadə olunmaması, gips başın formasını verməyən nizamsız ştrixlərdən istifadə olunması – 0 bal; - Gips baş modelinin işıq-kölgə həllinin nisbətən dəqiq yerinə yetirilməsi, plastikanın qismən tapılması – 1 bal; - Gips baş modelinin işıq-kölgə həllinin formanı ifadə etməsi, plastik həllin nisbətən dəqiq yerinə yetirilməsi – 2 bal; - Rəsmdə işıq-kölgə və plastik həllin dəqiq verilməsi, ton dərəcələrinin keçidlərinin (yumşaq və ya kəskin), kölgələrin formalara uyğunluğu – 3 bal; - Gips baş rəsminin tamamlanması – 2 bal; - Gips baş rəsminin tamamlanmaması, rəsmin təsvir edilən başla oxşarlığının olmaması – 0 bal; - Gips baş rəsminin qismən tamamlanması, cizgilərin qənaətbəxş şəkildə yekunlaşdırılması, rəsmin təsvir edilən başla oxşarlığının olması – 1 bal; - Gips baş rəsminin düzgün tamamlanması, mərhələlərin doğru ardıcıllığının gözlənilməsi, rəsmin təsvir edilən başla tam oxşarlığının olması – 2 bal. İşdən görünür ki, cavabdeh iddiaçının çəkdiyi rəsmi 5 balla qiymətləndirsə də, həmin qiymətləndirməni yuxarıda qeyd edilən hansı meyarlar nəzərə alınmaqla aparmasını nə xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə ilə bağlı protokolda, nə də xx.xx.2024-cü il tarixli apellyasiya komissiyasının protokolunda əsaslandırmamış, yalnız qiyməti müəyyən etməklə kifayətlənmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 61.3-cü maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göründüyü kimi, normaların tələblərinə əsasən əgər inzibati orqan qanunla ona verilmiş diskresion səlahiyyətdən istifadə etməklə qiymətləndirməni həyata keçirirsə, həmin mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Cavabdeh məhkəmə gedişində iddiaçının çəkdiyi rəsmin qiymətləndirilməsi ilə bağlı müvafiq sahə üzrə mütəxəssis tərəfindən verilmiş ekspert rəyini təqdim etsə də, həmin rəy iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı mövcud olmamışdır, buna görə də komissiyanın iddiaçının çəkdiyi rəsmi qiymətləndirərkən məhz həmin mövqedən çıxış edib etməməsi müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının çəkdiyi rəsmi qiymətləndirən komissiya hansı meyarlara əsasən onun 5 balla qiymətləndirilməsini əsaslandırmamışdır, bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq mütəxəssis rəylərində onun çəkdiyi rəsm 5 deyil, daha yüksək balla qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli “dizayn” ixtisası üzrə keçirilmiş qabiliyyət imtahanı zamanı İddiaçı çəkdiyi rəsmin yenidən qiymətləndirilməsi və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının X6 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova