Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11808/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1969-cu il təvəllüdlüdür və 1.12.2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunmağı ilə əlaqədar iddiaçıya pensiya ödənişi 1 avqust 2017-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına əsasən iddiaçının əmək pensiyası bərpa olunmuşdur. İddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının 01 avqust 2017-ci il tarixindən 01 avqust 2021-ci il tarixinədək hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli “Əmək pensiyasının bərpa edilməsi və keçmiş dövr üzrə hesablanmış vəsait haqqında” məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun; 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü ii tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, sizə 1 dekabr 2011-ci il tarixindən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (indiki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən 28 il 1 ay 23 gün xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunmağınızla əlaqədar pensiya ödənişiniz 1 avqust 2017-ci il tarixindən dayandırılıb. Qanunun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu.Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişiniz cari ayda 873,35 (Qanunun 1 yanvar 2023-cü i! tarixindən aüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəzərə alınmaqla) manat məbləğində bərpa edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 26927,64 manat pensiya məbləğinin cari aydan etibarən hissəhissə (hər ay 747,99 manat) pensiyanızın (873,35 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2017-ci il tarixindən 01 avqust 2021-ci il tarixinədək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-d il tarixində daxili işlər orqanları sıralarından tərxis olunmuş, xx.xx.2017-ci il tarixində yenidən xidmətə qayıtmışdır. xx.xx.2011-ci il tarixində ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixindən pensiyamın ödənişi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi onun yenidən xidmətə daxil olmağı göstərilmişdir. Sonradan məlum olmuşdur ki, vaxtı ilə ona təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əslində o, yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi. O, cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2017-ci il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən mənim pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunmağı ilə əlaqədar iddiaçıya pensiya ödənişi 1 avqust 2017-ci il tarixindən dayandırılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına əsasən iddiaçının əmək pensiyası bərpa olunmuşdur. İddiaçının pensiyasının dayandırılmamalı olması işin mübahisələndirilməyən halıdır. Lakin Cavabdeh iddiaçının əmək pensiyasını “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablayaq ödəyir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı, 01 avqust 2017-ci il tarixindən 01 avqust 2021-ci il tarixinədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsinə, yəni pensiyasının dayandırıldığı tarixdən ödənilməsinə yönəlmişdir. Məhkəmə iddia tələbini əsaslı, cavabdehin imtinasının isə əsassız hesab edir. Belə ki, cavabdeh iddia tələbindən imtina məktubunda və etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilk dəfə əmək pensiyası təyin edilən şəxslərə, Qanunun 32.1-2-ci maddəsi isə pensiyanın yenidən hesablanması hüququ olan şəxslərə aiddir. Məkəmə qeyd edir ki, Qanunun 32.1-1-ci maddəsinin 1.07.2017-ci il tarixdən qüvvədə olan normasına görə, həmin tarixdən sonra ilk dəfə pensiya təyin edilməsi ilə bağlı müraciət edən şəxslərə pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi müraciət tarixindən əvvəlki üç il üzrə ödənilməsi nəzərdə tutulmuşdur. Qanunun 32.1-2-ci maddəsinin 1.01.2019-cu il tarixdən qüvvədə olan yeni redaksiyasına əsasən isə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı həmin tarixdən sonra müraciət etmiş şəxslərə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi müraciət tarixindən əvvəlki üç il üzrə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı işdə iddiaçı nə ilkin təyin olunmuş pensiya məbləğinin ödənilməsi, nədəki əvvəllər təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmış hissəsinin ödənilməsi ilə bağlı müraciət etmir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi 2017-ci il 01 iyul tarixədək pensiya hüququ yaranan, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilir (Əsas: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli kollegiyal qərardadı) . Halbuki hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciəti etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə iddiaçının əmək pensiyasının ödənişi cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq 01 avqust 2017-ci il tarixdən dayandırılmış, sonradan cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə əmək pensiyası bərpa edilmişdir. İddiaçının hazırkı müraciəti əsassız olaraq cavabdeh tərəfindən dayandırılmış pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi ilə bağlıdır. Yuxarıda sadalanan işin faktiki hallarından birmənalı şəkildə anlaşılır ki, pensiyanın dayandırılmasında iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, mübahisə üzrə cavabdeh tərəfindən istinad edilən norma hüquqların yaranmasını özündə ehtiva edir, hazırkı mübahisə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların bərpasından ibarətdir. Bu halda isə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1- 1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında da ifadə edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 1 avqust 2017-ci il tarixindən 1 avqust 2021-ci il tarixinədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov