Məhkəmə qərarları › İş №2-1(112)-1181/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1181/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1181/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X7 bağlar sahəsindəki 50 saylı kooperativ tərəfindən 13 aprel 1992-cı il tarixdə verilmiş 53 saylı orderə əsasən, İddiaçı oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-cı il tarixli 544 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 340 P saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X7 bağlar sahəsindəki 50 saylı kooperativ tərəfindən 13 aprel 1992-cı il tarixdə verilmiş 53 saylı orderə əsasən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-cı il tarixli 544 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 340 “P” saylı bağ sahəsi ayrılmışdır. Həmin orderin əsli onda mövcuddur. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışı ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-cı il tarixli 544 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 340 P saylı bağ sahəsi ayrılmasına dair order verilməsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-cı il tarixli 544 saylı qərarının 2.58-ci punktunda adı "İddiaçı" əvəzinə "X10" kimi göstərilmişdir. O, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-cı il tarixli 544 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 340 P saylı bağ sahəsi ayrılmasına dair orderin iddiaçıya, yəni xx.xx.1952-ci ildə Ağsu rayonu, Nuran kəndində anadan olmuş İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyətli faktlar kimi məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş halhazırda Nizami rayon Məhkəməsinin icraatındadır, iş üzrə yükun məhkəmə qətnaməsi qəbul edilməmişdir. O, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X7 bağlar sahəsindəki 50 saylı kooperativ tərəfindən 13 aprel 1992-cı il tarixdə verilmiş orderə əsasən, onun yəni, İddiaçı adına daşınmaz əmlakın dövlət reeystrində qeydiyyatdan keçməsi ilə bağlı Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 savlı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-11233/2023, **********33 saylı məktubu ilə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin (Ağaverdi Rəhimov) adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığından yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, təqdim edilən sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş 53 nömrəli orderdə hüquq sahibinin soyadı “Baxışov” qeyd olunsa da, həmin orderin arxiv arayışında “Baxşiyev” kimi göstərilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha, faktiki 0.1180 ha təşkil edir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış, bununla bağlı iddiaçıya **********33 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massvində yerləşən ölçüsü 0.1180 ha olan 340p saylı bağ sahəsi üzrində mülkiyyət hüququnun İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəsifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddi tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubu ilə göndərilmiş 50 saylı BTK-nın 53 nömrəli orderinin surətindən görünür ki, Azərbaycan SSR Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X7 Bağlar sahəsindəki 50 saylı kooperativinin 53 saylı orderində qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli 544 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 340p nömrəli bağ ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-3285/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 544 nömrəli sərəncamından çıxarışa əsasən X8 Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində torpaq sahəsi ayrılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1518/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri İcra hakimiyyəti aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Bakt şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 544 saylı sərəncamının çıxarışının xx.xx.1952-ci il təvəllüdlü Ağsu rayonu Nuran kəndində doğulmuş İddiaçı məxsus olması faktı müəyyən olunması qət edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubu ilə göndərilmiş Bakı Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 340p saylı bağ sahəsinin koordinatlarının və texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktınından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki 0.1180 ha-dır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A - 2 mərtəbəli bağ evi, B -1 mərtəbəli bağ evi, İ - həyət tikilisi, İİ - s/q var. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı. Torpaq sahəsinin planından görünür ki: Faktiki sahə: 1180 kv.m-dir. Bağ sahəsinin 3 tərəfi qonşu, 1 tərəfi dalandır. Torpaq sahəsinin yerləşmə koordinatları: X=413290.8160, Y=4486074.9230, Z=0.0000 X=413315.9280, Y=4486076.6090, Z=0.0000, X=413317.9414, Y=4486046.0599, Z=0.0000, X=413277.3013, Y=4486046.6949, Z= 0.0000. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********52 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasar daxili 0.1180 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evləri (1 ədəd bir mərtəbəli və 1ədəd ikimərtəbəli) və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığından yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Azərbaycan SSR Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X7 Bağlar sahəsindəki 50 saylı kooperativinin 25 saylı orderində qeyd olunmuşdur ki, X5 Bakı şəhər İcraiyyə Komitəsinin 06 iyun 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 341 j nömrəli bağ ayrılmışdır. -MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştaöa qəsəbəsində 0.1174ha torpaq sahəsində 341j nömrəli bağ evi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2008-ci ildə **********62-1301 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağın yerləşməsini və düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Həmin məktubla göndərilmiş Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “340p” saylı bağ sahəsi və ətrafında yerləşən qonşu bağ sahələrinin ortofoto görüntüsündə İddiaçı məxsus bağ sahəsinin yanında 340i, 341t, 341n, 341a, 341v, 340k nömrəli bağ sahələri əks olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********33 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığından yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, təqdim edilən sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş 53 nömrəli orderdə hüquq sahibinin soyadı “Baxışov” qeyd olunsa da, həmin orderin arxiv arayışında "Baxşıyev” kimi göstərilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərd göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli 544 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmış, Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin 53 nömrəli orderinə əsasən İddiaçı oğluna ayrılmış 340p nömrəli bağ sahəsi ölçüsü 0,12 ha ölçüdə olmaqla ayrılmışdır. Adıçəkilən 340p nömrəli bağ sahəsinə dair İddiaçı adına olan 53 nömrəli orderin bir nüsxəsi, eləcə də həmin orderin verilməsi ilə əlaqəli sənədlər (arayış, ərizə), həmçinin, Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli 544 nömrəli qərarının surəti də cavabdeh qurumun arxiv qovluğunda saxlanılır. Beləliklə, iddiaçı iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin imtina əsaslardan biri ondan ibarət olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığından yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin qeyd edilən dəlilinin bağ sahəsinə qeydiyyata alınmadan imtinaya əsas kimi qəbul etmir. Belə ki, hazırkı iş üzrə bağlar təsərrüfatlarına dair sənədlərin arxiv saxlayıcı olan cavabdeh orqan tərəfindən 50 saylı BTK-ya aid və Maştağa bağ massivinə dair bağların sxematik xəriətləri təqdim edilmişdir. Təqdim edilmiş 50 saylı BTK-ya aid sxematik xəritə 50 saylı BTK-nın yaradıldığı vaxt tərtib edilmiş xx.xx.1989-cu il tarixli bağ sahəsi ayrılmış şəxslərin adlı siyahısına (sayına) uyğun tərtib edilmiş sxematik xəritə olduğundan, iddiaçıya isə xx.xx.1992-ci ildə həmin BTK tərkibində bağ sahəsi ayrıldığından sonradan ayrılmış 340p nömrəli bağ sahəsinin ilkin sxematik xəritədə əks olunmaması mümkün və ağlabatandır. Maştağa bağ massivinə dair bağların ümumi sxematik xəritəsinə gəlincə qeyd edilməlidir ki, məhkəməyə surəti təqdim edilmiş bağ sahələrinin sxemində bağların nömrələri adi gözlə sezilməyəcək, ümumən oxunmaz şəkildədir. Digər tərəfdən, təqdim edilmiş Maştağa bağ massivinə dair ümumi bağların sxematik xəritəsi yazı şrifti və tərtibatından da onun tərtibinin 1990-cı illərdən əvvələ təsadüf etdiyi qəbul edilə bilər ki, həmin xəritədə də 1992-ci ildə 340p nömrəsi ilə ayrılmış bağ sahəsinin əks olunmaması mümkündür. Bundan əlavə, qeyd edilməlidir ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki isifadəsindədir, torpaq sahəsində fərdi yaşayış evi yerləşir, cavabdeh tərəfindən sözügedən bağ sahəsinin yerləşmə koordinatları müəyyən olunmuş, cavabdeh orqan həmin koordinatlarda yerləşən bağ torpaq sahəsinin başqa bir nömrəli bağ sahəsinə aid olması ilə bağlı dəlil irəli sürməmişdir. Eyni zamanda iddiaçının iddia etdiyi bağ sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündə 340 p nömrəli bağ sahəsi kimi göstərdiyi bağ sahəsinin qonşuluğunda 341j, 340i, 341t, 341n, 341a, 341v, 340k nömrəli bağ sahələrinin yerləşdiyi görünür. Dolayısı ilə 340 p nömrəli bağ sahəsinin cavabdeh tərəfindən qeydə alınmış bağ sahələrinin nömrə ardıcıllığına uyğun olduğu müəyyən olunur. Cavabdehin qeyd etdiyi digər dəlil-elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin digər Ağaverdi Rəhimovun adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İş üzrə müəyyən olunur ki, iddiaçının bağ sahəsinə bitişik eyni BTK tərkibində ayrılmış və MH seriyalı ******* nömrəli çıxarışa əsasən X3 adına qeydiyyata alınmış 341 j nömrəli bağ sahəsi yerləşir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-33897/2023 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdə 1200 kv.m 340 nömrəli bağ sahəsinin X3 adına kadastr planı verilmiş 341j nömrəli bağ sahəsi ilə üst-üstə düşən bir hissə öz əksini tapmışdır. Məhkəmə işin bu halını, eləcə də iddiaçının faktiki istifadəsində olan bağ sahəsinə dair hüququn qeydiyyatı ilə bağlı cavabdeh orqana ilkin müraciət etdiyini və məhkəmədə məhz faktiki istifadəsində olan 1180 kv.m ölçüdə bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi bu dəlil hazırkı halda tələb edilən ölçüdə -1180 kv.m hissədə bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatına mane hesab olunmur. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Maştağa qəsəbəsi 1180 kv.m ölçüdə 340p saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan sözügedən torpaq sahəsinin İddiaçı aid olmadığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnız belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmiş, cavabdeh tərəfindən hüququn qeydiyyatını istisna edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivi 50 saylı BTK tərkibində 1180 kv.m ölçüdə 340p saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivi 50 saylı BTK tərkibində 1180 kv.m ölçüdə 340p saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar