Məhkəmə qərarları › İş №2-1(112)-11814/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11814/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11814/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (bundan sonra mətndə Səbail RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu və ailə üzvləri X1, X7 və X8 ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınmaq vəzifəsinin Səbail RPİ-nin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və ailə üzvləri X4, X13 və X14 2022-ci ildə aldığı ona məxsus ünvan 1 ünvanında yaşayırlar. Həmin evin bütün kommunalları onun adınadır. Daşınmaz əmlakının Dövlət reyestri tərəfindən verilən çıxarışı və mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də o, və ailə üzvləri həmin mənzilə qeydiyyata düşə bilmir. Çünki ondan rəsmi verilən daşınmaz əmlakın Dövlət reysteri tərəfindən verilən çıxarış tələb edilir. Həmin mənzilə dair bütün kommunal ödənişləri ödəyir. Qeyd olunanlara əsasən cavabdehə onu faktiki yaşayış yeri üzrə pasport qeydiyyatına alınmasına dair müraciət etsə də, müraciəti Səbail RPİ tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuz və məhkəmə tərəfindən bu onun konstitusion hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Səbail RPİ-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1982-ci il tarixdə Zərdab rayonunda doğulmuş İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli 47/2-Ə-15065 saylı cavab məktubunda qeyd olunmuşdur ki, onun ailə üzvləri olan X4, X13 və X8 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmanız ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi halda məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-25847/2024 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 4 ünvanında, xx.xx.2017-ci il tarixdən hazıradək ünvan 5 ünvanında. xx.xx.1963-cü X4 xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 4 ünvanında. xx.xx.2017-ci il tarixdən hazıradək ünvan 6 ünvanında, xx.xx.2006-cı il təvəllüdlü X11 xx.xx.2020-ci il tarixdən hazıradək ünvan 6 ünvanında, xx.xx.2012-ci il təvəllüdlü X13 xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 7 ünvanında, xx.xx.1987-ci il təvəllüdlü X5 xx.xx.2003-cü il tarixdən, xx.xx.2023-cü il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.2003-cü il tarixdən hazıradək ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq adı göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Sözügedən ünvanda qeydiyyatda olan X12 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat lıaqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********49 cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 50 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli, № 47/2-23507 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü X10, xx.xx.1963-cü il təvəllüdlü X4, xx.xx.2006cı il təvəllüdlü X14 və xx.xx.2014-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında mövcud qeydiyyatları yoxdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsi Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»: Bənd 3.1.10. Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun və ailə üzvləri xx.xx.1963-cü il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 ünvan 1 ünvanına pasport qeydiyyata alınması ilə bağlıdır. Lakin məhkəməyə təqdim edilmiş iddia ərizəsində “iddiaçı qismində sadəcə İddiaçı” göstərildiyindən məhkəmə hazırki iş üzrə sadəcə İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə pasport qeydiyyatına alınmasına münasibət bildirməyi zəruri hesab edir. İddianın hüquqi əsası ilə bağlı nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə iddiaçıların cavabdehin üzərinə qoyulmasını arzuladığı öhdəlik məhz özbaşına tikintiyə qeydiyyata alınması ilə bağlı olmuşdur ki, bu mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçılar sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçıların həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hal-hazırda həmin sənədləri təqdim etmək iqtidarında deyillər. Çünki, yaşadıqları ev özbaşına tikilidir, nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri mövcud deyil. Bununla da, onların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır. Digər şərt ilə bağlı isə məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mülkiyyətçisi ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmənin müvafiq sorğusuna əsasən isə müəyyən edilmişdir ki, iddiaçının pasport qeydiyyatına alınmaq iddiasında olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir və hal-hazırda isə mülkiyyətindədir. Bu konteksdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” istər cavabdeh inzibati orqana istərsə də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşayış sahəsində faktiki yaşaması, kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi, mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Məhkəmə qeyd edir ki, hazırki iddia predmetini təşkil edən əmlak üzərində iddiaçıların hüquqlarının olmaması ilə yanaşı, həmçinin əmlakın “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları baxımından fərdiləşməni təmin edən rekzvit məlumatlarının olmaması da nəzərə alınmalıdır. Belə ki, iddiaçıların qeydiyyata düşmək istədikləri əmlakın yalnız yerləşdiyi rayon və küçəsi məlumdur. Fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsi ilə bağlı isə hər hansı bir məlumat olmamış, bu isə bir mənalı olaraq qeydiyyatın aparılmasını mümkünsüz edən haldır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-938/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki; Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sorğuya cavab məktubundan aydın olur ki, iddiaçılar hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatında olduqlarından, həmin ünvandan qeydiyyatdan çıxarılmadıqları müəyyən edildiyindən, həmçinin qanunvericilikdə şəxsin faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlər olmadığı təqdirdə onun cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Bundan başqa kassasiya şikayətinin dəlili olan kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir. Beləliklə də iddiaçıların mübahisələndirilən ünvana qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda da cavabdeh tərəfindən iddiaçıların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 892/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yuxarıda sadalanmış normalarının tələblərinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlərdən birini təqdim etmiş olmalıdır. İddiaçı tərəfindən isə belə bir sənəd təqdim olunmamışdır. Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə inzibati orqan qeydiyyatın aparılmasından imtina etməkdə haqlıdır. Ona görə də, cavbadehin imtinası qanuni olmuşdur. İddiaçıların barışıq sazişini təsdiq edən məhkəmə qərarına əsasən sözügedən ünvanda yerləşən evi inşa etməklə uzun müddətdir orada yaşadıqları ilə bağlı dəlillə əlaqədar olaraq isə kollegiya qeyd edir ki, bu halın özü də pasport qeydiyyatına alınma tələbini təmin etməyə imkan vermir. İddiaçılar sözügedən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olduqdan sonra həmin ünvana pasport qeydiyyatına alınma tələbini yeni əsasla qaldıra bilərlər. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçıların, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar