Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1181/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkəyə gətirilmiş **********07166 saylı sorğu nömrəsi ilə bəyan edilmiş və bütün gümrük rüsumları ödənilmiş Hyundai Sonata minik markalı qara rəngli KMHEU41AP9A715150 şassi Ban nömrəli nəqliyyat vasitəsinin idxal gömrük proseduruna uyğun olaraq rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı MMC avtomobil satışı ilə məşğul olan hüquqi şəxsdir. Qanuni yolla ölkəyə gətirilmiş Hyundai Sonata minik markalı qara rəngli KMHEU41AP9A715150 şassi Ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə AR DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********07166 saylı sorğu nömrəsi ilə bəyan edilmiş və bütün gümrük rüsumları ödənilmişdir. X6 Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Buna səbəb kimi maşının buraxılış ilinin 10 ildən çox olması və bununla bağlı AR Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı əsas gətirilmişdir. Lakin həmin nəqliyyat vasitəsi xaricdən alınarkən AR Nazirlər Kabinetinin həmin qərarı hələ qəbul edilməmişdi. Belə ki, həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Korea Respublikasından alınmışdır. Həmin ödəniş Koreada fəaliyyət göstərən və törəmə şirkət olan “Okean Trading” LTD tərəfindən həyata keçirilmişdir. “Okean Trading” LTD-yə isə şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə pul köçürülmüşdür. Qanunun vətəndaşın hüququnu yaxşılaşdırdığı halda geriyə qüvvəsi ilə bağlı gömrük əməkdaşlarına izah edilsə də, onlar bunu başa düşməmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, işin hallarından məlumdur ki, qeyd edilən nəqliyyat vasitəsinin ödənişinin əks olunduğu invoysun tarixi 23 mart 2023-cü il, bank köçürməsinin tarixi isə xx.xx.2022-ci ildir. Ümumiyyətlə, bank ödəniş sənədi ilə invoys arasında hər hansı uyğunluq (ödənişin tarixi, ödənişin təyinatı və s.) olmadığı aşkar şəkildə müəyyən olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tenderin təsdiqi haqqında sənəddən görünür ki, “Okean Trading LTD” şirkəti xx.xx.2023-cü il tarixdə keçirilmiş 641-ci hərracda 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı KMHEU41AP9A715150 ban nömrəli nəqliyyat vasitəsini almışdır. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı KMHEU41AP9A715150 ban nömrəli nəqliyyat vasitəsinin alınması üçün Koreya Respublikasında yerləşən “Okean Trading LTD” şirkətinə 3037 ABŞ dolları vəsait ödəmişdir. 2814-202303-016174 saylı avtomobil vasitəsinin ləğvi haqqında qeydiyyat sertifikatından görünür ki, 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı KMHEU41AP9A715150 ban nömrəli nəqliyyat vasitəsinin ixrac olunması gözlənildiyindən xx.xx.2023-cü il tarixdə Koreya Respublikasındakı qeydiyyatı ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli **********7166 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, iddiaçı Koreya Respublikasından ixrac etdiyi 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı KMHEU41AP9A715150 ban nömrəli nəqliyyat vasitəsini cavabdehə bəyan etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına istinad edərək, mübahisəli nəqliyyat vasitəsinin bəyan edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 94 saylı qərarından görünür ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. Qərarın 2-ci bəndinə əsasən Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Göründüyü kimi, cavabdehin istinad etdiyi qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, mübahisəli nəqliyyat vasitəsi isə xx.xx.2023-cü il tarixli tenderdə alınmaqla xx.xx.2023-cü il tarixdə ödəniş edilərək Azərbaycan Respublikasına ixrac edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Koreya Respublikasındakı qeydiyyatından çıxarılmışdır. Belə olan halda aydındır ki, nəqliyyat vasitəsi alınarkən cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarı mövcud olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" X2 “**********07166 saylı sorğu nömrəsi ilə bəyan etdiyi "Hyundai Sonata" minik markalı, KMHEU41AP9A715150 şassi Ban nömrəli nəqliyyat vasitəsinin idxal gömrük proseduruna uyğun olaraq rəsmiləşdirilməsi” barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdehin ərizənin təmin olunmaması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, inzibati orqan iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bu zaman ona istinad etmişdir ki, Cənubi Koreva Respublikasında yerləşən MMC-nin törəmə şirkəti olan “Okean Tradinq LTD”-nin hesabına “Access Bank" ASC tərəfindən verilən xx.xx.2022ci il tarixli, ******* nömrəli ödəniş tapşırığında göstərilən 83000 ABŞ dolları vəsaitin hansı məqsədlə 2022-ci il tarixində “OKEAN AVTO 2011 LLC"-nin hesabına köçürüldüyü həmin sənədinin “ödəniş təyinatı” qrafasında qeyd olunmamışdır. Məhkəmə cavabdehin bu möqeyi ilə razılaşmayaraq bildirir ki, həmin qrafada ödənişin təyinatının göstərilməməsi mübahisəli avtomobilin xx.xx.2023-cü il tarixdə keçirilmiş 641-ci hərracda alınması, ixrac məqsədilə xx.xx.2023-cü il tarixdə Koreya Respublikasındakı qeydiyyatının ləğv edilməsi faktını dəyişmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal edilmiş 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı KMHEU41AP9A715150 ban nömrəli nəqliyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1181/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1181/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver