Məhkəmə qərarları › İş №2-1(112)-11815/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11815/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11815/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirilməsinə dair əmək pensiyasının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “nəvələri xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 atalarından onlara çatası ailə başçısının itirilməsinə dair əmək pensiyasının ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 ilə keçmiş həyat yoldaşı X10 arasında bağlanmış nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-428/2011 saylı iş üzrə çıxardığı xx.xx.2011 -ci il tarixli qətnaməsinə əsasən pozulmuş və övladları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X12 analarının himayəsində saxlanılmışdır. Nəvələri dayısı və anası tərəfindən işgəncələrə məruz qaldıqlarından oğlu uşaqların atanın himayəsinə verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6528/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nəvələri xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X12 ataları X13 himayəsinə verilmişdir. Həmin vaxtdan uşaqlar onlarla eyni ünvanda yaşamış, ataları onlara lazımi qayğını göstərmiş, maddi və mənəvi bütün xərclərini birlikdə qarşılamışdır. Nəvələrinin təhsilli, sağlam, əxlaqlı və vətənpərvər mühitdə böyümələrinə birgə məsuliyyət daşımışlar. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin dövrdən bu günədək nəvələri hələ də onun himayəsində qalır və onların bütün xərclərini özü qarşılamağa davam edir. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən ailə başçısının itirilməsinə görə əmək pensiyası nəzərdə tutulmuşdur. Belə ki, vəfat etmiş ailə başçısının uşaqlarının - 18 yaşına çatmamış ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-1-ci maddəsinə əsasən şərti əmək pensiyası - ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləğidir. Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Hazırkı tələbi yalnız uşaqların mənafeyi üçün nəzərdə tutulmuşdur. Nəvələri ilkin məhkəmə qərarına əsasən analarının himayələrinə verildiyi dövrlərdə bir neçə dəfə ağır infeksion xəstəlikdən müalicə almışlar. Belə ki, anaları onlara lazımi diqqət yetirməmiş, onları təhsilindən yayındırmışdır. Nəvələrinin anası və dayısı tərəfindən işgəncələrə məruz qaldıqlarını öyrənmişdir. Məhkəmə bütün bu halları nəzərə alaraq nəvələrini oğlunun himayəsinə vermişdir. Hazırda uşaqların anası mərhum atalarından uşaqlara çatacaq pensiyadan xəbər tutduğu üçün uşaqları öz himayəsinə almaq istəyir. Uşaqlar artıq öz seçimlərini və fikirlərini bildirəcək yaşda olduqlarından bu barədə onların da fikirləri nəzərə alınır və özləri də onların yanında qalmaq istəyirlər. Ona “ana” deyə xitab edirlər. Bundan başqa, nəvələrinin anasına qarşı valideynlik hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (Bakı şəhəri Xətai rayon Məhkəməsi № 2(011)-269/2023). Qızların əsl Azərbaycanlı ənənələrinə və mədəniyyətinə uyğun, savadlı, dünyagörüşü zəngin böyümələri üçün onun yanında qalmaları zəruridir. Bununla bağlı hazırda məhkəmə işlərində qəyyumluq məsələləri üzrə araşdırmalar gedir. Nəvələri üçün atalarından onlara çatası ailə başçısının itirilməsinə dair əmək pensiyasının alınmasına dair cavabdehə rəsmi qaydada dəfələrlə müraciət etmişdir. Cavabdeh ilkin olaraq bir neçə sənədlərin təqdim olunması tələb etmiş, həmin sənədlər təqdim olunduqdan sonra uşaqların qəyyumu olmağına dair sənəd tələb etmişdir. Qəyyumluq məsələsi ilə bağlı işlər məhkəmədə mülki icraat qaydasında baxılır və həmin işlər üzrə yekun qərar çıxarılmamışdır. Uşaqlar uzun illərdir onun yanındadırlar və onunla birlikdə yaşamalarına dair müvafiq arayışları da cavabdehə təqdim etmişdir. Mərhum oğlu vəfat etdikdən bu günədək nəvələri onun və bibilərinin (X7) himayəsindədirlər. Onların əsl Azərbaycanlı ənənələrinə və mədəniyyətinə uyğun, savadlı, dünyagörüşü zəngin böyümələri üçün əlindən gələn bütün addımları atır. Hal-hazırda maddi çətinliyi yaranıb və uşaqların təlabatlarını qarşılamaqda çətinlik çəkir. Mərhum atalarından uşaqlara çatacaq pulun (əmək haqqı pensiyası) uşaqların adına kart hesabı açılaraq həmin karta ödənilməsi təmin olunmalıdır. Həmin məbləğ və hazırkı tələbi yalnız uşaqların mənafeyi üçün nəzərdə tutulur. Müraciətinə dair cavabdehin verdiyi imtina əsassız və qanunsuzdur. Bu mübahisənin həlli yalnız məhkəmə qaydasında mümkündür və uşaqların haqqı olan atalarından onlara qalan ailə başçısının itirilməsinə dair pensiyanın ödənilməsi üçün inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması zəruridir. Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında” Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Beləliklə, onun iddia tələbi tam qanuni və əsaslıdır. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək atalarından onlara çatası ailə başçısının itirilməsinə dair əmək pensiyasının uşaqların adlarına kart hesabı açılaraq həmin karta ödənilməsi zəruridir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir:

1. iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması;

2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması;

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi;

4. qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması;

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi;

6. prosessual həmiştirakçılığın yol verilənliyi;

7. tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-14-1/2-H-132558/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı qəyyum kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması məsələsinə Zümrüd Hüseynzadə və Firuzə Hüseynzadənin (nəvələri üzərində) qəyyum olması ilə bağlı məhkəmə qərarı Mərkəzi Filiala təqdim olunduqda baxılacağı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı inzibati orqana müraciət edərkən qanunvericiliyin tələblərinə riayət etməmiş, inzibati icraat üçün tələb olunan sənədləri təqdim etməmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab ediiir. Qeyd olunanlara əsasən iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. AZ-İİ seriyalı 005865 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X10, atası – X14). AZ-İİ seriyalı 214310 saylı xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X10, atası – X14). 146 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 67 saylı xx.xx.2023cü il tarixli və 09 saylı xx.xx.2023-cü il tarixli arayışlara əsasən X11 və X12 xx.xx.2019-cu il tarixdən həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6528/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X11 ataları X13 yanında qalması qərara alınmışdır. AZ-İİ seriyalı 179557 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-H-132554 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 və X3 qəyyum kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciəti daxil olmuşdur. Qəyyum kımı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması məsələsinə X4 və X3 qəyyum olmağı ilə bağlı məhkəmə qərarı Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinə dair subyektiv hüququnu (qanuni nümayəndə olmağını) təsdiq edən sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Subyektiv hüququ təsdiq edən sənədlərin təqdim edilməməsi iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:https://eqanun.az/framework/11566 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsindən: 139.0. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər: 139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq; ... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı nəvələri olan X5 və X6 valideyni və ya himayəçisi deyil, belə olan halda iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilən hallarla bağlı iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilərək, yalnız X5 və X6 himayəçisi təyin edildikdən sonra cavabdehə müvafiq tələblə müraciət etməli olduğu izah edilmiş, lakin, iddiaçı iddia tələbini müdafiə etmişdir. Hazırki halda, iddiaçı öz hüquqi marağını (subyektiv hüququnu) əsaslandıra bilməmişdir, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar